GSR fm, Təmas Xətti, ZZ-Manşet

Ofeliya Sənani: “Mən onu ağlaya-ağlaya oynamışam”

Onunla planlaşdırdığımız kimi saat 12-00-da Səməd Vurğun bağında görüşürük. O,  mülayim siması və heç dəyişilməyən, onu Azərbaycana tanıdan səsilə bizi salamlayır. “Təmas Xətti”nin bu dəfəki qonağı xalq artisti Ofeliya Sənanidir. Adətimiz üzrə söhbətimizə Ofeliya xanımın uşaqlığından başlayırıq:

Özünüz də qeyd etmisiniz ki, uşaqlıq illəriniz müharibəyə təsadüf edib. O illəri ağrı-acı ilə xatırlamısınız. Bəs xatırlayanda sizə xoş təsir edəcək xatirələriniz hansılardır?

– Heç uşaqlığım xoş keçib ki, xoş da xatirəm olsun?! Atam müharibədən gec gəldi. O qayıdanda artıq mənim beş yaşım var idi. Çörəklər talonla olan vaxtı bir dəfə anam məni çörək almağa göndərdi. Mən də əlimdə talon çörək dükanına getdim. Çox uzun növbə var idi, mənim də növbəm ən axırda idi. Sıramı gözləyirdim. Növbə mənə çatanda kimsə talonu əlimdən alıb qaçdı. Məəttəl qalmışdım. Axı bunu necə qaçırtmaq olar?!  Hərənin bir payı var. Əlimdən heç nə gəlmirdi, məni ağlamaq tutmuşdu. Evə də gedə bilmirdim. Axşama qədər qorxumdan orada qalmışdım. Anam da körpəli idi, arxamca gələ bilmirdi. Sonra körpəni  yatızdırıb arxamca gəlmişdi. Anama danışdım, anam çox pis oldu.  Bizim də o vaxt indiki  Akademik Milli Dram Teatrının yerində həyət evimiz var idi, əmilərim də orada qalırdı. Onlar gəlib təsəlli verdilər ki, darıxmayın, hərəmiz bir tikə öz payımızdan verərik. Yəni, demək istəyirəm ki, bir parça çörək üçün görün nə boyda əziyyət çəkdim. İndiyə qədər də hər çörəyə baxanda o talon yadıma düşür. İndi bəzi adamlar həyatından, bahalıqdan şikayət edir. Deyirəm heyif ki, sən müharibə illərində doğulmamısan, o acı günlərin təsirini görməmisən. Bir parça çörək tapdınız, min şükür edin.

foto9

4-cü sinifdən sizin radioya meyliniz olub. Bu həvəs, istək haradan yaranmışdı?

– İndi də radioda işləmək istəyərəm, heç tənbəllik etmərəm. Bəlkə də xəstəliyim keçərdi, canlanardım. Çünki radio elədir ki, aparıcı həm orada rejissordur, həm də redaktordur. Sən oradan öz səhvlərini də tuta bilirsən və mətni necə oxuyacağını da müəyyənləşdirirsən. Mənim hər zaman radioya marağım olub, həmişə Züleyxa xanıma, Fatma xanıma, Sevda xanıma , Gültəkin xanıma qulaq asmışam. Gültəkin xanım mənim müəlliməm olub. Radioya çox meyil salmışdım. Mənə elə gəlirdi ki, diktorlar heç nəfəs almır, sanki onlar avtomatdır, insan deyillər. Özüm gecə-gündüz demədən qulaq asırdım. Elə balacalıqdan anama deyirdim ki, sən də qulaq as, gör nə gözəl danışırlar. Soruşurdum ki, bəs onlar nəfəs almır? Nə əcəb onlar heç vaxt çaşmırlar? Anam da deyirdi ki, sən dərslərinlə məşğul ol. Anam bu suallarıma çox vaxt cavab vermirdi.

Radioya gəlməyiniz necə oldu? İstərdim  xatirələrinizi  bizimlə də bölüşəsiniz.

