Sosial, ZZ-Manşet

Ölkədə dövlət qurumlarının təqdim etdiyi neçə xidmət var ?

e-hokumet1Artıq uzun müddətdir ki ölkədə elektron hökumət quruculuğu prosesi gedir.  Hər gün yeni-yeni xidmətlərin elektron formaya keçirilməsinin şahidi oluruq və bu xidmətlər də addım-addım Elektron hökumət Potalına inteqrasiya olunur.
Portalın məlumatına görə hətta elə dövlət  qurumları var ki onların artıq 40-50 xidməti elektron formaya keçirilib. Ancaq elə dövlət qurumları da var ki çox az sayda xidmətlərini elektron formaya keçiriblər.
Xidmətlərin elektron formaya keçirilməsi isə Nazilər Kabinetinin 2012-ci il  17 oktyabr tarixli 235 saylı qərarı ilə  tənzimlənir. Bu qərara görə ölkədə təxminən 450 xidmət elektron formaya keçirilməlidir.
Elektron Hökumət Portalının statistikasına görə indiyədək isə təxminə 390 xidmət elektrona çevrilib. Bununla belə bu xidmətlərin bir hissəsi hələ də Elektron hökumət Portalına inteqrasiya olunmayıb.
Digər tərəfdən araşdırmalarımız göstərir ki hələlik ölkədə xeyli sayda zəruri və sosial əhəmiyyətli xidmətlər var ki onlar bu 450 xidmətin içərisinə daxil edilməyib və hələ də elektron formaya keçirilməyib.
Bir qədər bundan öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın kordinatoru Osman Gündüz mətbuata açıqlamasında 80 sayda bu cür ictimai-sosial əhəmiyyətli , kütləvi xidmətlərin siyahısının hazırlandığını və bu siyahın Dövlət Agentliyinə təqdim edildiyini bildirmişdi. Ardınca isə artıq Dövlət Agentliyində bu məsələyə baxılaq elektron formaya keçirilməsi zəruri olan 35-dək xidmətin siyahısının Nazirlər Kabinetinə təqdim edildiyi qeyd edilmişdi.
Ümumiyyətlə xidmətlərin elektron formaya keçirilməsi prosesini araşdırdıqda, xüsusilə də kütləvi və sosial əhəmiyyətli xidmətlər məsələsinə diqqət yetirdikdə qarşıya belə sual çıxır : görəsən ölkədə dövlət qurumları tərəfindən göstərilən xidmətlərin sayı nə qədərdir? Bunlardan nə qədər xidmət sosial əhəmiyyətlidir və kütləvi tələbat olandır.
Statistik məlumatları araşdırdıqda məlum oldu ki əslində belə bir statistika yoxdur.
Artıq bu problemin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən ciddi addımlar atılmağa başlanıb.
Cari ilin sentyabr ayında Prezident İlham Əliyev dövlət orqanları tərəfindən həyata keçirilən bütün xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı Fərman imzalayıb.
Bu fərman ölkədəki bütün, həm Mərkəzi icra orqanları və həm də yerli icra orqanları tərəfindən göstərilən bütün xidmətlərin siyahısını, onları hüquqi əsasların hazırlanmasını qarşıya qoyub.
Buran da belə qənaətə gəlmək olar ki  ölkədə  xidmətlərlə bağlı  iki Reyestr, elektron formada təqdim olunan xidmətlərin Reyestri və adi, ənənəvi formada təqdim olunan  bütün xidmətlərin Reyestri yaradılmış olacaq.
Ekspertlər də sənədin kifayət qədər ciddi əhəmiyyət kəsb etdiyini düşünürlər. AİF prezidenti, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın kordinatoru Osman Gündüz bu sənədi ölkədə elektron hökumət quruculuğu baxımından bəlkə də ən vacib sənədlərdən biri hesab edir. O,  bu sənəddə  mövcud  elektron xidmətlərdən deyil, məhz oflayn xidmətlərdən, dövlət qurumlarının indiyədək klassik formada təqdim etdiyi  bütün xidmətlərin Reyestrindən söhbət getdiyini diqqətə çatdırır.
Ekspert bildirib ki , bu sənədə görə  hər bir dövlət qurumu özünün vətəndaşlara və hüquqi şəxslərə təqdim etdiyi bütün oflayn xidmətlərini bu Reyestrə daxil etməlidirlər. Həmçinin də bu xidmətlərin  qanuni əsaslarını da Siyahıya əlavə etməlidirlər.
“Beləliklə ölkə üzrə bütün oflayn dövlət xidmətlərinin vahid bir Siyahısı formalaşacaq”- deyə o bildirib.
Yuxarıda qeyd etdik ki müxtəlif dövlət qurumları müxtəlif sayda xidməti elektron formaya keçiriblər . Lakin sual olunur : bu xidmətlərdən hansılar vacib və kütləvi xidmətlərdi. Həmçinin, maraqlıdır , görəsən  bu xidmətlərdən nə qədər insan bəhrələnib.
Elektron Hökumət Portalının statistikasında bunları çox asanlıqla görmək və tendensiyanı müşahidə etmək  olur. Belə ki hazırda Portal tərəfindən 22 sayda Bülleten buraxılıb və  xeyli sayda statistik materiallar burada yerləşdirilib.
Bu məlumatları analiz etdikdə görmək olur ki 20 dövlət qurumunun hər birisinin elektron xidmətlərindən sentyabr ayı ərzində cəmi cümlətani 100-dən az sayda insan istifadə edib. Hətta elə dövlət qurumu var ki , 40-50  və ya 4-5 nəfər xidmətlərdən istifadə edən olub.
Görəsən bu say niyə azdır? Doğurdanmı bu xidmətlər vətəndaşlara lazım deyil?. Bəlkə bu xidmətlər o qədər vacib və kütləvi xidmət deyil.
Xidmətlərin kütləvi və ya az tələb olunan olmasını isə yalnız yuxarıda adı çəkilən Fərmanın icrasından sonra dəqiq bilmək olacaq.
Ekspertlərin də qənaətinə görə də məhz bu sənəd müəyyən etməyə imkan verəcək ki , hər bir dövlət qurumu məhz özünün siyahıda olan neçə xidmətini elektron formaya keçirib,  xüsusən də hansı xidmətlərini elektron formaya çevirib.
Elektron xidmətlərdən istifadə məsələlərində qarşıya çıxan çətinliklərdən biri də xidmətlərin tam olaraq əldə edilməsinin mümkün olmamağıdır. Belə ki hansısa xidməti əldə etmək istədikdə yuxarıda qeyd edildiyi ki yaşayış yerindən arayış və ya digər sənədlər tələb olunur . Hansı ki bu sənədlər-məlumatlar digər dövlət qurumlarında var. Bəs digər dövlət qurumunda olan sənəd nə üçün həmin dövlət qurumundan deyil vətəndaşdan istənilməlidir.
Araşdırmalarımız və ekspertlərin açıqlamaları göstərir ki bu problemin səbəbi dövlət qurumlarının informasiya bazalarının inteqrasiyasının başa çatmamağıdır. Hazırda Elektron Hökumət Portalı tərəfindən dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası ilə bağlı monitorinq aparıldığı bildirilib. Ümid etmək olar ki Monitorinqin nəticələri açıqlandıqdan sonra bu sahədə vəziyyət daha da yaxşılığa doğru dəyişəcək.

Mirvari Nəzərova

PS. Yazı Multimedia Mərkəzi tərəfindən keçirilən “Onlayn Media 2014” müsabiqəsinə təqdim olunur

Öncəki xəbərNövbəti xəbər