Reportaj, Z-Manset

Onlar parkda rahat dincəlmək istəyir - Reportaj

Sökülmüş karusellərdə oynayan uşaqlar, vaxtını  keçirməyə çalışıb nərd atan qocalar, parkda dincəlməyə çalışırlar. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən, Milli Qəhrəman Cavanşir Rəhimovun adını daşıyan park artıq dörd ilə yaxındır ki, bağlıdır. Parkın ərazisində atılıb qalan tikinti materialları və məişət tullantıları olmasına baxmayaraq sakinlər dincəlmək üçün bu parka üz tuturlar.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, park bağlandıqdan sonra bir müddət təmir işləri aparılsa da sonradan bərpa işləri dayandırılıb. Hazırda ərazi istirahət üçün təmamilə yararsız haldadır.

Qaraçuxur qəsəbə sakini  Qafar  Salmanov bildirir ki, parkın bağlanma səbəbi kimi onlara təmir-bərpa işləri göstərilib amma hazırda parkda heç bir təmir işi görülmür.

Adının çəkilməsini istəməyən digər sakin isə qeyd edir ki, parkda son bir ildə təmir-bərpa işləri aparılıb. Sakinin sözlərinə görə, təmir dayandırıldıqdan sonra qalan tikinti materialları oğurlanıb.

Hazırda parkda dincəlmək üçün heç bir şəraitin olmamasından şikayətlənən sakin lazımi qurumlara etdikləri müraciətlərin heç birinə baxılmadığını bildirir. “Hər kəs dövlət mülkünü öz mülkü sayır. Əvvəllər bundan fərqli idi. Daha yaxşı idi vəziyyəti, indi isə daha pisdir. Göz düzəltdikləri yerdə, vurub o biri göz çıxartdılar”.

Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarov isə parkın əsaslı təmir üçün keçən il bağlandığını və təmir işlərinin Mədəniyyət və Turizm Nazirliyinin təmir tikinti şöbəsinə verildiyini bildirdi. Şöbə müdirinin sözlərinə görə, cari  ilin sonunadək parkın təhvil verilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təmir tikinti şöbəsindən mövqe almağa çalışsaqda, şöbədən zənglərimizə cavab verən tapılmadı.

Hazırladı:  Əfsanə Salehova

                   Bakı Dövlət Universitetinin I kurs tələbəsi

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.