– 10-cu sinifdə oxuyanda bir elan eşitdim. Radioda “Pioner şeypuru”ndan tutmuş kənd təsərrüfatı haqqında olan proqramlara qədər çoxlu verilişlər var idi, aparıcı da az idi. Radioya aparıcı lazım idi. Mən o elanı eşidəndə biganə qalmadım. Evdə də heç kim razı olmadığına görə, onlara deməmişdim. Məktəbdən saat ikidə çıxıb radioya getdim. Onda da radioda böyük bir otaq  var idi. Radionun sədri, bütün reaksiyalar həmin şüşəbəndvari yerdə yerləşirdi. Getdim gördüm uzun bir masa var, hamı da bir masanın ətrafında əyləşib şirin-şirin söhbətlər edirlər. Məni də Soltan Nəcəfov, Sabutay Quliyev, Ramiz Mustafayev imtahan edirdi. Bunlar mənim üçün hansı mətni gətirdilərsə, mən onu çaşmadan, vurğular yerində, udqunmadan, dayanmadan oxudum. Xəbərləri oxudum. Bədii qiraət verdilər. Onun da öhdəsindən gəldim.

“Bu elə hazır diktordur ki?!”

– Sonra mənə qəzəl verdilər, Soltan Nəcəfov qəzəl ustası idi. Qəzəli də oxudum, amma arada bir- iki yerdə dayandım. Onda sədr Teymur Elçin idi, o da mənə qulaq asırdı. Dedi : Ay Sabutay müəllim, bu elə hazır diktordur ki?! Soruşdu ki, sənin müəllimin kim olub, kim səni hazırlaşdırıb? Dedim heç kim, mən hələ məktəbdə oxuyuram. Dedilər bizə diplomlu, dünyanı tanıyan, siyasəti bilən adam lazımdır. Dedim nə olar ki, mən də tanıyacam, bu il universitetə girəcəm, söz verirəm. Soruşdular ki, hansı universiteti istəyirsən? Xarici Dillər Universitetinə qəbul olmaq istəyimi bildirdim, o vaxtlar ingilis dilini ana dilim kimi bilirdim. Dedilər, yox xarici dil olmaz. Samitləri təmiz deyə bilməyəcəksən. Dedilər ya İncəsənət Universitetinə getməlisən, ya da filologiya oxumalısan. Universitetə qəbul olmasan biz səni götürə bilmərik. Bundan sonra mənim bir yüküm də artdı. Dərsdən çıxırdım, yemək yeməmiş radioya gedirdim. İşdən başqa heç nə gözümdə deyildi. Saat ikidən axşam 10-11-ə qədər orada olurdum.

Bəs evdəkilər necə razılıq verdilər?

– Evdəkilər narazılıqlarını bildirirdilər. Atam hər gün gəlib məktəbdən radioya aparırdı. Axşam  ya anam, ya da atam gəlib götürürdülər. Məni tək buraxmırdılar. Radioda əlavə vaxtım qalanda dərslərimi edirdim. Beləliklə, mən filologiya fakultəsinə qəbul oldum. İşimlə əlaqəli olduğu üçün fakültəmdən çox məmnun idim.

foto4

“Mən elə uşaq ikən qocalmışdım”

Gənclik, tələbəlik illəriniz necə keçib?

