Magazine, ZZ-Manşet

“Ölkələr arasında film mübadiləsinin olması təqdirəlayiqdir”

Azərbaycanda mütamadi olaraq xarici ölkələrin film günləri (film həftələri) keçirilir. Bu günlər hər iki ölkənin qarşılıqlı təşəbbüsü ilə baş tutur.

Bakıda keçirilən Polşa film günlərində tamaşaçı qismində iştirak edən Gülşən Hüseynli izlədiyi filmdən məmnun olduğunu deyir:

Film real hadisəyə əsaslanmışdı. Polşa həkiminin risk edərək, az resurslarla çətin bir əməliyyatı həyata keçirməyə cəhd etməsi insanda xoş təəssürat yaradır. Ötən il də Polşa film festivalında  iştirak etmişəm. Həmin festivalı çox bəyəndiyimdən, qərara gəldim ki, bu il də Polşa film festivalını izləyim”.

Digər Tamaşaçı Aynur Nəsirova belə filmlərin maarifləndirmə funksiyasının yüksək olduğunu vurğulayır:

“Baxdığım film çox maraqlı idi. Filmdən öyrəndiyim o oldu ki, bir uğura çatmaq üçün mütləq səhvlər etməlisən. Bundan əvvəl İtaliyan film festivalında və digər xarici ölkələrin film festivallarında da iştirak etmişəm. Sonuncu dəfə izlədiyim İtalyan film festivalını çox bəyənmişdim”.

Azərbaycanın əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə bildirir ki, ölkələr arasında film mübadiləsinin olması təqdirəlayiqdir:

“Bu film festivallarının əhəmiyyəti odur ki, bütün  kinematoqrafçılarımızın xaricə gedib festivallarda iştirak etməyə imkanı yoxdur. Bu festivallar  ölkədə keçiriləndə rejissor, operator, aktyorlar və digər sənət sahibləri həmin filmlərə baxıb yeniliklərdən yaradıcılıq məqsədi ilə  istifadə etmək imkanı qazanırlar”.

Kinoprodüser, rejissor  Fəhruz Şamıyev isə qeyd edir ki, belə film həftələrində nümayiş olunan filmlərin mənəvi zövqlə yanaşı, bir üstün cəhəti də odur ki, bu filmlərin əksəriyyəti qeyri-kommersiya xarakterli olur:
“Bu ənənəni sürətləndirmək lazımdır. Bunun üçün birinci addım odur ki, həmin ölkələrin səfirlikləri, onların mədəniyyət attaşeləri ölkələrinin təbliği üçün film həftələrini keçirməlidirlər. Bizim film sahəsində çalışan yaradıcı insanlar film günlərindən yararlana bilərlər”.

Film günlərinin tamaşaçılar üçün əhəmiyyətindən də söz açan Aydın Kazımzadənin sözlərinə görə bu cür film günləri nə qədər çox keçirilsə, yerli tamaşaçılar daha çox maariflənər və zöqləri yüksək olar:

“Bu film günləri tamaşaçılar üçün də əhəmiyyəti var. Əgər yerli tamaşaçılar xarici filmlərə gedib baxırlarsa, mən onları alqışlayıram. Çünki elə xarici filmlər var ki, onlar bəşəridir və bu cür fimlər insan üçün mənəvi qidadır”.

Film festivallarının keçirildiyi məkanlardan biri Nizami Kino Mərkəzidir. Mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirir ki, xarici ölkələrin mədəniyyət nazirlikləri və ya şöbələri Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayır və öz ölkələrinin film günlərinin təşkilini təklif edirlər. Bəzən də xarici ölkələrin səfirlikləri birbaşa kinoteatra müraciət edirlər:

“Nizami Kino Mərkəzində il ərzində bir neçə film festivalları (günləri – m.) keçirilir. Bəzən elə olur ki, hansısa ölkənin Azərbaycanda həftəsi keçirilir və bu tədbir çərçivəsində də həmin ölkənin filmləri nümayiş olunur. Məsələn, 3-4 ildir ki, kinoteatrımızda Rusiya filmləri həftəsi keçirilir və demək olar ki, 500 nəfərlik zalımız hər film nümayişində dolu olur.  Biz həm də, sosial şəbəkələr, saytlar, kütləvi informasiya vasitələri ilə film həftələri, festivalları barədə məlumatları yaymağa çalışırıq”.

Qeyd edək ki, Azərbaycanda kino günləri mədəniyyəti Sovet dövründən formalaşmağa başlayıb.

 

 

Öncəki xəbərNövbəti xəbər