GSR TV, Reportaj

“Ölümlərin azalması üçün hamiləliklər planlaşdırılmalıdır” - Reportaj

5 il əvvəl Zərdab rayonunda doğuş zaman dünyasını dəyişən və bətnindəki körpəsini itirən Vüsalə Bəşirovanın anası Gözəl Sadiqova, qızının ölümündən danışır. O, bildirir ki, Vüsalənin 2 uşağı olub,  3-cü uşağı dünyaya gətirən zaman isə həyatını itirib:

“Heç bir xəstəliyi olmayıb. İki uşağı normal doğulub. Aradan 10 il keçmişdi.Yenicə hamilə olanda Sumqayıta  gəlmişdi, sonra gəlməmişdi. Axırıncı dəfə gələndə 2 aylıq idi. Mən apardım həkimə, mikroba qarşı bütün analizləri verdim. Elə bir problem çıxmadı”.

Gözəl xanım qeyd edir ki, doğuş zamanı yaranan problemdə xəstəni Bakıya göndərmək barədə heç kəs təklif irəli sürməyib:

“Qaynanası bilirdi ki, bu gəlin çətin yatır, əvvəlcədən tədbir görəydilər. Qızın özünə qaynanası deyib, gəl səni aparaq şəhərə, anan da şəhərdədi. Gəlmiyib. (Qaynanası) Get anan özü aparsın səni həkimə, (Vüsalə) deyib,  utanıram mən atamdan, getmirəm. Uşaq ölü doğulub, sonra özü deyib boğuluram.(Zərdabdan) qoyublar maşına göndəriblər Ucara, yolda da elə komaya düşüb.  Deyirlər ki, stress keçirdi. Stress keçirəndə maşına qoyub, başqa yerə göndərirlər yoxsa uzandırıb, sakitləşdirirlər?!”

Anaların doğuş zamanı ölüm səbəbləri haqda tibbi ekspert Adil Qeybulla bildirir ki, burada çox sayda obyektiv və subyektiv amillər var:

“Doğuş istənilən halda icbari tibbi sığortanın əhatə elədiyi sosial müdafiənin bir forması olmalıdır. Amma biz hələlik  təəssüflər olsun ki, biz bundan əhalinin yararlandığını görə bilmirik. Bəzən xəstələrin özləri  doğuş prosesinə qədər olan müddətdə müayinə olunmurlar, müxtəlif infeksiyalarla hamiləliyə daxil olurlar, hamilə qalırlar. Yaxud da yanaşı ağır xəstəliklər, şəkərli diabet, böyrək çatışmazlığı və digər xəstəliklərlə hamilə qalırlar. Orqanizm üçün ciddi, fizioloji yükdür və bu vəziyyətdə  yanaşı xəstəliklərin şiddətlənməsi  hamiləliyin gedişi boyu mümkündür”.

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununda bildirilir ki, icbari  tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Tibbi ekspert həmçinin qeyd edib ki, hamiləliklər protokollarla aparılmalıdır  və qadın hamilə qalana qədər hamiləlik planlaşdırılmış olmalı, təsadüfi hamiləlik olmamalıdır:

“İnsanlar da maariflənməlidirlər. Öz səhhətlərinə diqqətlə yanaşmalıdırlar, hamiləlik vaxtı həkimlə əlaqə saxlamalıdırlar. Ginekoloji konsultasiyalara, məsləhətxanalara getməlidirlər .Ola bilər ki, birinci hamiləlikdə tam sağlam qadın, ikinci hamiləliyində ciddi xəstəliyi olsun.  Bunları nəzərdən qaçırmaq olmaz” .

Mövzu ilə bağlı hüquqşünas Günel Səfərovanın fikirlərini də öyrəndik. O bildirir ki, birinci mütləq müəyyən olunmalıdır ki, doğuş zamanı ananın və uşağın ölüm faktı nə ilə əlaqədardır:

“Bu sahədə qanunda birbaşa  göstəriş olmasa da, amma cinayət məcəlləsinin 42.2-ci maddəsində, xüsusilə həkimin məsuliyyəti ilə bağlı xüsusi maddələr var. Məhkəmə tibbi ekspertizası keçirilməlidir və onlar müəyyən etsə ki, burda həkimin səhlənkarlığı  və ya hər hansı bir günahı vardır, o zaman tutaq ki, 342.3-də qulluğa səhlənkar yanaşma var, 313-cü maddədə vəzifədən sui istifadə var” .

“Rasional İnşikaf Uğrunda Qadınlar Cəmiyyəti”nin sədri Şəhla İsmayıl isə qeyd  edir  ki, bu məsələyə birmənalı yanaşmır :

“Məsələyə 3 aspektdən yanaşardım. Birinci məsuliyyətsizlik,  tibbi və sosial aspekt. Məsuliyyətsizliyi hər iki tərəfə şamil etmək olar. Sözsüz ki, insanlarda yetərincə  maarifləndirmə işlərinə bir o qədər can atmırlar. Ikinci tərəfi tibbi məsələdir ki, Azərbaycanda yetərincə maarifləndirmə proqramları yoxdur ki, yetərincə vaxt, zaman, efir zamanı da ayrılmır ki, insanlar bu məsələ ilə bağlı normal, dolğun məlumat ala bilsinlər. Üçüncü  məsələ də ki, sosial məsələdir ki, insanların sosial rifahı çox aşağı səviyyədədir və həkimə müraciət etmək məsələsi ailələrdə gündəmə o vaxt gəlir ki, artıq insanlar çox ciddi səhhət problemləri ilə üz-üz qalırlar” .

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə 2015-ci ildə Azərbaycanda 24 ana ölümü baş verib. Bu hadisələrin bəzilərində isə hər ikisinin – ana və bətnindəki körpənin ölümü müşahidə olunub. 2010-2015-ci illər ərzində isə Azərbaycanda 153 ana ölümü hadisəsi baş verib.

Öncəki xəbərNövbəti xəbər