– Mən tələbəlik illərimi hiss etmədim. Həm işimə görə, həm də ikinci kursda Validlə (həyat yoldaşı Valid Sənanini nəzərdə tutur) tanış olmuşduq. Görürdüm ki, gedib-gəlir mənim oxuyacağım materiallara baxır, redaktə edir. Deyirdim, ay Allah bu oğlan necə diqqətcildir? Sonra o mənə evlilik təklif etdi. Mən o təklifi qəbul etdim, çünki ürəyimdə ona qarşı nəsə oyanmışdı. Fikirləşdim ki, biz bir-birimizi tamamlayarıq. Mənim xoşum gəlirdi ki, qadının dayağı olan kişi savadlı olsun. Savadlı adam ailədə tamamilə başqa cür rəftar edir. Altı yaş fərqimiz var idi. Mən onun sözünə qulaq asardım, o da məni dinləməyi bacarardı. Baxmayaraq ki, 19 yaşım var idi, amma ona qarşı şıltaqlıq eləmirdim. Mən elə uşaq ikən qocalmışdım. Gənclik dövrünü keçirtməmişəm, rəfiqələrim olmayıb. Mən radioya və ailəmə qapılmışam. Ona görə də üçüncü kursdan qiyabı şöbəyə keçdim. Dördüncü kursda artıq qızım dünyaya gəldi. 9 ay keçdi, mən yenə işə çıxdım. Heç qızımın dil açmağını görmədim.

Adətən, deyirlər bir ailədə ailə başçıları ikisi də eyni peşədən olanda çətin olur. Sizdə necə, çətin olurdu yoxsa əksinə işləriniz yüngülləşirdi?

– Çox çətin olurdu. Mən gecələr yatmırdım. Axı bu mənim ailəm idi… Ailəm üçün yeməyi kim bişirəcək? Hamısını özüm edirdim. Gecə saat 12-də radiodan gələndən sonra mənim qazanım qaynayırdı. Mən həyat üzü görməmişəm. İndi geriyə baxanda deyirəm ki, bunları necə çatdırmışam? Yəni mən adam idim? Bəlkə mənim içimdə civə var idi? (gülür) Bunların hamısı sevgidən doğur. Həm ailəmə, həm sənətimə çox güclü sevgim var idi. Deyərdim ki, mən Validi daha çox sevmişəm. Çünki onun biliyinə valeh idim. Məsələn, mən yemək bişirə-bişirə qəzeti gözümün qabağına tutub oxutdurardı ki, tez bunu oxu, mənim üçün analiz et, mən soğana baxaram. Allaha and olsun, bizdə ən çox söhbətlər belə olurdu. Mən bilmirdim, hansı paltara, ayaqqabıya ehtiyacım var, onları elə işarası həll edirdim. Balaca evimiz var idi. O balaca evdə çoxlu qonaq qarşılamışıq.

“Heç nədən zövq almadan yaşayıram”

Hər zaman Valid Sənani ilə münasibətlərinizin sevgi və hörmət üzərində qurulduğundan bəhs etmisiniz. Bunun həmişə belə davam etməsində hər hansı xüsusi bir sirriniz var idimi?

– Yox heç bir sirrimiz yox idi. Orada ancaq anlayışdır. O çox mədəni insan idi. Bir dəfə də olsun deməzdi ki, vay, yeməyimiz hələ hazır deyil? Elə söhbətimiz heç vaxt olmayıb. Görürdü ki, yemək azdır, artıq bilirdi ki, yeməyi necə yemək lazımdır. Mənə kömək edirdi. Elə olurdu ki, uşaqlarla məşğul idimsə, o gedib süfrəni qəşəng bəzəyərdi. Yeməyi hətta ağzıma qoyardı. Bunları necə unuda bilərəm? Ona görə də indi həyat mənə mənasız, darısqal gəlir. Heç nədən zövq almadan yaşayıram. Bəlkə də o yaşasaydı, mən yenə qaynar qazana dönərdim.

