Podkastlar

Milli Bakı toyları

Azərbaycan xalqının qədim və zəngin toy adət-ənənələri var. Bakı və Bakı ətrafı kəndlərdə keçirilən toylar öz xüsusiyyətləri ilə fərqlənir.
Keçmişdə Abşeronda qohum ailələrin uşaqları arasında nikah bağlanması adi hal sayılardı. Əgər tanışlarda oğullarını evləndirmək üçün münasib qız olmasaydı onda oğlan anası, qohumlar, qonşular sorağlaşaraq qız axtarmağa başlayar, tapdıqları qız evinə “görüş”ə gedərdilər. “Görüş”ə adətən səhər tezdən və qəfildən gedərdilər ki, qız yuxudan oyanandan sonra üz-gözünə bəzək vurmamış olsun. Qadınlar bir bahanə ilə həyətə daxil olar, qızdan su gətirməsini xahiş edərdilər. Bu zaman qızın əl-ayağına, yerişinə xüsusi diqqət yetirərdilər.

Qızı bəyənərdilərsə qız evinə elçi gələcəkləri haqqında xəbər verər, sonra evin böyükləri ilə qız evinə yollanardılar. Qız tərəfi müəyyən vaxt istəyər, oğlan evini get-gələ salardı. Oğlan qızın, qız da oğlanı üzünü ilk dəfə şəkil vasitəsilə görərdi. Razılıq verildikdən sonra “həri” mərasimi olardı, şirinçay içib, qıza həri üzüyünü taxardılar.

Bundan sonra hər iki ailənin böyükləri söhbət edib nişanın vaxtını müəyyənləşdirər  və hazırlıq işlərinə başlayardılar. Təyin olunmuş vaxtda oğlan evinin adamları xonçalarla nişan mərasiminə gələr, şirniyyatlar, konfetlər, qız üçün alınmış geyimlər və qızıllar gətirərdilər. Nişan üzüyü əldən-ələ gəzər, hamı “Allah mübarək etsin”, “Xoşbəxt olsunlar” kimi sözlər deyərdi. Qızla oğlanın nişanlı olduqları müddətdə milli bayramlarda qız evinə müxtəlif hədiyyə və xonçalarla gələrdilər, bu həm də ailələrin bir-birini daha yaxından tanımaqlarına kömək edərdi.

Bir müddət nişanlı qaldıqdan sonra toy hazırlıqlarına başlayar və vaxtı təyin edərdilər. Birinci qız toyu, 1 həftə, 10 gün  sonra isə oğlanın toyu olardı. Qız toyuna az qalmış qohum-əqrəbalar gələr, qızın cehizlərinin hazırlanmasında, evinin bəzənməsində iştirak edərdilər. Toy həyətdə qurulan toy çadrında olardı. Gəlinə qırmızı rəngdə paltar geyindirib toy çadırına gətirərdilər. Oğlan evi toya gələn zaman mirzəyi çalınardı, oğlan evi gətirdikləri xonçalarla oynadıqdan sonra, qızı ikinci dəfə gəlinlik paltarında məclisin ortasına gətirib, oynadardılar. Toyun sonlarına yaxın gəlini xınaya gətirər, toyun müğənnisi onu və qonaqları tərif edər, gəlinin, toyda iştirak edənlərin əlinə xına qoyulardı.

Qısa bir müddətdən sonra isə oğlan evində toy hazırlaqları başlayardı. Oğlanın toyundan bir gün əvvəl qohumlar, tanışlar toy axşamına yığışardılar, ev sahibi sabah görüləcək işləri tapşırar, hamının vəzifəsini müəyyənləşdirərdi.

Toy günü isə bəy sağ soldaşı ilə birlikdə hamama yollanardı.

Oğlan və qız evinin ağsaqqalları isə axundun yanına gedib kəbin kəsdirərdilər. Toyun başlmasına bir neçə saat qalmış oğlan adamları gəlini götürmək üçün qız evinə gedərdilər. Həmin mərasim gəlin götürdü adlanır. Bəy tərəfinin ağsaqqalı kəbin kağızını gəlinin atasına ya da böyüklərdən birinə təqdim edərdi. Oğlanın qardaşı gəlinin belinə qırmızı lent bağlayar və o, xələt alardı. Qız ata evindən ayrılan zaman böyüklər onu Quranın altından keçirib, xeyir-dua verib, yola salardılar.

Toyda  dəvət olunmuş qonaqları qarşılamaq, hər kəsi öz yerinə uyğun olaraq oturtmaq işinə sərpayı (indiki tamada) adlanan şəxs baxardı.  Toy çadırında böyüyün, kiçiyin yeri bilinərdi. Muğamlar, təsniflər, xalq mahnıları xanəndələr tərəfindən ifa olunardı. Hər kəs istədiyi muğam və ya mahnını sifariş verə bilərdi. Üç-dörd adam növbə ilə rəqs edər, oxuyana isə şabaş verərdilər.

Bakı toylarında meyxana janrının özünəməxsus yeri, mövqeyi vardır. Toyun sonlarına yaxın söz meyxana ustalarında olardı,  onlar bəyi tərif edər və bununla da toya yekun vurulardı.

Hazırda Bakı kəndlərinin əksəriyyətində bu adət-ənənələr hələ də yaşamaqdadı.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.