Təhsil

“Məktəblərdə psixoloji xidmət formaldır”

Azərbaycan Respublikasının Təhsil Qanununun 40-cı maddəsinə əsasən, “Təhsil müəssisələrində dövlət-psixoloji xidməti fəaliyyət göstərməli və psixoloji xidmət psixoloq tərəfinən həyata keçirilməlidir”.

Bəs görəsən,  məktəblərdə psixoloqlar fəaliyyət  göstərirmi? Valideynlər və şagirdlər psixoloqların fəaliyyətindən nə dərəcədə razıdırlar? Suallarımıza cavab axtarmaq üçün şagirdlərə və valideynlərə üz tutduq.

Zərifə Əliyeva adına məktəbin 8-ci sinif şagirdi Günay Babayeva məktəblərində psixoloqun olduğunu bildirir. Problemləri olan şagirdlərin psixoloqa müraciət etdiyini bildirən Günay deyir ki, psixoloq da gündəlik olaraq əyani şəkildə şagirdlərlə iş aparır.

Günay Babayeva:

Bəzi testlər keçirilib uşaqların səviyyəsini ölçür ki, bəzi problemlər varsa əgər həll etmək üçün. Bizə test keçirilmişdi uşaqların hansı problemləri var və bəzi problemli uşaqları qrup şəklində yığıb onlarla diskussiya aparırdı.

Bibiheybət qəsəbəsinin sakini  Bəxtiyarova Səidənin valideyni isə qızının təhsil aldığı 50 nömrəli orta məktəbdə psixoloqun olmamasından şikayətlənir. Deyir ki, hazırda qızı 10-cu sinifdə təhsil alır, amma bugünə qədər psixoloq bir dəfə də olsun onun  sinfinə baş çəkməyib.

Valideyn:

Otağı var amma özləri yoxdur. Heç bir valideynlərə müraciət edirlər ki, uşaqlarınızla məşğul olun. Başqa heç bir şey yoxdu yəni ki elə bir şey.

Adının çəkilməsini istəməyən Yasamal rayon 225 saylı orta məktəbin müəlliməsi isə deyilənlərlə razılaşmır və bildirir ki,  şagirdlər rahat şəkildə  məktəbdəki psixoloqların məsləhətlərindən faydalanırlar.

Müəllimə:

Mən şəxsən 6–cı sinfin sinif rəhbəriyəm. Psixoloqlar şagirdlərlə yaxşı iş aparırlar. Dərslərdə otururlar, tez-tez onlarla hara getməyilə nəylə məşğul olmağı ilə maraqlanırlar. Şəxsən mənim sinfimdə bir uşaq var idi. O, psixoloq özü məsləhət elədi ki, gəlsin bizimlə danışsın ətraflı.

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 216 saylı orta məktəbin psixoloqu  Elnur Bayramov yuxarı siniflərdən fərqli olaraq birinci siniflərdə məktəbə adaptasiya problemi ilə  bağlı valideynlərin az da olsa onlara müraciət etdiklərini bildirir. Psixoloq onu da əlavə edir ki, onlar həmçinin yuxarı sinif şagirdləri ilə də mütəmadi olaraq söhbətlər aparırlar.

Elnur Bayramov:

Aşağı siniflərdə xüsusi testlər aparırıq. Uşaqların adətən problemləri, məsələn,  o istəyi ilə özünün daxili gücü o sahəyə meyillilik baxımından üst-üstdə düşməməsi. Birinci siniflə adətən apardığımız praktika onların, məsələn, Kerin  Yerasekin (məktəb yetkinlik testi) var. İlk öncə biz o testdi eləyirik. Və onların ilkin məktəbə baxışı, məktəbə münasibətini öyrənirik.   

Təhsil eksperti  Nadir İsrafilov isə 90-ci illərdən başlayaraq məktəblərə psixologiya sahəsi üzrə ştatlar verildiyini, lakin buna baxmayaraq hələ də bir çox məktəbin psixoloqla təmin edilmədiyini bildirir. Bu səbəbdən də digər fənn müəllimlərinin kurslar keçərək məktəblərdə psixoloq kimi fəaliyyət göstərdiyini deyən  ekspert onu da əlavə edir ki, bu kimi hallar keyfiyyətə mənfi təsir göstərir.

Nadir İsrafilov:

Məktəblərdə olmuşuq, psixoloji xidmətin vəziyyətini yoxlamışıq. O psixoloqların işi ilə tanış olmuşuq. Yəni belə bir praktik iş, bu şagirdin psixologiyasına təsir eliyən, valideynlə əlaqəli iş belə şeylər yoxdur. Məktəblərdə psixoloji xidmət var, amma bu formal xarakter daşıyır.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Bakı şəhərinin bütün məktəblərində psixoloq ştatının olduğunu qeyd edir. Psixoloqların Təhsil İdarəsi tərəfindən təşkil olunan treninq- seminarlarda peşəkarlıq səviyyələrini artırmaq  məqsədilə iştirak etdiklərini bildirsə də, şöbə müdiri bu sahədə bəzi problemlərin hələ də qaldığını inkar etmir.

Zəminə Əliqızı:

Hal-hazırda ölkədə psixoloji xidmət istənilən səviyyədə deyil. Peşəkar psixoloqların hazırlanması istiqamətində çox ciddi işlər görülməlidir. Psixoloji xidmət mövzusunda xüsusi maarifləndirmə işləri aparılmalıdır. Əlbəttə ki, etiraf etmək lazımdır ki, bu sahə ilə məşğul olan peşəkar mütəxəssislərimizin sayı yetərincə deyil.

Öncəki xəbərNövbəti xəbər

Şərhlər