Söhbətimizə övladlarının seçdiyi peşələr haqqında danışmaqla davam edən xalq artisti qızının bir vaxtlar onun arzuladığı ingilis dili müəlliməsi peşəsinə yiyələndiyini bildirir:

– Oğlum isə Moskvada oxuyub bitirdi. Sonralar burda Qərb Universitetini də oxudu. Moskvada aspirantura təhsilini davam etdirirdi. Orada siyasi hadisələr baş verəndə biletsiz Moskvaya uçub oğlumu oradan gətirdim. Özü gəlmək istəmirdi. Övladlarım mənim peşəmi davam etdirmək istəmədilər. Çünki onlar ana üzü görməyiblər. Onların yeməyini özüm bişirsəm də, uşaqlarımla  dayələri məşğul olurdu. Amma özüm də onların tərbiyələrinə iz qoyurdum. Radioda böyük səhnələşdirmə gedəndə mənim bir-iki saat boş vaxtım qalırdı. O arada gedib uşaqlarımı yoxlayırdım ki, görüm dayə mən evdə olmayanda da uşaqlara yaxşı baxır? Qəfildən getsəm də, hər şey qaydasında, səliqəsində olurdu.

foto8

“Mən onu ağlaya-ağlaya oynamışam”

Siz radioda 16 il çalışmısınız. Bildiyim qədəri ilə sadəcə bir veriliş üzərində işləməmisiniz hər cür veriliş aparmısınız. Bunu necə bacarırdınız?

– Aktyorlarla çox işləmişəm, səslə oynamağı onlardan öyrənmişəm. Xəbər verilişinə başqa cür hazırlaşırdım. Bədii qiraət verilişlərində isə tamamilə başqa cür məlahətli səsim olurdu. Uşaq verilişlərində isə özüm də onlarla birgə uşaqlaşırdım. Mən özümü sınamaqdan qorxmurdum. Tamaşalara, kinolara çəkilməkdən qorxmurdum. İncəsənət Universitetin bitirməmişdim, amma aktyorlardan görüb götürürdüm. Amma burada gərək sənin ürəyin, daxili aləmin olsun. Ana rolunu oynayırsansa, gərək onunla birgə ürəyin yansın. Radioda Paula Messininin əsərində gəlin obrazını oynamışam. Çox faciəvi obraz idi. Mən onu ağlaya-ağlaya oynamışam. Əli Zeynalov axırda mənə dedi ki, qızım daha belə demədik ki?! Burada onsuzda sənin göz yaşların görünmür, səsini korlama. (Gülür) Həddindən artıq həssas olmuşam.

“Verilişim yetim qaldı…”

– Bir xatirəmi də sizinlə bölüşmək istəyirəm. 90-cı illər bizim üçün çox ağır keçib. O illərdə o qanlı mənzərələri görəndə elə bilirdim infarkt olacam (səsi titrəyir). Efir üçün çox acılı günlər idi. Televiziyanı partlatdılar. Sonradan diktorlar otağı da bağlandı, bizim hərəmizi bir dərəyə atdılar. Müəllif də özümüz olmalı idik, aparıcı da. Bəzi dostlarımız işdən çıxdı. Mən kino-proqram redaksiyasını seçdim, çünki kino mənə yaxın idi. Dramaturq Firidun Ağayev var idi, mənə dedi : Ofçka, narahat olma, bir şey fikirləşərik. Dedi gəl, uşaqlar üçün veriliş hazırlayaq adını “Cırtdan kino zalı”  Adı da, ideyanı da çox bəyəndim. Yazıq 1-2 verilişdən sonra rəhmətə getdi. O da çox həssas insan idi. Həmin ərəfələrdə onu avtobusa minmək istəyəndə görmüşdüm. Avtobusa minə bilməyib daşın üstündə oturmuşdu. Yaxınlaşdım ki, kömək edim. Dedi, havam çatmır, boğuluram. Səhəri gün ürəyi partlayıb ölmüşdü. Verilişim yetim qaldı… ( Kövrəlir) Sonradan o verilişi özüm yazmağa başladım. Veriliş 10 il davam edə bildi.

foto7

Ofelya xanımın gözyaşlarının səngiməyini gözləyib onu xatirələrindən ayıran sual verirəm. Televiziyada çalışanlar deyirlər televiziya radiodan  daha çətindir. Siz necə düşünürsünüz? Televiziyada əsas çətinliklər nələr olurdu?

