Reportaj, ZZ-Manşet

Milli musiqi alətlərinə yeni nəfəs verən laboratoriya - Reportaj

Hər bir xalqın tarixində, musiqisinin çoxçalarlı qurulmasında, milli mədəniyyətinin dünyaya tanıdılmasında musiqi alətlərinin rolu danılmazdır. Azərbaycanın milli musiqi alətləri olduqca zəngindir. Musiqi mədəniyyətinin formalaşması və inkişafında musiqi alətləri nə qədər önəmlidirsə, onların təkmilləşdirilməsi və yeni növlərinin yaradılması da bir o qədər əhəmiyətlidir.

GSR.fm Kishi Magazine-ə istinadən xəbər verir ki, 2003-cü ildə yaradılan, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən “Azərbaycan milli musiqi alətlərinin təkmilləşməsi” elmi-tədqiqat laboratoriyası bu sahədə fəaliyyət göstərərək milli musiqi mədəniyyətinə öz töhfəsini verir. Laboratoriyada işlər Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə gerçəkləşdirilir.

 Laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov deyir ki, milli musiqi alətlərinin təkmilləşdirilməsi zəruridir. O, laboratoriyanın fəaliyyəti barədə danışır:

“Biz tar, kamança, saz, zərb alətləri və digər milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası üzərində çalışırıq. Eyni zamanda, bir çox musiqi alətini də yaratmışıq. Yaylı saz, yaylı tar, elektro kaman, dörd simli ud-mən musiqi alətini, sevgililər qoşa qol udunu və başqa milli musiqi alətlərini yaratdıq. Laboratoriya Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçməklə, bu işləri həyata keçirir”.

Məmmədəli müəllimin fikrincə, musiqi aləti ifaçı üçün heç bir problem yaratmamalıdır. O xalq çalğı alətləri ansamblı üçün də yeniliklər təklif edir:

“Tələbələrdən ibarət Azərbaycan Xalq Çalğı Alətləri Ansamblı Mili Konservatoriyanın nəzdində fəaliyyət göstərir. Biz bu ansamblın tərkibinə bas kamança, bəm kamança, bas tar, kontur tar, davullar, santur, təkmilləşdirdiyimiz ud və balabanları daxil etməklə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini Simfonik Orkestrinin səs diapazonuna yaxınlaşdırırıq. Yəni, Simfonik orkestrda kontrabas, violonçel, viola və skripka var. Bu dörd musiqi aləti bizə bütün reyestrləri verir və oktavaları əhatə edir. Amma bizdə tar və kamanın hər ikisi də eyni diapazona, 2.5 oktavaya malikdir. Yeddi oktavalıq Xalq Çalğı Alətləri Orkestrimiz yaransa, mən dünyanın ən xoşbəxti olardım”.

Məmmədəli Məmmədov laboratoriyanın ictimaiyyətə tanıdılması məqsədilə görülən işlər barədə də məlumat verir.  O, qeyd edir ki, yerli əhali ilə yanaşı xaricdən gələn qonaqlar da laboratoriya ilə tanış olaraq öz məmnunluqlarını dilə gətirirlər:

“Laboratoriyada təkmilləşdirilmiş və yeni yaradılan musiqi alətləri respublikanın tanınmış musiqiçiləri tərəfindən  ifa edilir. Ağasəlim Abdullayev, Möhlət Müslümov, Ramiz Quliyev, Fikrət Verdiyev kimi ifaçılar burada bərpa edilən musiqi alətlərindən öz yaradıcılıqlarında istifadə edirlər. Bundan əlavə alətlərin tanıdılması üçün Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə həm sərgi, həm də elmi-praktik seminarlar həyata keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” adlı konfrans baş tutub. Azərbaycan Dövlət Filarmoniyasında, Salyan rayonunun böyük idman sarayında yeni yaranan və təkmilləşmiş milli musiqi alətləri sərgisi geçəkləşib”.

Məmmədəli müəllim musiqi aləti yaratmağın və təkmilləşdirməyin incəliklərindən bəhs edərək alətin ərsəyə gəlməsi prosesində musiqi biliyi ilə yanaşı, texniki fənlərdən də məlumatlı olmağın vacibliyini bildirir:

“Öz milli dəyərlərinə, ruhuna uyğun musiqi aləti yaratmaq istəyirsənsə, mütləq onun haqda ətraflı məlumat sahibi olmalısan. Santur unudulmuş Azərbaycan milli musiqi alətlərindən biridir. Azərbaycanda tar nə qədər məşhurdursa, İranda da santur bir o qədər məşhurdur. Onun strukturu, səs diapazonu, hansı simlərdən istifadə olunduğu barədə məlumatlı olmaq lazımdır.

Məsələn, “Sarı gəlin”, “Apardı sellər Saranı” kimi mahnıları dinləyiciyə elə çatdırmalıyıq ki, onlar buradakı hisləri anlaya bilsinlər. Bunun üçün isə, böyük diapazon lazımdır. Kədəri, sevinci göstərmək üçün uyğun musiqi alətləri olmalıdır”.

Məmmədəli Məmmədov Azərbaycan musiqisi ilə bağlı öz arzularını dilə gətirir. O, milli musiqi mədəniyyətinin gələcəyi ilə bağlı ümidli olduğunu söyləyir:

“Azərbaycanda kvartet nəfəs alətlərinin olması, xalq çalğı alətlərinin təkmilləşdirilməsi Azərbaycan Milli Hərbi Orkestrinin yaradılması mənim arzularımdır. Biz də bu işin vurğunu olaraq, buna görə çalışırıq. Milli hərbi orkestrimiz ölkəyə gələn qonaqları məhz milli musiqi alətləri ilə qarşılasınlar. Türkiyədə bu orkestr varsa, bizdə niyə olmasın”.

Qeyd edək ki, laboratoriyada indiyə qədər 60-dan çox yeni musiqi aləti yaradılıb və təkmilləşdirilmişdir.

Hazırladı: Nicat Məmmədov

Öncəki xəbərNövbəti xəbər