Bloq, P.S, ZZ-Manşet

“Mən əsgər olmayacağam” - Bloq

elcan salmanqiziMüharibə görməmiş və bunun əziyyətini çəkməmiş adam üçün bu haqda danışmaq və yazmaq yəqin ki, daha asandır. Açığı müharibə həqiqəti nə qədər dərk edilən olsa da, bir o qədər qəbuledilməz gəlir adama. Bunun çətinliyini yaşamaq bir tərəfə, neçə nəsil bunun psixoloji travmasını da çəkməli olur.

1988-89-cu illərdə Qərbi Azərbaycandan gəlmiş ailələr artıq 1993-94-cü illərə kimi rahata və sakitliyə qovuşmuş, uzaqgörən olanlar didərginlik taleyi ilə barışmış, hisslərinə uduzanlar dünyasını dəyişmişdilər. 93-94-cü illərdə Qarabağdan gəlmiş uşaqlarla birinci sinfə başlayanda tanış olduq, ona kimi ətrafımda olanlar müharibə görməmiş, sürgün yaşamamış bəxtəvər nəslin nümayəndələri idi. Yeni dostların daha çox qorunmaq ehtiyaclarını, tək qalmaqdan qorxmaq, dava-dalaşa qarışmamaqlarının səbəblərini mən çox sonradan xatırladım və anladım.

Dədəm (oxuduğum məktəbin dərs hissə müdiri idi – red.müəllif) tez-tez sinif otaqlarında vətənpərvərlik mövzularında söhbət aparırdı. Anidən içəri girir, qısa məlumat və ya tarixi hadisə danışır, gedirdi. Xüsusilə, əlamətdar günlərdə. Gəncənin 1994-1997-ci illərində hərbi hissələrə yaxın yerlərdə yaşayanlar bilir, yerli və yaralı camaatın əsgərlərə necə kömək etdiklərini, müharibəni unutmayan insanların psixologiyasını, hamı müharibəyə və döyüşə hazır vəziyyətdə olmağa çalışırdı. Tarixini dəqiq xatırlamadığım o günlərdən birində o yenə həm mənəvi, həm də peşə borcunu yerinə yetirmək üçün sinfimizə gəldi. Bu söhbət xüsusilə oğlanları ruhlandırmağa hesablanmışdı. Amma hesablanmamış nəticə də vardı – atası və anası müəllim olan, Qarabağdan gələn, müharibə görmüş sinif yoldaşımızın “Mən əsgər olmayacağam” deməsi. Bu cümlə mənim üçün elə də ciddi məna ifadə etməzdi, əgər sərt, vətənpərvər və dünyagörmüş adamın üzündə əvvəllər heç görmədiyim ifadəni görməsəydim.

Sonralar günahsız valideynləri onun bu hərəkətinə görə ictimai formada qınanmışdılar. Onda nə qədər layiqli cəza aldıqlarını düşünürdüm, üzərindən illər keçib, həyat uğrundakı müharibənin, vətən uğrundakı müharibədən heç də daha amanlı, daha asan olmadığını, amma müharibədən əziyyət çəkən insanların ömürlük yaralı olduğunu anlayana kimi. Adını çəkmək istəmədiyim o dost, bu gün iki kitab müəllifi, tanınmış bloqqer, üstəlik “vətənpərvər” məfhumunun fövqündə vətəndaşdır. Mən onu bloqundakı yazıda bu sətirləri oxuyanda daha yaxşı anlamış, dədəmin onun bu yazılarını oxuya biləcək qədər yaşamasını arzulamışdım.

“Anamın səsini təkrar eşitdim.

-Allah bu dığa köpəkuşağına nəhlət eləsin!!

Elə bu qarmaqarışıq səslərin içində də yuxuya getdim. Bu səslər həmin gecədən sonra başımıza gələcəklərin başlanğıcı idi bəlkə də. Həmin vaxt cəmi dörd yaşım vardı. Müharibənin nə demək olduğunu hələ bilmirdim, dərk eləmirdim. Topun, raketin, bombanın nə olduğunu da… Amma həmin gecədən çox keçəcək, günlər, aylar, illər ötəcək və müharibənin nə olduğu bütün əzab əziyyətləri ilə bərabər mənim beynimə, yaddaşıma, adamı xatırlayarkən titrəməyə, ağlamağa, əzab çəkməyə vadar edən şüurumun hansı qatıdırsa, bax oraya qətrə-qətrə hopacaqdı. Mən müharibənin nə olduğunu, nələrə səbəb olduğunu biləcəkdim. Ayda bir neçə dəfə evimizin yanından keçən, yolun kənarında dayanıb tamaşa etdiyimiz Milli Ordunun əsgərlərinin addım səsləri heç vaxt yadımdan çıxmayacaq, hər dəfə idman dərsində addımlamaqdan məhz bu xatirəyə görə imtina edəcəkdim. Xaki rəngi heç sevməyəcək, bu rəngdə paltar geyən uşaqlarla dalaşacaqdım. “Dava-dava” oynamayacaq, oynamaq üçün özümə oyuncaq silah düzəltməyəcəkdim. Qaçmaq istəyəcəkdim. Müharibədən uzaqlara… Çox uzaqlara…

Günah öləndədir, yoxsa öldürəndə? Güc kimin əlindədir? Kim nəyə sahib olmaq istəyir? İnsana yatacağı qədər torpaq yetmirmi? Dünyada nə tənha qadın, oğulsuz ana, yaralı uşaq üçün keçərli səbəb ola bilər?Aramızda həyatı bu sualların cavabı olacaq çox adam var. Bu qədər “yaralı” bizə bəsdir. Bizim yeni yaralılarla yaşamaq lüksümüz yoxdur. Kiminsə taleyində və ruhunda yara açmaq imkanımız və istəyimiz də olmasın. Bəzən bir ömür düşmən qalmağın hökmünü keçmiş verir. Amma bu hökmü tarix kitablarına həbs etməyin vaxtı gəlib, keçir. Ya da təltiflər, pullar, evlərlə “yara sarımağı” öyrənəcəyik. Mən isə xalqıma belə səadət arzulamaram. Ağrısız, yarasız, işıqlı xatirələri olan nəsillər istəyirik.

Müəllif: Elcan SALMANQIZI


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.