– 16 il radioda işləyəndən sonra televiziyaya keçəndə mənim üçün daha da çətin oldu. Radioda adam sərbəst olur. Amma sonralar televiziyanı sevdim. Çünki tamaşaçı ilə bilavasitə ünsiyyətə girirsən. Televiziya peşəsi çox çətindir. Gərək hər an verilişin içində olasan. Əvvəl-əvvəl geyimdə, saç düzümündə əziyyət çəkirdim. Sonra gördüm uzun saç televiziya üçün deyil, saçlarımı qısa kəsdirdim. Xəbərlərdə yaxası açıq paltarda çıxa bilməzdik. Yayda da uzun qol paltar geyinirdik. Onda televiziya studiyalarında kondisoner yox idi, bizdən vedrə ilə tər gedirdi, onu biruzə vermirdik. Sonralar buna da öyrəşdik.

“Səs insanın xarakterini müəyyən edir” demisiniz. Maraqlıdır səsinə qulaq asıb xarakterini müəyyən etdikləriniz çox olub?

– Bəli. Səs və xarakter ikisi də insan dünyaya gəldikdə onunla birlikdə doğulur. Əgər sən mehribansansa, o sənin səsində cilalanır, əks olunur. Səs insanın içini üzə çıxarır.

“Od vurub bu teatrı yandıraram”

Eyni zamanda çox uğurlu aktrisalıq fəaliyyətiniz olub. Bir az da bu haqda danışmağınızı istəyərdim. Bildiyim qədərilə Möhsün Sənani də sizə qarşı çıxıb.

– Mən hər sahədə özümü sınamaq istəmişəm (gülür). Rəhmətlik Tofiq Kazımov məni Validlə birlikdə yanına çağırdı. Dedi: Ay Valid, Ofeliya xanım nə qədər radioda çalışacaq? Qoy gəlsin, əvvəlcə ona bir rol verək oynasın və özünü göstərsin. Əvvəlcə mənə “Hamlet” tamaşasından Ofeliya rolunu verdi, dedi qoy bu obraz sensasiya yaratsın. Ssenarini evə gətirib oxudum, Valid mənə kinayə ilə dedi ki, rolunu əzbərlə! (gülür) Sən demə bu haqda  atası (Möhsün Sənani)  ilə danışıbmış. Atası Tofiq Kazımovun üstünə gedib deyib ki, sən elə bilirsən mən yaşlanmışam? Allaha and olsun, od vurub bu teatrı yandıraram. Qaynatamdan o sözü eşidəndən sonra dedim bu iş mənlik deyil. Həm də həddindən artıq o işi arzulasaydım, nəsə eləmək olardı. Mənə elə gəlir ki, diktorluq aktrisalıqdan da uca bir sənətdir. Sonralar 90-cı illərdə mən bir az əziyyət çəkdim, verilişlərin sayı azalmağa başladı. Ömrü boyu verilişi verilişə calayan adam ayda iki dəfə veriliş aparmağa məcbur oldu. İşin azlığından darıxmağa başladım. Dedim özümü dərzilikdə də sınayım. Dərzilik öyrədən Fatma adlı xanımın yanında öyrənməyə başladım. Amma ora gələnlər hamısı məndən yaşca kiçik idi.  Bir az öyrənəndən sonra özümə iki yupqa, bir pencək tikdim. Sonra gördüm ki, bu balacalarla mənimki tutmur, oradan da ayrıldım. 60-65 yaşımda Valid hələ xəstələnməyən vaxtı özümü sürücü kimi də sınadım. Müəllimim tez öyrənməyimə məəttəl qalmışdı. Maşın sürməyi tez öyrənməyimə dublyaj sahəsində işləməyim çox kömək olmuşdu. Çünki biz orada millimetrlə işləyirik. Həm də Valid 40 il maşın sürüb onun da mənə çox köməyi dəymişdi.

foto1-1

Elə dublyajdan danışmışkən bu gün edilən dublyajları necə dəyərləndirirsiniz?

