Cəmiyyət

“Otun üstündə oturmaq olmaz!”

Yayın istisində şəhər boyu parklarda ot örtüyünün üstündə uzanıb dincələn, kitab oxuyan, musiqi alətlərində ifa edən gənclərə rast gəlmirik. Bəli, düz eşitdiniz!!!  Rast gəlmirik!!!

Səbəb isə parkların nəzarətçilərinin “ot örtüyünün üstünə çıxmaq olmaz!” qadağasıdır. Şəhər sakinləri arasında  bu qadağadan şikayətlənənlər var.

Qəmər Quluzadə :

Xarici ölkələrə gedib baxanda görürük ki, doğrudan da orada istirahət eləyirlər yaradılmış yaşıllıqlarda, amma, bizdə, yəqin ki, sadəcə olaraq bəzək üçün qurulub. 

Elməddin Novruzov:

Elmlər Akademiyasının qabağında oturmuşduq sonra bizi qaldırdılar. Olmaz dedilər, qanun icazə vermir, dedik, qanundur da tapdalamayaq.

Rauf Şükürov:

Dincəlmək üçün ən yaxşı istirahət məkanı, mənə elə gəlir, elə otun üstündə piknik eləmək çox gözəl olar.

Belə qadağa olan parklardan biri də “İçəri Şəhər” metro stansiyasının yaxınlığında yerləşən şair Mirzə Ələkbər Sabir adına bağdır. Parkın bağbanı Canbulat Qaplanov deyir ki, buna səbəb ot örtüyünün təbii olmamasıdır.

Canbulat Qaplanov:

Qazonu şirkət gətirir, gətirirlər fəhlələr yığır, döşənir, sonra sulanır, arada başlayırıq biçməyə. Bizim şirkət icazə vermir qazonda gəzməyə, çünki gəzəndə o xarab olur, bu özü bitmir axı, bir var yerdən özü çıxa, təbii ot deyil, gətiriblər döşəmişik.

Sabir bağının abadlığına nəzarət edən “Bakı Abadlıq Xidməti”nin səlahiyyətli nümayəndəsi Elmar Eminov isə deyir ki, onlar tərəfindən otluqlarda istirahətə qadağa yoxdur.

– Belə bir qadağa sizin tərəfənizdən olur, Bakı Abadlığın?

– Yox, yox, bizim tərəfimizdən heç bir qadağa yoxdur.

Məsələ ilə bağlı fikirlərini bizimlə bölüşən Bakı Şəhərsalma İdarəsinin departament rəisi Cahangir Qocayev təbiət qoynunda istirahət etmək istəyənlərin meşəliklərə və dağlara getmələrini məsləhət görür. O, deyir ki, şəhər parklarındakı yaşıllıqlar istirahət üçün yox, gözəllik üçündür.

Cahangir Qocayev:

O,  parka gələn insanların hamısı həmin yaşıllıqların üstündən keçsə, orda iz salsa, onu tapdağa çevirsə o yaşıllıqlar məhv olar. Süni yaradılan mühit orada uzanmaq üçün deyil, o görüntü müəyyən mənada insanlarda estetik tərbiyə üçün yaradılıb orada. Gətirilmə çəmənlikdir,  yalnız gözəllik üçündür. Bulvar, park, bağların təyinatı üzrə istifadə olunmasına nail olmaq üçün insanların bu istiqamətdə maariflənməsi baxımından xeyli iş görməliyik. 

Ailəvi istirahət üçün parklardakı yaşıllıqların əvəzsiz olduğunu deyən psixoloq Dəyanət Rzayev belə qadağaların gənclərin istirahətini məhdudlaşdırdığını hesab edir.

Dəyanət Rzayev:

Bugün nə qədər absurd fikirdir ki, olmaz, niyə olmaz ? Bu otluq nəyə görədir? Bu ot ona görədir ki, insanlar bundan zövq alsın, həm baxsın həm istirahət eləsin.  O otun üstündə uzanmaq lazımdır. Ot xarab olmur.  Sadəcə, qulluq etmək lazımdır ota. Bəs insanlar Azərbaycanda harda dincəlsin? Otluqlar edin qoy gedib dincəlsinlər, qoy uzansınlar otun üstündə.

“Azərbaycan Yaşıllar Hərəkatı”nın rəhbəri Fəridə Hüseynova isə parklardakı yaşıllıq örtüyünün üzərində istirahətin qadağan olunmasını doğru sayır. Bunu həmin örtüyün salınmasının bahalı proses olması ilə əlaqələndirir.

Fəridə Hüseynova:

Düzünə qalsa Azərbaycanda çox baha başa gəlir otluq. Yağıntı az olduğuna görə oranı suvarmaq üçün həm fəhlələrin maaşı, həm su xərci, onlar hamısı, həm su özü baha başa gəlir ki, onlar demək olar ki, qızıl qiymətinə olur ona görə qorumağa çalışırlar.

Hüquqşünas Xalid Ağaliyev isə belə qadağaların qanunda nəzərdə tutulmadığını qeyd edir. Hər hansı bir icra hakimiyyətinin yaxud parklara nəzarət edən qurumların şəxsi nizamnaməsində belə qadağanın ola biləcəyini bildirən hüquqşünas  bunu düzgün addım kimi qiymətləndirmir.

Xalid Ağaliyev:

Bu məsələ qanunla tənzimlənmir, yəni, qanunla buna hər hansı bir yasaq yoxdur. Parklarda yasaqların qoyulması o doğru deyil. İstirahət üçün nəzərdə tutulan parkda qazonun üzərinə çıxmağa imkan verilmirsə bununla artıq istirahət hüququnun pozuntusunu mübahisələndirmək olar.

Bakı Şəhər İcra hakimiyyətinin Yaşıllaşdırma Təsərüfatı Birliyindən radiomuza verilən məlumata görə, parklarda ot örtüyünün üstündə istirahətlə bağlı onlarda da heç bir qadağa nəzərdə tutmayıblar.

Məşhur bir filmdə də deyildiyi kimi, nə şapdadır nə şupda hamı tarap turupda. Heç bir qurum bu qadağanı öz üzərinə götürmür. Bəs bu qadağanı kim qoyub ?

Hazırladı: Nuranə Rəhimova

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.