Aktual

“Oğlumun müalicəsini gecikdirirlər”

“Cəlilabad rayonunda anadan olmuşam…”

Lökbatan qəsəbəsində yaşayan 23 yaşlı Rəvan fiziki qüsurlu olduğundan hərəkət etməkdə problemlər yaşayır eyni zamanda o, danışarkən də çətinlik çəkir. Birinci qrup əlil olan  Rəvan deyir ki, onun fiziki qüsurlu olmasına səbəb uşaq vaxtı həkimlərin onu səhv müalicə etməsi olub. Həmçinin Rəvanın sağ gözündə də problem var. Belə ki, Rəvanın sözlərinə görə o, 13 yaşında evdən çölə çıxarkən yıxılıb və nəticədə sağ gözü  zədələnib. Xəstəxanaya aparılan Rəvana həkimlər göz əməliyyatının onun həyatı üçün  təhlükəli olduğunu deyiblər.

Buna baxmayaraq əməliyyat olunan Rəvanın sağ gözünü xilas etmək mümkün olmayıb.

Rəvanın anası dörd il əvvəl vəfat edib, atası Qəhrəman bəy isə fəhlə olaraq çalışır. Ona evdə iki bacısı baxır. Fiziki vəziyyətinə görə təhsil ala bilmədiyini deyən Rəvan məktəbdə tədris olunan fənləri  özü evdə oxuyur.

Rəvanın  böyüdükcə hərəkət qabiliyyətini itirdiyini söyləyən  Qəhrəman bəy deyir ki, hazırda Rəvan kiminsə köməyi olmadan, təkbaşına hərəkət edə bilmir.

Qəhrəman bəy həmçinin bildirir ki, Rəvan ildə iki dəfə Respublika Əlillərin Bərpa Mərkəzində müalicə olunmalıdır. Mərkəzdə isə yerlərin dolu əsas gətirib, müalicəni gecikdirirlər, bu da  oğlunun sağlamlığına mənfi təsir göstərir.

 Qəhrəman bəy:

İldə bir dəfə güclə götürürlər. Xəstəxanada yerimiz yoxdur. Deyirlər ki, o qədər Rəvan kimiləri var ki. Deyirəm ki, Rəvan ağırdır deyirlər ki, Rəvandan da ağırları var.  Olsun, 10 dənə, 20 dənə olsun. Axı sən Rəvanı görürsən nə vəziyyətdədir? Bax görürsən, gözünün qabağındadır da  oğlum.

Qəhrəman bəy adıçəkilən Bərpa Mərkəzində xəstələrə göstərilən xidmətdən də narazıdır. İşçilərin Rəvanı müalicə etməkdən müxtəlif bəhanələrlə imtina etdiyini bildirən şikayətçi oğlunu  masaj etmək üçün onlardan pul tələb edildiyini də iddia edir.

Qəhrəman bəy:

Keçən il apardım, idmançı dedi ki, mənim gücüm çatmır bunu idman etdirməyə. Guya bunda qıclanma çoxdur. Guya uşaq qıclanır, uşaq yığılır, açmaq olmur da qolunu, ayağını. Sən bunu masaj etməyəndən sonra sən onu idman etdirməyəndən sonra onda sən orda nə işləyirsən?

Rəvanın böyük bacısı Şəhla xanım iddia edir  ki, Bərpa Mərkəzində kondisonerli otaqlar var, ancaq onlar pullu olduğundan hər kəsə qismət olmur.

Şəhla xanım:

Kondisionerli otaqlar hamısı pulnandır. Yəni hər xəstəni salmazlar ora.Kondisionerli otaqların on günü 100 manatdır. Ora 100 manat verməlisən on gün yatmalısan həmin kondisionerli otaqda.

Əlillərin Bərpa Mərkəzinin Baş Həkimi Səadət xanım isə bildirir ki, hazırda Bərpa Mərkəzində təmir işləri gedir,soyutma və isitmə  sistemləri mərkəzləşdirilmiş olacaq.