– Dinləyirəm, redaktə səhvləri olur, işə ürəklərini vermirlər. Onlar cümləni oxuyanda hiss edirəm ki, cümlə ilə tanış deyillər. O vaxtı biz kino studiyada filmlərin dublyajını 10-14 günə edib bitirirdik, çünki hər sifətin öz səsi var.

Dublyaj texnikasının xüsusi özəllikləri varmı yoxsa radioda uğurlu olan dublyajı da yaxşı bacarır?-

–  Məncə o xüsusi istedaddır. Amma radioda işləməyimin buna çox böyük təsiri var. Çünki radioda çoxlu mətn oxuyursan.

Bəs indi sizə dublyaj təklifləri gəlir?

– Yox, qətiyyən. Elə işlədiyim müddətdə 1 il “Lider TV”yə dublyaja getdim. Sonra “Space”də iştirak etdim. Mən xoşlayırdım ki, əvvəl filmə baxım, obrazla tanış olum, sonra dublyajda iştirak edim. Televiziya filmləri o qədər də xoşuma gəlmədi. Çünki televiziyada hər şeyi tez-bazar istəyirdilər. 2 günə təhvil verməli idik.

foto10

İndiki aparıcılara münasibətiniz necədir?

– İndi fikir verirəm həm radio, həm də televiziya aparıcılarına çox yeknəsək oxuyurlar. Bu da qulaq asanı yorur. Mən onları dinləyəndə, yaxud izləyəndə əsəbiləşirəm. Sonra öz-özümə deyirəm ki, axı onlar səhv etdiklərini bilmirlər. Amma mən onları nitq mədəniyyətindən öyrətsəydim, onların düzgün nitqi özləri müəyyən edə biləcəkdilər. Bir-iki kanaldan, məktəbdən məni dəvət etmişdilər. O vaxtlar mənim gərgin vaxtlarım idi. Yoldaşım təzə rəhmətə getmişdi, gücüm yox idi.

“Mən elə bir səhv etdim ki…”

Televiziya, radio sahəsində kifayət qədər uğurlu keçimişiniz var. Biliklərinizi öyrətmək, paylaşmaq, pedaqoq olmaq barədə nə düşünürsünüz?

– Nə bilim, heç dəvət almamışam. Mənim işimin qızğın vaxtlarında şair Aslan Aslanov dəfələrlə məni indiki İncəsənət Universitetinə dərs demək üçün dəvət etmişdi. Deyirdi, uşaqların əksəriyyəti rayondan gəlir, ləhcələrini düzəltmək lazımdır. Bizim universitetə gəl, nitq mədəniyyətindən dərs keç. O vaxtlar mənim işim hədsiz çox idi, dublyajlar, kinostudiya, radio, çəkilişlər var idi. Çatdıra bilmirdim. Mən elə bir səhv etdim ki, indi də o səhv məni yandırır. Soruşdum ki, mənə nə qədər maaş verəcəksiniz? Dedi ki, 110 manat. Mən də dedim ki, mən 110 manatı radiodan alıram, onu da təkcə taksiyə verirəm, həm də vaxtım da yoxdur. Bəlkə nə vaxtsa, gələrəm. Amma indi çox peşmançılıq çəkirəm. Mən o tələbələrə mikrafon qarşısında səmimi danışığı öyrədərdim.

Radio, televiziya sahəsində çalışan gənclərə hansı məsləhətlətiniz olardı?

– Radio və televiziyada çalışan gənclərə demək istəyirəm ki, bu sahəyə sadəcə iş xətrinə gəlməsinlər. Belə olduqda onlar işləri üçün heç vaxt yanmayacaqlar. Heç vaxt maaş, fəxri ad güdməsinlər. Hər dəfə yeniliklər eləsinlər, özlərini sınamaqdan qorxmasınlar.

Söhbətləşdi: Kəmalə Rövşən

Fotolar: Xatirə İsmayılova

Öncəki xəbərNövbəti xəbər