İqtisadiyyat, ZZ-Manşet

Mənzillərin qiyməti aşağı düşüb

bakiİqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu ilin mayında mənzil bazarında apardığı monitorinqin nəticələrini elan edib.

Təşkilatdan verilən məlumata görə, monitorinq göstərir ki, ötən ay son 2 ildə ilk dəfə paytaxtda mənzillərin qiyməti əvvəlki aya nisbətən aşağı düşüb. Aprel ayına nisbətən mayda qiymətlər 3.5 faizə yaxın azalıb. Bununla belə, bu ilin ilk 3 ayında bazarda müşahidə edilən qiymət artımları səbəbindən ötən ay əvvəlki ilin may ayına nisbətən qiymətlər 6 faizə yaxın yüksəlib.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, İSİM ekspertlərinin təhlillərinə görə, bu ilin ilk aylarında əmlak bazarında müşahidə edilən psixoloji və eləcə də süni qiymət artımlarından sonra bazarda aktivliyin azalması müşahidə edilib. Təşkilatın rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, həmin aylardakı qiymət artımlarına rəğmən paytaxtın mənzil bazarında tələbat ciddi artmayıb: “Monitorinq göstərir ki, birinci rübdə Bakının 3-cü və 4-cü zonalarında yerləşən mənzillərə tələbatın artması müşahidə edilsə də, sonradan bu tendensiya durğunluqla əvəz edilib. Belə ki, Bakıda aparılan söküntülər fonunda paytaxtın mənzil bazarına nağd pulların daxil olacağı gözlənilsə də, əmlak bazarında daha çox psixoloji təzyiq müşahidə edilib. Qiymətlərin artması bazara pulun daxil olması ilə müşahidə edilməyib. Nəticədə qiymət artımları may ayında azalma ilə əvəzlənib.

Paytaxtın mənzil bazarında müşahidə edilən süni qiymət artımları da may ayında xeyli zəifləyib. Bazarın bu ilin ilk 5 ayındakı mənzərəsi daha çox psixoloji və süni faktorlara əsaslanıb və praktik olaraq iqtisadi təsirlər nisbətən zəif olub: ilin əvvəlində 100 min manata təklif edilən mənzil 4 ayda 110 min manatadək yüksəlib, mayın yekunlarında 106 min manatadək azalıb. Deməli, may ayındakı durğunluq sadəcə artım tempinin qarşısını alıb.

İSİM ekspertlərinin proqnozlarına görə, mənzil bazarındakı durğunluq yay aylarında da davam edəcək. Hətta paytaxtın mərkəzi rayonlarında yerləşən mənzillərin qiymətlərində müəyyən azalmalar müşahidə ediləcək. Sentyabr ayından başlayaraq isə mənzil bazarında durğunluğun aradan qalxacağı gözlənir.

Mərkəzinin monitorinqi göstərir ki, ötən ay Bakının mənzil bazarında qiymət azalmalarına baxmayaraq torpaq bazarında artım müşahidə edilib. May ayında paytaxtda torpaq bazarında 2 faizə yaxın qiymət artımı qeydə alınıb”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.