Bloq, P.S, ZZ-Manşet

Özünüzü bağışlayın. Onları isə…

aide_selim“İnsan ancaq özünü bağışladığı zaman başqasını da bağışlayar” deyirlər. Əslində, bağışlamaq nə qədər böyük bir hiss olsa da, bağışlanılmağı bacarmaq da bir o qədər böyükdür. Birinin qəlbini qırırsınız, incidirsiniz, sonra üzr istəyirsiniz. Yaxşı, bəs hamı üzr istəyir mi? Yaşatdıqları üçün, kiminsə göz yaşlarına səbəb olduğu üçün, kimisə incitdiyi üçün. Əlbəttə ki yox. Bağışlamaq və bağışlanılmağı istəmək gözəldir, amma bağışlanılmağa layiq olmaq- bax bu, ikisindən də gözəldir, deyərdim.

Psixoanalizin atası hesab edilən Freyd hələ vaxtilə belə demişdi: “Üzr istəmək sənin haqsız, qarşı tərəfin isə haqlı olduğu mənasına gəlməz. Verdiyin dəyərin “eqo”ndan yüksək olduğunu ifadə edər.” Yəni siz kimdənsə üzr istəyir, bağışlanılmaq istəyirsinizsə, bir növ eqonuza da qalib gəlmiş olursunuz. Eqonuz bəlkə  də sizə o iki kəliməni- “Üzr istəyirəm”i deməyə icazə verməyəcək. Ancaq diqqət edin ki, bağışlanılmaq istədiyiniz insanın dəyəri nə qədər böyükdür? Təbii ki sizin onun yanındakı səhviniz də həmçinin.

Zənn edərsəm, mövzu kimisə bağışlamağa və ya digər sözlə desək “ikinci şans” verməyə, onun şansını dəyərləndirməyə gəldikdə, dəyər söhbətinin  “dəyər”i kobud dillə desək “ölür”. Necə? – deyə sual meydana çıxa bilər.  Gəlin bir az açıq danışaq. Bir insana  ikinci şans niyə verilməlidir ki? Zamanında ona verilmiş şansı dəyərləndirə bilməyən insan sizcə, ikinci şansın qədrini biləcək, düzələcək mi? Buna həqiqətən də inanırsınız? Niyə özünüzü aldadırsınız? Unutmayın, yolun əvvəlində necəsinizsə, yolun sonunda da elə olacaqsınız. Dəyişən sadəcə yolunuz və qət etdiyiniz məsafələrdir, siz yox. İkinci şans və ya bağışlamaq da eynilə bunun kimidir. Sizi incidəni 100 dəfə bağışlayacaqsınız, 101-ci cəhddə yenə də bildiyini edəcək. Ona görə də boşuna israf etməyin bağışlamaq hissinizi. Öldürməyin dəyərini “Üzr istəyirəm” kəliməsinin. Bağışlamayın! Yox, əgər  kimisə bağışlamaq istəyirsinizsə, o insan özünüz olun.

Bağışlayın özünüzü. Keçin sizi incidən insanların qarşısına və sadəcə bunları söyləyin:

“Məni incitdiyiniz üçün sizi bağışlamıram. Etdiklərinizə qarşı bu qədər dözümlü olduğuma görə o səbri özümə bağışlayıram…

Kifayət qədər lazımsız yerə aldığınız vaxtımı sizə bağışlamıram.  Amma hər şeyi bir kənara qoyub, sizi dəyərli hesab etdiyim üçün ayırdığım zamanı özümə bağışlayıram…

Hər qəlbimi qırdıqda axıtdığım göz yaşlarımı sizə bağışlamıram. Amma o göz yaşlarından sonra üzümdə təbəssüm yarada bildiyim üçün göz yaşlarımı özümə bağışlayıram…

Ən çətin anlarımda məni tək buraxdığınız üçün sizi bağışlamıram. Amma  o məqamda daha da güclü ola bildiyim üçün təkliyimi özümə bağışlayıram…

Sayənizdə insanlara olan inamımı azaltdığınız üçün inamsızlığımı sizə bağışlamıram. Amma o inamsızlıqla sadəcə özümə güvəndiyim üçün elə inamı da özümə bağışlayıram…

Sizinlə hər nə qədər xoş günlər keçirsəm də, o xoşbəxtliyimi sizə yox özümə bağışlayıram… Və ən əsası, sizə verdiyim dəyər. O dəyərimi də elə özümə bağışlayıram! Sizi bağışlamıram, sadəcə özümü bağışlayıram. Özümü…”

Müəllif: Aidə Səlim


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər