Reportaj, ZZ-Manşet

“Minatür rəsmləri xüsusi incəlik tələb edir” - Reportaj

Müasir incəsənətin bir növü hesab olunan miniatür sənəti qədim tarixə malikdir. Təsviri sənətin xüsusi bir növü olan miniatür  öz təbiəti etibarilə kitab illustrasiyası olub klassik Şərq poeziyasının (şeir) bilavəsitə təsiri altında inkişaf edib.

15 ildir ki, bu işlə məşğul olan  Pərnisə Əsgərova miniatür sənətinin incəlikləri haqqında GSR.fm-ə danışıb. Onun sözlərinə görə, miniatür rəsmlərinə universitet vaxtlarında marağı yaranıb və bu sənətlə məşğul olmağa başlayıb:

“Mən kristalloqrafiya elmini (xalçayla miniatürün fundamental sistemi) Xudu məktəbində öryənmişəm. Artıq on beş ildir ki, bu işlə məşğul oluram. Öyrəndiklərimi klassik miniatürdə (Təbriz miniatüründə) təbliğ edirəm. Bundan əlavə yeni elementlər, çağdaş formalar artıraraq yeni stil yaratmağa çalışıram. Əvvəllər bu işə gəlir mənbəyi kimi baxsam da, artıq son 5-6 ildir ki, sənət kimi məşğul oluram. Bir az çətin sənət olduğu üçün Azərbaycanda bu sənətlə məşğul olan çox az adam var.

Müsahibimiz deyir ki, miniatür rəsmlərində incəliklərə çox diqqət yetirmək lazımdır. Çünki, bu rəsmlərdə naxışlar incə, obrazlar isə kiçik olur. Rəssamın sözlərinə görə, miniatür sənəti hazırkı vəziyyətinə gələnə kimi, böyük tarixi inkişaf yolu keçib:

“Miniatür sənəti XIII əsrdən başlayan qədim tarixə malikdir. Bu sənət Səfəvilər və Elxanilərin dövründə təşəkkül taparaq daha da böyüdü. Səfəvilər dövründə Təbriz miniatür məktəbinin böyük inkişaf dövrü oldu. Yəni, XVI əsrdə birdən-birə  kulminasiya nöqtəsinə çatdıqdan sonra məhv oldu. İlk əvvəl bu sənət naxışlar (türkcə – təsib) formasında yaranıb. Daha sonra obrazlara keçilib. XVI əsrdə İslam dini miniatürdə öz təsirini göstərdi. İslama görə, canlı obraz çəkmək günah hesab edilirdi. Ona görə də, miniatür sənəti birdən-birə məhvə doğru getdi. Amma nə yaxşı ki, o nüxsələr qalıb və bu gün biz onları görə bilirik”.

Pərnisə Əsgərova hazırda bu sənətə kifayət qədər maraq olduğunu və onun miniatürlə bağlı iki fərdi sərgisinin biri Azərbaycanda, digəri isə Türkiyədə baş tutduğunu bildirib:

“Sosial şəbəkələrdə işlərimi paylaşan zaman yazırlar ki, çoxdandı minitaürlə məşğul olan adam axtarırıq, bizim üçün maraqlı olardı bu sənəti öyrənmək. Öyrənməyə gələnlər arasında yaşca böyük adamlar olduğu kimi, uşaqlar da var. Mən onlara minitaür sənətinin incəliklərini öyrədirəm”.


Hazırladı: Günay Kəlbəcərli

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.