İdman, ZZ-Manşet

“Olympic Moves 2017″də məktəbdaxili velosiped yarışı keçirilib

olympic-moves-29-nomreli-mekteb“Olympic Moves 2017” proqramı çərçivəsində 17 yanvar 2017-ci il tarixində Xətai rayon 29 saylı orta məktəbin “Velosiped İdman” növü üzrə məktəbdaxili yarışı keçirilib.

GSR.fm xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının iştirakı ilə keçirilən yarışda velo idman ustaları da öz bacarıqlarını göstərərək şagirdləri ruhlandırıblar.

Velosiped İdmanı Federasiyasının (AzVİF) PR Meneceri Faiq Qurbanov Federasiyanın “Olympic Moves” proqramına 2016-cı ildən qoşulduğunu bildirib: “Federasiya rəsmisi kimi deyə bilərəm ki, şagirdlər bu yarışa çox hazırlıqlı gəliblər. Nümayəndələrimiz uşaqlara lazımı göstərişləri verib, onları istiqamətləndirdilər. İnanıram ki, bu velosipedçi şagirdləri final yarışlarında da görəcəyik. Azərbaycan velosipedçiləri ölkəmizi istənilən beynəlxalq yarışda təmsil etməyə hazırdır”.

“Olimpic Moves” proqramının Velosiped İdmanı yarışı üzrə baş hakimi Əbülfəz Məmmədov isə şagirdlərin velosiped yarışlarına cəlb olunmasının gələcək Olimpiyada komandasının formalaşmasına kömək edəcəyinə inamını bildirib: “Uşaqlarda gözlədiyimdən artıq maraq gördüm. Hamısı həvəslidir. İstərdim ki, “Olympic Moves” proqramı yekunlaşandan sonra da velosipedlə məşğul olmağa davam etsinlər. Bu işdə müəllimləri onlara dəstək olmalıdır”.

Yarış nəticəsində 29 saylı məktəbin şagirdləri arasından ən yaxşıları seçilib, məktəblərarası mərhələdə iştirak şansı qazanıb. Aktiv iştirakçılar isə həvəsləndirici mükafatlar əldə ediblər.

“Olympic Moves” proqramının əsas məqsədi Avropa Oyunlarının idman irsini davam etdirərək məktəblər arasında adı çəkilən idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam həyat tərzinə cəlb etməsi ilə yanaşı Olimpiya dəyərlərini təşviq etməkdir. Oyunlar 5 idman növü – Voleybol, Basketbol, Badminton, Velosiped yarışı və Atletika növü üzrə Bakı, Sumqayıt, Gəncə, Göygöl şəhərlərinin məktəbliləri arasında keçirilir.

Qeyd edək ki, “Olimpic Moves” proqramı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və oyunların ümumdünya tərəfdaşı “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

 

Öncəki xəbərNövbəti xəbər