Bloq, P.S, ZZ-Manşet

Notdan uzaq bəstəkar - Bloq

sevincİnsan var əlləri yazar, insan var düşüncələri… Əllərin yazdıqlarını düşüncəyə köçürmək hər zaman özünü doğrultmur. Amma düşüncənin yazdıqlarını əllərin yazması o qədər də çətin deyil. Bu günümüzə çatan minlərlə düşüncə məhsulu heç də hansısa əlifba ilə yazılmayıb. Yaddaşlara yazılıb. Və kağızlara köçürülmədən min illər yaşayıb. Çünki düşüncənin nə dili olur, nə də əlifbası. Düşüncənin özü, orijinallığı olur.

İnsan tarixinin yaratdığı pozitiv nəsnələrdən biri olan musiqi də son əsrlərə qədər məhz belə yaranıb, belə yaşayıb. Yüzlərlə xalq mahnıları, aşıq havaları, muğamlar daha nələr bu düşüncə tərzinin nəticəsi olaraq bizə çatıb. Amma bu musiqiləri dinləyəndə o düşüncənin sahibləri yadımıza belə düşmür. Zamanımızın bu qəbildən olan adamlarından biri də Bəhram Nəsibov idi. Qurulaşmış, bozarmış texnika əsrində Bəhram Nəsibov uzaq tarixin bir parçası kimi yaşadı və yaratdı. Dillər əzbəri mahnılarını notsuz yazdı. Çünki musiqi təhsili yox idi. Sadəcə hər hansı musiqi alətini götürüb düşüncəsindən gələnləri qulaqlara köçürürdü. İstər ritmik, istərsə də lirik musiqiləri elə bu yolla yaddaşlara həkk edirdi. Etiket axtaranlar onun musiqi təhsilinin olmadığını, hətta notu bilmədiyini əllərində bayraq edəndə Bəhram Nəsibov sakitcə öz işi ilə məşğul olurdu. Sadəcə istedanın, düşüncəsinin məhsulunu ortaya qoyurdu. Ona “Bəstəçi” damğası vurulsa da, əsərləri istər zamanında, istərsə də indi məhşur müğənnilərin repertuarından düşmədi.

Bu gün əgər kimsə onun mahnılarını dinləməyibsə demək ki, gözəl musiqinin bəxş etdiyi qüdrətdən yan keçib. Ona yaxın olan bu sahənin təhsili Bəhram Nəsibovdan nə qədər uzaq olsa da yazıdığı əsərlərin gözəlliyi, valehediciliyi onu bir o qədər bəstəkarlar sırasına sıx tellərlə bağlayıb. Vaxtilə təhsilinin olmamasını, mahnıların zümzümə ilə yazmasına kinayə edənlər bəzən onun mahnılarını öz adlarına çıxarmağa belə cəhd etdilər. Bəs deyirdiniz bəstəkar deyil? Bəs niyə ali musiqi təhsili olan müğənnilərimiz bu gün onun yaradıcılığına müraciət edir? Demək ki, yaxşı mənada bizim ona ehtiyacımız var. Sağ olsaydı özünə deyərdik…

Xalqının sevinci üçün yazdı amma kədərinə dayana bilmədi. Nə bəstələri ilə öyündü, nə də “mən mən” deyib sinəsinə döydü. Sadəcə bir sənətkar ömrü yaşadı. Yəni zamanında döyüldü, kinayə edildi, çamur atıldı. O isə heç nəyə baxmayaraq öz yolunu getdi. Yaşadığı dövrdə heç bir hadisəni, şəxsiyyətləri diqqətdən kənarda qoymadı. Gözəl musiqilər ithaf etdi onlara. Elə kandarında dayandığımız təqvim də əlamətdardır. Azərbaycan tarixində mühüm rol oynamış Ümummilli lider Heydər Əliyevin anadan olduğu tarixi yaşadıq. Vaxtilə bəstəkarın da ona mahnı ithafı olub. O zaman xalqın istəyilə ümummilli lider hakimiyyətə qayıdanda bu sevinci o da özünəməxsus yaşayaraq”Min yaşa Heydər baba” mahnısının həm sözlərini həm də, musiqisini yazdı. Zamanında ifanı səhnədən eşidib, yaşamaq sevinci müəllifə qismət olmasa da, mahnıya qismət oldu.

Müəllif: Sevinc Xeyrulla


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə məsuliyyət daşımır

 

Öncəki xəbərNövbəti xəbər