Təhsil

Məktəbli çantası yoxsa dəyirman daşı?

Ağırlığı bəzən 5-6 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları ağır yükə çevrilib. 158 saylı orta məktəbin ikinci sinif şagirdi  Nəzrin Pirişovanın çantasını atası daşıyır çünki…

Nəzrin:

–      Atam deyir ki, belin əyilər də qoy çatanı  mən gətirim. Bəzən müəlliməm deyir ki, sumkan dəyirman daşı kimidir.

Uşaqları ikinci  sinifdə oxuyan Aida xanım, məktəbli çantalarının ağır olmasının səbəbini dərs vəsaitlərinin çox olması ilə izah etdi.

Aida xanım:

–       Çanta ağırdı sözsüz ağırdı. Çünki hər bir fəndən dərslik, iş dəftəri, qiymətləndirmə və dəftər. Dördü də vursan dörd dərsə təbii ki, çox ağır olur. Hər  gün mən onun belinə taxanda çantasını özüm güclə qaldırıram yerdən.

Mövzu ilə bağlı fikirlərini bölüşən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, dərs kitabları və iş dəftərləri ən yüngül kağızdan tərtib olunmalıdır:

Əjdər Ağayev:

–       Dərslikləri nəşr edirlər çox ağır kağızlardan. Bir sıra ölkələrdə dərsliklər ən yüngül kağızda, keyfiyyətli kağızda çap olunur. Dərslik bu gün beş ildən bir dəyişilir. Onun ağır cildlərlə çapına ehtiyac yoxdur. Kitabı nəşr edən nəşriyyatlar elə bilirlər ki, ağır kağızda möhkəm kartonda çap etməklə bunlar qabağa, önə çıxa bilərlər əslində mahiyyətcə uşaqlara ziyan vurur.

Həkim-ortoped Əfqan Cəfərovun sözlərinə görə, çantanın çəkisinin ağır olması uşaqlarda skolioz yaranmasına gətirib çıxarır. Bu, onurğa sümüyünün yana doğru əyilməsidir. Hesablamalara görə, çantanın çəkisi uşağın çəkisinin 14-15 %- ni keçməməlidir

Əfqan Cəfərov:

–      Skoliozun ən çox yaranma dövrü 11-12 yaşından sonradı. 11-12 yaşından sonrakı skoliozlar daha çox idiopatik skolioz dediyimiz çox diqqətli olunması gərəkən skoliozlardı. Bəzən burada həkimin belə bir şey varsa təqib etməsi gərəkir. Və bu təqib sırasında gərəkirsə fizioterapiya və fiziki məşqlər verməlidir.

158 Saylı orta məktəbin  ibtidai sinif müəlliməsi Məfkurə Qurbanova çantaların ağırlığının səbəbini hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs lavazimatlarının da daşınmasında görür. Müəllimə bildirir ki, bütün fənlərin iş dəftəri var ona görə də, çanta ağır olur.

Məfkurə Qurbanova:

–      Sovet dövründə iş dəftəri yox idi birdənə 12 vərəqli dəftər qoyurdu birdə kitab. O dövrün uşaqları bəyəm savadsız idilər , qaydası  ilə oxuyurdular. Bunlar indi  heç nə eləmək istəmirlər ee.. o qədər kitab, dəftər çoxdu deyə hamısından məhrum olurlar.

Əjdər Ağayev məsələ ilə bağlı onu da qeyd edir ki, optimal variant tapmaq mümkündür.

Əjdər Ağayev:

–      Uşaqlar  oxu və yazı üçün lazım olan konkret vəsaitlərdən istifadə eləməlidirlər. Daha qalan şeylər gətirilməməlidir və həm də məktəbdə bunlar o qədər öyrədilməlidir ki, hazırlanmalıdır ki, ailəyə gedəndə ev tapşırıqlarını icra eləməklə kifayətlənsinlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə isə fərqli fikirdədir.  Onun sözlərinə görə, məktəbli çantalarının ağır olmasının günahı valideynlərdədir.

Bayram Hüseynzadə:

–      Təəssüf  ki, bəzən valideynlər övladları üçün böyük çantalar alırlar, bənzən valideynlər dəmir su qablarında, ərzaq qablarında qidalar qoyurlar bütün bunların hamısı şagirdlərə zərər eləyə bilər. Söhbət əgər dərsliklərdən gedirsə, dərs vəsaitlərindən gedirsə, iş dəftərlərindən gedirsə bunu biz dəfələrlə müzakirə eləmişik mütəxəsislər tərəfindən. Məlumat üçün sizə bildirim ki, orta məktəbin ən kiçik sinifi, lap birinci sinifin onların ümumi çəkisi hər bir kitab təxminən 160 qram götürsək ümumilikdə heç iki kiloqram eləmir, iş dəftərləri ilə birlikdə nəzərə alsaq.

Ekspertlərə görə, çantalar kürəkdə və çiyinlərdə ağrıya səbəb olmayacaq çəkidə olmalıdır. Valideynlər övladlarına çanta seçərkən daha dəbdəbəli, tikilişi zamanı daha ağır materiallar istifadə edilmiş çantalar almamalıdır.

 

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.