Siyasət, ZZ-Manşet

Oqtay Əsədov Qətər səfirini qəbul edib

oqtayMilli Məclisin sədri Oqtay Əsədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətər dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fəhd əl-Tanini qəbul edib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, spiker Azərbaycanda missiyasının başa çatdığı ərəfədə qonağın belə görüşlər keçirməsini müsbət dəyərləndirib. O qeyd edib ki, Azərbaycan və ərəb xalqlarının dini, mədəni bağlılığı, bir çox beynəlxalq problemlərlə əlaqədar mövqelərin üst-üstə düşməsi münasibətlərin gələcək inkişafı üçün yaxşı zəmin yaradır: «Biz Qətərlə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir». O. Əsədov əlaqələrin dərinləşməsində parlamentlərin böyük rol oynadığını, Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini vurğulayıb. O, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsini günün tələbi hesab etdiyini, iş adamları arasında görüşlərin təşkilinin, tərəflərin iqtisadi imkanları barədə təqdimatların keçirilməsinin, ticarət sahəsində xüsusi proqramın hazırlanmasının vacibliyini bildirib. Mübarək bin Fəhd əl-Tani Qətər dövlətinin səfiri kimi Azərbaycandakı fəaliyyəti dövründə əlaqələrin dərinləşməsi üçün görülən işlərdən danışıb. O, təmsil etdiyi dövlətin Azərbaycana böyük maraq göstərdiyini və həyatın müxtəlif sahələrində əlaqələri genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, gələcəkdə harada çalışmasından asılı olmayaraq o, iki dost ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün öz qüvvə və bacarığını əsirgəməyəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.