Sosial, ZZ-Manşet

Nizami Kino Mərkəzində “Milli Kino Günləri”

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə Nizami Kino Mərkəzində “Milli Kino Günləri” keçirilir. Bir ay davam edən layihədə “Qatil”, “Xeyirlə Şərin rəqsi”, “Yaddaş”, “Nabat”, “Buta”, “Yarımçıq xatirələr” və digər filmlər nümayiş olunacaq.  

Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədovanın sözlərinə görə bu layihənin keçirilməsinin məqsədi odur ki, tamaşaçı yeni çəkilən filmlərlə tanış olsun:

“Kino günlərində yeni filmlərimiz nümayiş olunur. Ali təhsil ocaqlarına, orta məktəblərə də müraciət edirik, şagirdlər, tələbələr gəlib o filmləri izləyirlər. Elə insanlar var ki, 4 manat ödəyib o filmlərə baxa bilmir, amma “Milli Kino Günləri” çərçivəsində nümayiş olunan filmlərə giriş sərbəst olduğundan gəlib filmləri izləyə  bilərlər”.

“Milli Kino Günləri”ndə tamaşaçı qismində iştirak edən Ülviyyə Əhmədova belə layihənin keçirilməsinin təqdirəlayiq olduğunu bildirir:

“Milli kino günlərinin keçirilməsi çox yaxşıdır. Bəzi filmlərimiz var ki, onları youtube sosial şəbəkəsində izləyə bilmirik, amma belə film günlərinin keçirilməsi, xüsusilə də seansların ödənişsiz olması bizə imkan verir ki, baxa bilmədiyimiz filmlərimizi izləyə bilək”.

Digər tamaşaçı Həbibzadə Vəfa Həbiboğlu da milli film günlərinin keçirilməsini müsbət qiymətləndirir:

Əslində layihə haqqında xəbərim yox idi. Təsadüfən Nizami Kino Mərkəzinə daxil olanda dedilər ki, milli kino günləri keçirilir, istəyirsinizsə gəlin baxın. Xoşuma gəldi. Nümayiş olunacaq  filmlərin hamısına baxmağa çalışacam”.

 Qeyd edək ki, “Milli Kino Günləri” layihəsinə 14 iyun tarixindən start verilib. Filmlər həftədə 3 dəfə nümayiş olunacaq.

Öncəki xəbərNövbəti xəbər