Reportaj, ZZ-Manşet

“Novruz zərdüştlükdən öncəki hadisədir”

Novruz bayramı Azərbaycanda xüsusi təntənə ilə qeyd olunan bayramlardandır. “Novruz” mənşəcə fars sözü olub, “yeni gün” deməkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim şöbəsinin böyük elmi işçisi Atəş Əhmədli bildirir ki, “Novruz” sözünün fars mənşəli olması o demək deyil ki, Novruz fars mədəniyyətinə məxsusdur:

“Novruz bayramı daha çox türk xalqlarının bayramıdır. Xüsusən, müsəlman türklərinin və yaxud xristian türklərinin. Fərqi yoxdur, Uzaq Altaydan Makedoniyaya qədər, Şərqi Türküstandan Anadoluya qədər ərazilərdə yaşayan türk xalqlarının keçirdiyi böyük bir bayramdır”.

Novruzun simvollarından olan od qədim zamanlardan bəri həm günəşin rəmzi, həm şər qüvvələrin qovulması, həm də istiliyin artması, bərəkətin rəmzi mənasını verir. Bəzən bayramdan bayramda tonqalın yandırılmasını atəşpərəstlik dini ilə də əlaqəndirənlər olur.

“Zərdüştlik dinində od müqəddəs sayılırdı. O qədər müqəddəs idi ki, kahinlər onu xüsusi qabda gəzdirirdilər, hətta üzlərinə niqab örtərdilər ki, nəfəsləri dəyməsin. Amma bugün biz odun üzərindən atlanırıq. Əgər xalqımız odu elə müqəddəs hesab edib ona tapınsaydı onun üzərindən atlanaradımı? Bu onu göstərir ki, bu zərdüştlükdən də öncəki hadisədir”.

Novruzda hazırlanan şiriniyyatların da öz fəlsəfi mənaları var. Əsrlər ərzində xalq kosmosun kiçildilmiş modelini bu nemətlərin üzərində yaradıb:

“Baxın şorqoğalı günəşi rəmzləşdirir. Onun üzərindəki rəngin qırmızı olması, üzərindəki çörək otunun günəşin üzərindəki cisimləri ifadə edir. Şəkərbura ayı rəmzləşdirir. Günəş qırmızıdırsa, bu daha solmuş, ay rəngindədir. Paxlava romb işarəsidir. Həm də ulduzu simvolizə edir”.

Bayramın məşhur personajları isə kosa və keçəldir. Folklorşünasın sözlərinə görə, bu türk xalqlarının yaratdığı obrazlardır, lakin personajların təqdimatı düzgün aparılmalıdır:

“Xalqımız arasında belə söhbətlər olur ki, “Şaxta baba hədiyyə gətirir, amma kosa pay aparır. Bu nə deməkdir? Və yaxud üzərindəki geyimin nimdaş olması və.s Bunlar hamısı zamanın dəyişməsi ilə bağlıdır. Qış fəslinin yazla əvəzlənmsinin teatr formasında tamaşaya gətirilməsi məsələsidir.

O kosa olması, üzündə tükün seyrək olması, geyiminin nimdaş olması, ac olması yoxsulluq, qış, soyuq və.s keyfiyətləri o obraz vasitəsilə ifadə edir. Eyni zamanda onun ölməsi qışın ölməsi, amma kosanın yenidən dirilməsi artıq yazdır”.

Atəş bəy deyir ki, adət-ənənəyə görə, bu bayram təkcə dirilərin bayramı deyil, həm də ölülərin bayramıdır. Ona görə də, papaqatma adətinin ilkin forması ölülərin yad edilməsi üçün həyata keçirilirib:

“Lap kökünə getsək, əski dövrdə o ruhların payı idi. Ölən insanların payı idi. Və onu yığan xüsusi adamlar var idi. O insanlar o ruhların imitasiyası qismində o payı yığırdılar. Xüsusi bir paltar geyərdilər, özəlliklə, qara rəngdə. Üzlərini də örtərdilər. Üzləri görünməmək şərtilə, əllərində bir kasa, ya qab qapıya yaxınlaşırdılar. Görünməmək anlayışı ordan gəlir. İndi uşaqlar biraz başqa cür olub. Papağı atıb qapının ağzında dayanırlar, heç qaçıb gizlənmirlər”.

Novruz bayramının ən böyük fəlsəfəsi isə təbiətdə olan gecə-gündüz bərabərliyinin insan cəmiyyətində bərabərliyə tətbiq olunmasıdır.

“Kosmosda yaranan gecə gündüz bərabərliyini insan cəmiyyətinə tətbiq edir. İnsanlar paylaşır, bölüşür. İmkanlı imkansıza əl tutur. Yoxsulluq və.s məsələlər aradan qalxır. Bu paylaşmadır, bu harmoniyadır”.


Hazırladı:

Nərgiz Pənahlı

Xatirə İsmayılova


 

Bəzi kadrlar “Youtube” kanalından götürülüb.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: ciprofloxacin drug

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.