Reportaj, ZZ-Manşet

Nağıl qəhrəmanlarının möcüzə festivalı - Reportaj

İyunun 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Park Bulvar Ticarət və Əyləncə Mərkəzinin birgə təşkil etdiyi “Nağıl qəhrəmanlarının möcüzə festivalı” tədbirinin açılışı baş tutub.

Azyaşlılar nağıl qəhrəmanları libaslarında Dənizkənarı Bulvar ərazisindən keçərək şəhər sakinlərini festivala dəvət ediblər. Yürüş Park Bulvar Ticarət və Əyləncə Mərkəzində keçirilən konsert proqramı ilə davam edib.

GSR.fm xəbər verir ki, proqramda Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının uşaq qrupu yerli və xarici mahnılar ifa edib, müxtəlif rəqs səhnəcikləri nümayiş etdiriblər. İlk dəfə keçirilən festival Beynəlxalq Dostlar gününə həsr olunur.

“Oyuq” teatr-studiyası uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva bildirib ki, festivalın keçirilməsində əsas məqsəd uşaqların sülh şəraitində yaşamasına diqqət çəkməkdir:

“Biz Kukla Teartından yürüş edərək dostluq şüarları səsləndirdik. Çünki bu gün Beynəlxalq Dostlar Günüdür. Düşünürəm ki, Dünyada müharibələrdən ən çox əziyyət çəkən məhz uşaqlardır. Uşaqlar sülh və əmin-amanlıq şəraitində yaşasın, müharibə görməsin. Festivalı keçirməkdə əsas məqsədimiz budur”.

Qeyd edək ki, “Nağıl qəhrəmanlarının möcüzə festivalı” iyunun 11-dək davam edəcək.

Hazırladı: Nicat Məmmədov

Öncəki xəbərNövbəti xəbər