Reportaj, ZZ-Manşet

“O qala bizim evimiz kimi idi” - Reportaj

Ramana kəndindəki buruqlarla əhatələnmiş yoxuşlardan baxanda uzaqdan asanlıqla seçilə biləcək böyüklükdə olan qaya parçalarının üzərində 15 metr hündürlüyündə bir qala ucalır. Ramana qalası adlanan bu qala Şirvanşahlar dövründə qəsr kimi, müdafiə məqsədi ilə istifadə olunub. Çoxbucaqlı formada olan xarici divarların üstünə qalxmaq üçün nəzərdə tutulmuş dar pilləkənlərin sonu Ramana kəndinin mənzərəsinə çıxır. Daxili hissədə isə burulan pilləkənlər qalanın mərtəbələrini bir-birinə bağlayır. Pilləkənlər qala ziyarətçilərini 2-ci mərtəbəyə qədər aparsa da sonrakı mərtəbələrin döşəməsi uçulduğundan daha yuxarı qalxmaq mümkün deyil.

“Koroğlu”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi tarixi filmlərdə istifadə olunan qala həm də Bülbülün “Koroğlu” ifasına şahidlik edib.

Ramana kəndinin 198 nömrəli tam orta məktəbinin Tarix müəllimi Xırdaxanım Hüseynova qalanın tikilmə tarixindəki qeyri-müəyyənliyi qalaya aid daş kitabənin olmaması ilə izah edir:

“Təxminən bu qalanın 13-14-cü əsrlərdə tikilməsi, bəzən də 12-ci əsrə aid olması haqqında məlumatlar var. Qalanın inşasının Monqol yürüşləri dövrünə təsadüf etməsi onun müdafiə məqsədi ilə tikilməsindən xəbər verir. 13-cü əsr Azərbaycan tarixinin ən kəşməkəşli, ən ağır dövrünə təsadüf edir. Sözü gedən əsrin əvvəllərindən 15-ci əsrin əvvəllərinədək torpaqlarımız yadelli işğallarına məruz qalıb. Artıq bu dövr hökmdarları başa düşürdülər ki, əlverişli təbii-coğrafi mövqeyə malik olan Azərbaycan daim qonşu dövlətlərin maraq dairəsindədir və bura ərazilərə hücumlar olacaq. Məhz buna görə də müdafiə və müşahidə məqsədilə bu qalanın tikintisinə başladılar”.

Xırdaxanım müəllimənin sözlərinə görə, Ramana kəndinin qədimliyini  təsdiqləyən əsas abidələr məhz Ramana qalası və 7-ci əsrə aid olan, ərəb işğalı ərəfəsində tikilən məsciddir.

Ramana qalasından Qız Qalasına  ərzaq daşımaq, məlumat aparmaq və insanları təxliyə etmək üçün yeraltı keçidlərin olduğunu deyən Xırdaxanım müəllimə qalanın daxili strukturunu belə izah edir:

“Ətraf  ərazilərdən 300-350 metr yüksəklikdə yayla üzərində qaya daşından tikilən Ramana qalası iki hissədən ibarətdir: hasar rolunu oynayan qala divarları və orta qala. 4 mərtəbəli orta qala 15 metr hündürlüyündədir”.

Qalanın arxa və ön tərəfləri arasındakı fərqi Xırdaxanım müəllimə 1950-ci il restavrasiyası ilə əlaqələndirir.

Bütün ömrünü Ramanada keçirmiş Ağca xanım isə deyir ki, bu qalanın onun xatirələrində xüsusi yeri var. Qalanın yanında yerləşən dədə-baba evi onun uşaqlığını bu qala ilə doğmalaşdırıb:

“Bizim yaşadığımız yerə  kənd içində “Qaladibi” deyirlər. Gözümüzü açandan bu qalanın əzəmətini, vüqarını görmüşük. Biz demək olar ki, o qalanın içində böyümüşük. Hətta mənim yadımdadır ki, biz uşaq olanda, nə vaxt ki, qala, qalaya çıxmaq üçün arakəsmələr salamat idi, onda biz qalanın üstünə çıxar, xalça-palaz sərib dərslərimizi orda oxuyardıq. Qalanın aşağısında “Çəmənlik” dediyimiz bir yer vardı, doğrudan da, yamyaşıl çəmənlik idi, orada “Bənövşə” oynayar, güllərdən çələng düzəldərdik. O qala bizim  evimiz kimi idi. Qalanın içində biz o qədər “Gizlənqaç” oyanamışıq ki…”

Ağca xanımın sözlərinə görə, qalaya bitişik qədim məsciddən  qalaya birbaşa yol var. Məscid isə hələ də kənd sakinləri tərəfindən istifadə olunur.

Ramana qalasının adı barədə   xalq etimologiyasında da fərqli yanaşmalar mövcuddur. Ağca xanım bu barədə Ramananın köhnə sakinlərindən  olmuş  nənəsindən eşitdiklərini bizimlə bölüşdü:

“Nənəm həmişə  deyərdi ki, Ramana qalasının adı Rəhman şahın adı ilə bağlıdır. Bu qala onun  vasitəsi ilə tikilib. Ona görə də Rəhman şahın adı ilə “Rəhmanə” adlandırılıb. Sonralar isə xalq tərəfindən dilə uyğunlaşdırlaraq “Ramana” halına salınıb”.

Qalanın sonuncu dəfə ötən əsrin 50-ci illərində restavrasiya olunub. Sakinlər isə qalanın hazırki vəziyyyətindən narahatdırlar. Qalanın yenidən bərpa olmasını arzu edən Ağca xala həm turizm baxımından ölkə üçün, həm də bir yaşlı sakin kimi onun üçün olan əhəmiyyətini vurğulayır:

“Əvvəllər bura turist axını olardı, amma son illər heç kim gəlmir. Bu da qalanın  baxımsız  olmasından qaynaqlanır. Qala kəndində heç vaxt qala olmayıb amma orada indi qala kompleksi, park salınıb və turistlər ora maraq göstərirlər. Amma bizim burada bu boyda tarixi abidəmiz ola-ola heç kim buraya ayaq basmır. Qalamız bərpa olunsa, əvvəlki şan-şöhrəti özünə qayıdar. Şəxsən mənim arzumdur, bu qoca yaşımda ölməmişdən əvvəl bir dəfə o qalanın başına çıxıb uşaqlığımı yada salım. O qala bütün kəndin xatirələridir. O qala bizim üçün ev kimi idi. Amma qalanın iç hissələri uçulduğundan indi bu mümkün deyil”.

Öncəki xəbərNövbəti xəbər