Regionlar Danışır

Mülayim insan, mülayim aktyor Telman Adıgözəlov

Baləkəndə dünyaya göz açan sənətkarlardan biri aktyor Telman Adıgözəlovdur. Aktyor 1953-cü il iyulun 17-də anadan olub.

Telman Adıgözəlov 1975-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirəndə Telman Adıgözəlov artıq televiziyadan tanınırdı. Aktyor beş il Tədris Teatrında, televiziya tamaşalarında işləyib. 1980 –ci ildə Azərbaycan Milli Dram Teatrında işə başlayan aktyor ömrünün sonuna qədər burada çalışıb.  Telman Adıgözəlovun vəfat etdiyi gündən danışan aktyor həmkarı Maqbet Bünyadov həmin gün onun səhərdən axşama qədər teatrda olduğunu deyib. Son gününə qədər teatra bağlı olan sənətkarı tamaşaçı C. Məmmədquluzadənin “Dəli yığıncağı”nda Zəncirvuran, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında Daşdəmir, “Mahnı dağlarda qaldı”da Rəhman, Şekspirin “Maqbet”ində Flins, M. İbrahimovun “Közərən ocaqlar” əsərində Xanəhməd və bu kimi bir çox məşhur əsərlərin obrazlarından tanıyır.

Telman Adıgözəlov teatr tamaşalarıyla yanaşı bir-neçə tele tamaşada da rol alıb. Dövlət televiziyasında hazırlanmış “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayır.

Geniş kütlənin sevdiyi aktyor 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülür.

Bir qız və bir oğul atası olan Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edir. Aktyor heç bir rəsmi vida mərasimi təşkil olunmadan Bakının Fatmeyi kənd qəbirstanlığında dəfn olunur.

Tamaşaçının səhnədən, ekrandan tanıdığı aktyorun səhnədənkənar həyatını oğlu belə xatırlayır: “Atam ciddi olmağına ciddi idi, amma çox da ciddi demək olmazdı. Hər şey öz yerində. Görərdi ki, kiminsə evdə kefi yoxdur, tez zarafat edib kefimizi açardı. Amma bütün günü desin-gülsün, zarafat etsin, belə şeyi yox idi. Təbiətən sakit, mehriban, kobudluğu sevməz, mülayim insan idi.”

Mülayim insan, mülayim aktyor Telman Adıgözəlov 57 il ömür sürsə də, yaratdığı obrazlarla tamaşaçıların qəlbində hələ uzun illər yaşayacaq.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.