Xəstəxanadakı işçilər barəsindəki iddialara da aydınlıq gətirən baş həkim qeyd edir ki, əgər masaj edən işçinin xəstəni idman etdirməyə gücü çatmırsa bu zaman xəstə, onun dəyişdirilməsini tələb edə bilər.

Səadət xanım:

Beş-altı dənə masajist var burda. Biz burda çalışırıq ki, bir qədər güclü masajist, güclü adam eləsin. Xəstənin əgər xoşuna gəlmirsə bu masajist o, baş həkimə müraciət edir, şöbə müdirinə  müraciət edir, baş tibb bacısına ki, masajistin gücü çatmır məni masaj etməyə, həmin dəqiqə masajist dəyişilir.

Baş Həkim xəstələrin sayı çox olduğundan bəzi əlil vətəndaşları qəbul etməkdə gecikmələr yaşandığını da inkar etmir. Mərkəzin  aylıq xəstə  limitinin maksimum 30-40 nəfər olmasına baxmayaraq baş həkim, ən az 125 xəstə qəbul edə bildiklərini deyir.

Səadət xanım:

Hər otaqda iki dənə çarpayı var. Birinci qrup olanda hər iki çarpayını da tutur. Nə üçün, bir özü bir də ona qulluq edən. O qədər sıxışıq vəziyyətdir ki, hərdən iki arabada  əlil ikisi bir otaqda qalır. Mənim Qarabağ əlillərim var ki, səkkiz nəfər birdən daxil olur bir otaq götürürlər, biri iynəyə yatır, vena daxilinə, bu durur o birisi gedir masaja, bu birisi gəlir idmana,belə.

Səadət xanım eyni zamanda bildirir ki, Mərkəzdəki bütün xidmətlər pulsuzdur və xəstələrdən heç bir həkim pul tələb edə bilməz.

Səadət xanım:

Götürərdi pul verib yazdırardı onu, polisdə və ya hardasa ,tutdurardı.Xəstələr özləri başlayırlar pul verməyə, mənim işçilərim elə adamlardı ki, onlar heç vaxt pul istəmirlər. Əgər pul istəyirdisə buranın baş həkimi var, gələrdi ki, Səadət xanım  məndən pul istəyirlər.

Masajların Rəvana böyük köməyi olduğunu deyən Qəhrəman bəy qeyd edir ki, oğlunun Bərpa Mərkəzindəki müalicəsi  gecikdiyi üçün o, əllərini hərəkət etdirməkdə çətinlik çəkir və buna görə də dövlət tərəfindən verilən mexaniki əlil arabalarını istifadə edə bilmir.

Məsələyə aydınlıq gətirən Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Əlillərin Sosial Müdafiəsi Siyasəti şöbəsinin müdiri Vüqar Həsənov bildirir ki, bu ilin axırına qədər elektron əlil arabalarının Azərbaycana gətirilməsi ilə bağlı məsələyə baxılacaq və  gətirildikdən sonra ağır vəziyyətdə olan əlil vətəndaşlara həmin arabalar dövlət tərəfindən veriləcək.

Vüqar Həsənov:

Düzdür mövcud qanunvericiliyə uyğun olaraq biz  sadəcə, yalnız mexaniki işləyən əlil arabaları gətiririk. Respublikaya və əlillərə təqdim edirik amma bu gələcəkdə akkumliyatorla idarə olunan əlil arabalarının da gətirilməsinə də baxılır. Ümumiyyətlə biz Nazirlik olaraq qərara  alırıq ki Nazirliyin  hesabına ki, bu müəyyən sayda bu akkumliyatornan işləyən əlil arabalarını gətirək o da büdcə imkanlarına baxaraq.

Vüqar müəllimin sözlərinə görə əvvəllər mexaniki əlil arabalarının belə   verilməsində problemlər  yaransa da, hal-hazırda Nazirliyə müraciət edən bütün əlil vətəndaşlar müvafiq qanunvericiliyə uyğun olaraq  bu arabalarla təmin olunub.

Öncəki xəbərNövbəti xəbər