“Evimizə gedən yolun hər iki tərəfində 4 ət dükanı var idi. Mən hər gün dərsdən qayıdarkən səhər orada bağlı gördüyüm inəklərin asılmış cəsədləri, soyulmuş dəriləri, kəsilmiş başları ilə qarşılaşırdım. Psixoloji cəhətdən bu gördüklərim mənə pis təsir edirdi və mən artıq bunun səbəbkarlarından biri olmaq istəmədim”.
Bu fikirlərin müəllifi, 21 yaşlı Yeganə İbadlı 4 il əvvəl vegetarian olmağa qərar verib. Şəhərimizdə vegetarianlara xüsusi menyu təklif edən restoranlar az olduğu üçün yemək sifariş verərkən tez-tez problem yaşadığını deyən Yeganənin valideynlərinin bu qərarına münasibəti heç də birmənalı olmayıb:
“Milli mətbəximizin əsasını ətdən hazırlanmış yeməklər təşkil edir. Üstəlik, atamgil Qarabağlı olduğu üçün əvvəllər maldarlıqla məşğul olublar. Çoxlu qoyun sürüləri olub və onlar həmişə ətlə qidalanıblar, buna görə də atam vegetarian olmağımı qəbul etmək istəmirdi. Anam da atamla eyni fikirdə idi. İndi artıq öyrəşiblər. Daha əvvəlki kimi israr etmirlər”.
Vegetarianlığa başlayandan sonra səhhətində bir sıra dəyişikliklər baş verən Yeganənin yaddaşı zəiflədiyindən bəzi şeyləri xatırlamaqda çətinlik çəkib. Nadir hallarda qrip olmasına baxmayaraq, yay fəslində 3-4 dəfə qrip olduğunu deyən Yeganənin orqanizmi daha sonra bu vəziyyətə öyrəşib. Əvvəllər mövcud olan yuxusuzluq problemi isə ət və ət məhsullarından imtina etdikdən sonra tamamilə aradan qalxıb.
Həkim-dietoloq Fuad Məcidov insan orqanizmində ət məhsulları və proteinlərin amin turşularının sintezi üçün vacib olduğunu söyləyir:
“Dünya alimləri sübut ediblər ki, vegetarianların şəkərli diabet, ürək-damar sistemi, insult kimi xəstəliklərə tutulma ehtimalı çox azdır və ya heç tutulmurlar. Qırmızı ətin tərkibində hem adlanan xüsusi bir maddə var. Hemin tərkibi dəmir və oksigendən ibarətdir ki, bu da ürək-damar sistemi xəstəliklərinə, insulta, şəkərli diabetə və yüksək təzyiqə səbəb olur. Amma bu o demək deyildir ki, insanlar qırmızı ətdən istifadə etməməlidir. Həftədə və ya on gündə bir dəfə ət yemək kifayətdir. Eyni zamanda ət və ət məhsulları beynin normal fəaliyyəti, mərkəzi sinir sistemi və güclü yaddaş üçün çox vacibdir”.
Qida rasionuna meyvə və tərəvəzdən əlavə paxlalı bitkilər, göbələk, göyərti, xəmir xörəkləri, makaron, düyü kimi ərzaqlar əlavə edən Yeganə, qış fəslinin bu baxımdan onun üçün çətin keçdiyini deyir:
“Meyvə-tərəvəz nə təbii olur, nə də ki, ucuz. Biz həyət evində yaşayırıq. Büdcəmizə qənaət etmək üçün bağımızda bibər, pomidor, badımcan, nanə, yarpız, gicitkən yetişdirirəm. Bitki çaylarını çox sevdiyimdən nanəli çay dəmləyib, yarpızlı ayran hazırlayıram. Gicitkəndən hazırladığım qutab isə çox dadlı olur. Bu yaxınlarda kök əkməyi planlaşdırıram”.
Vegetarianlara pəhriz hazırlayarkən orqanizmdə baş verən hormonal proseslər , qanda şəkərin miqdarı, insulin dirənci(rezistensiya) və s. nəzərə alınmasını vurğulayan dietolq ət məhsullarını əvəzləyəcək alternativləri belə açıqlayır:
“Ət və ət məhsullarını lobya, mərcimək, qarabaşaq, yumurta, göbələk kimi məhsullarla, maddələr mübadiləsinə, mədə-bağırsaq sisteminin fəaliyyətinə, sümüklərin inkişafına müsbət təsir edən dəniz məhsullarını isə pomidor, badımcan, brokoli, kələm, yunan qabağı (kabaçok) kimi tərəvəzlər və meyvələrlə əvəz etmək mümkündür”.
Vegetarianlığın xüsusi hazırlıq tələb edən bir proses olduğunu bildirən həkim-psixiatr Orxan Fərəcli bu tip qərarlar alarkən dəfələrlə araşdırmaq, dəfələrlə müzakirələr etmək üçün klubların, forumların var olduğunu deyir . Onun fikrincə, xüsusi bir hazırlıq mərhələsindən keçən və bu səbəbdən ciddi bir problem yaşamayan vegetarianların əksinə, qəfildən vegetarian olmağa qərar verən insanlar adaptasiya zamanı müəyyən sıxıntılar yaşayırlar:
“Vegetarianlarda ət və ət məhsullarından imtinadan dolayı ilk başlarda depressiya, halsızlıq, özunəqapanma, yuxusuzluq, qarabasma, təşviş, həyəcan kimi hallar özünü göstərə bilər. Bu zaman müəyyən dərman preparatlarından istifadə etməklə və yuxu gigiyenası tətbiq etməklə bu problemləri aradan qaldırmaq mümkündür. Əlbəttə ki, dərman preparatları təyin edilərkən bütün xəstəliklərdə olduğu kimi yaş, cins, paralel xəstəliklərin olub-olmaması və s. nəzərə alınır”.
Qeyd edək ki, psixiatr sağlam məntiqə əsaslanaraq özünün intellekti, dünyagörüşü hesabına edilən pəhrizin sağlamlığa ciddi təsiri yoxdursa, bunu normal qarşılamaq, hörmət etmək lazım olduğunu bildirir. Onun sözlərinə görə, əgər şəxs ətdən imtinanın onun sağlamlığına mənfi təsirlərinin olduğunu bildiyi halda belə davam edirsə, bu zaman qohumları və peşəkarlar tərəfindən tibbi baxımdan təzyiqlər göstərmək olar.
Kişi Magazine
3 şərh