Bloq, Z-Manset

“Neftçi”dən daha neft qoxusu gəlmir - Bloq

alimFutbola gözəllik verən qoldur. Qolu maraqlı edən isə azarkeşdir. Bəzi oyunlarda qol olmasa belə stadionda olan azarkeşlərin müxtəlif şüarları, nümayiş etdirdikləri plakatlar futbolçuları daha da ruhlandırır. Türkiyənin köklü klublarından olan Galatasaray, Fenerbahçe, Beşiktaş, İspaniyada Real Madrid, Barcelona, İtaliyada Juventus, Roma və adını çəkmədiyim bir çox klub öz azarkeş ordusu ilə fərqlənir.

Hətta, bəzi vaxtlarda bu azarkeşlər dava-dalaşlarla gündəmə gəlib. Amma bir məqama diqqət etmək lazımdır. Həmin azarkeş qrupları heç bir halda öz aralarında şiddətə yol verməyib. Yaxın keçmişdə – bir neçə il öncə Türkiyədə rəqib klubların azarkeşlərinin qarşıdurmaları ölkə parlamentində müzakirəyə çıxarılıb, futbolda şiddətin azaldılması və qarşısının alınması üçün tədbirlər görülüb.

Bu gün Azərbaycanda futbol və azarkeşlik mədəniyyəti inkişaf mərhələsindədir.

Bir çox klublar azarkeş mövzusunu ön plana çəkərək, xüsusi məşğul olsalar da, bəzi klublar hələ də problemlər yaşayır. Hətta məsələ o həddə çatıb ki, Neftçi PFK – nın azarkeş qrupları bir-biriləri ilə qarşıdurma yaradır. Bu məsələ Neftçinin Avropa Liqasında Çixura ilə keçirdiyi ev qarşılaşmasında özünü bir daha göstərdi.

Azarkeşlər oyun  zamanı rəqibə qarşı birləşmək əvəzinə öz aralarındakı məsələni saf-çürük etməklə məşğul oldular. Belə vəziyyətdə  nə digər azarkeşlər, nə də media nümayəndələri fikirlərini oyuna yönəldə bilmədilər. Sayı çox az olan qonaq azarkeşlərin dəstəyi isə bölünən Neftçi azarkeşlərinin dəstəyindən daha faydalı idi. Bir-birilərini ağır təhqir etməkdən belə çəkinməyən azarkeşlər özləri də anlamadan komandaya ziyan vururlar. Deyəsən, bu məsələ heç rəhərliyin gündəminə belə düşmür. Klub nümayəndələri meydanda heçnə olmamış kimi çox rahat görünürdü. Stadionda baş verənlər isə sözün əsl mənasında dəhşət idi.

Neftçi köklü klubdur. Flaqmandır. Amma bu gün yaşananların heç biri bu adlara layiq deyil. Rəhbərlikdən tutmuş ən xırda vəzifəyə qədər olan şəxslər işlərin vacibliyini deyəsən anlamırlar. Vəziyyət ildən-ilə daha da pisləşir. Hər halda kənardan görünən mənzərə budur. Bir zamanlar neft qoxan Neftçidən daha neft qoxusu gəlmir. Çılğınlıqları ilə fərqlənən Neftçi azarkeşləri qruplara bölünərək azarkeş, flaqman adına layiq olmayan hərəkətlərə yol verirlər.

Klubun baş məşqçisi Böyükağa Hacıyev isə söz verir. Keçən oyundan sonra da söz vermişdi. Doğrudur, keçən dəfəki, sözünü yerinə yetirdi. Amma bu işlər sözlə olmaz.  İş görmək lazımdır. Həm meydanda həm də meydandan kənarda.

Müəllif: Alim Elbrus


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər