Sosial, ZZ-Manşet

Muğam gənc musiqiçilərin ifasında

30 iyunda Bakı Musiqi Akademiyasının opera zalında “Muğamın müasir dinləyiciləri” adlı layihənin konsert proqramı baş tutdu.

Baş tutan konsert haqqında Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGTİ) nümayəndəsi Əzizə Nəcəfova məlumat verir:

“Konsert proqramı üçün 10 muğam parçası seçilib. Bu parçaları ifa etmək üçün ifaçı komandaları yaradılıb. Layihə çərçivəsində muğam digər musiqi janrları ilə sintez edilərək muğam dinləyicilərinə təqdim olundu. Layihəni əsas məqsədi muğamı dinləyicisinin yaşını azaltmaq,bu milli dəyərimizi gənclərə aşılamaqdır”.

Yalnız tələbələrin cəlb olunduğu layihədə muğamlar tar, kamança və qaval kimi milli musiqi alətləri ilə yanaşı royalın da müşayiəti ilə səsləndirildi.

Konsert proqramında Azərbaycan bəstəkarlarnın əsərlərini səsləndirən Azərbaycan Milli Konservatoriyasının birinci kurs tələbəsi Nərgiz Məmmədova gənclər arasında muğamın təbliğinin çox vacib olduğunu deyir :

“Biz – gənclər hər birimiz öz muğamlarımızı tanımalıyıq. Şərt o deyil ki,mütləq onları ifa etməyi bacaraq ,əsas olan odur ki, biz öz milli musiqimiz haqqında məlumatlı olaq. Mən inanıram ki, hər bir Azərbaycan vətəndaşına milli musiqimizi sevən, onu dinləyən gənc nəsil görmək qürur hissi yaşadar”.

Proqramda müxtəlif muğam kompozisiyalarını səsləndirən Azərbaycan Dövlət Televiziyasının solisti Gülnar Qüdrətli belə tədbirlərin həm də gənc muğam ifaçıları üçün faydalı olduğunu qeyd edir:

“Bu gün bu səhnədə çıxış etmək mənim üçündə böyük məsuliyyətdir. Düşünürəm ki, belə tədbirlər daha çox təşkil olunsa,gənc muğam ifaçıları böyük təcrübə qazanmış olar. Xüsusən də musiqi tələbələri üçün belə böyük səhnələr əsl məktəbdir”.

2 saat müddətində davam edən konsert proqramını izləyəməyə gələnlər müxtəlif yaş qruplarından olsalar da onların əksəriyyətini gənclər təşkil edirdi.

Bakı Mühəndislik Universitetinin tələbəsi Rübabə Kazımlı konsert proqramında  sintez olunan muğamları dinləyən zaman milli musiqini dinləməyə həvəsinin artıdığını deyir:

“Milli musiqimizin bizim maraq dairəmizdə olan müasir musiqi janrları ilə sintez olunması muğamın bizim zövqümüzə də xitab etməsinə şərait yaradır.Şəxsən mənim üçün bu gün dinlədiyim ifalar, hiss etdiyim musiqi möhtəşəm idi”.

Uzun illərdir muğam dinləyicisi olduğunu deyən Arzu Xanməmmədov isə konsert proqramında gənclərin belə fəal olmasının ona qürur verdiyini vurğulayır:

“Bu gün istər bu səhnədə dinlədiyim ifalar ,istərsə də gənclərin bu konsertə olan marağı daha yaşlı nəsli nümayəndəsi kimi məni müsbət mənada təəccübləndirdi. Hesab edirəm ki, gənclik muğamla bağlı olduqda hər şey milli mənıviyyatımıza qayıtmış olur.”

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının təşkilati dəstəyi ilə həyata keçirilib.

 

Öncəki xəbərNövbəti xəbər