Regionlar Danışır

Qafqaz ruslarının kəndi – İvanovka

İvanovka İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kəndin əsası 1847 – cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Kəndin adı isə onun yaradıcısı olan kənd sakini İvan Perşinin şərəfinə qoyulub. 1930-cu ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi “kolxoz” qurulub və o bu günki günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən NikolayVasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb.

Kənddə ruslar, ukraynalılar, yəhudilər, tatlar, ləzgilər yaşayırlar. Lakin İsmayıllının İvanovka kəndinin adı çəkiləndə ilk yada düşən molokan anlayışı olur. Çünki buradakı əhalinin böyük əksəriyyətini məhz molokanların nəslinin davamçıları təşkil edir. Molokanlar xristianlığın pravoslav qolunun təriqətlərindəndir. XVIII əsrin ikinci yarısında Rusiyada yaranıb. Molokanlar XIX əsrin birinci yarısında çarizmin ruslaşdırma siyasətinin bir parçası olaraq Azərbaycana sürgün ediliblər. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurublar, qaynayıb-qarışıblar. Hazırda, Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar.

İsmayıllıda yaşayan molokanlar, yəni ivanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və sair kimi məhsulları daxili bazarda öz yerlərini alıblar. Kənddə bir neçə sex, park və zavod fəaliyyət göstərir. Bakıda yerləşən İvanovka mağazasında bu kəndin ekoloji təmiz məhsulları satışa çıxarılır. İvanovkanın ən məşhur brendi eyniadlı şərab, xama, günəbaxan yağıdır. İvanovkanın çörəyi də məşhurdur. 2 – 3 kq ağırlığında olan kərpic formalı çörək uzun müddət xarab olmur. Mayalı xəmirdən bişirilən çörəyin hazırlanması da bir neçə gün çəkir. Təbii maya ilə xəmirin mayalanmasınıuzun müddət gözləməli olurlar.

Kənddə geniş qeyd olunan bayramlardan biri də 9 May –Qələbə Günüdür. İldən ilə sayları azalsa da, sağ olan veteranlar və onların ailələri mütləq

hər il bu gün  hərbi parad kostyumlarını geyinir, medallarını taxır və Böyük Vətən müharibəsi abidəsinin önündə toplanırlar.

Kənddə məhsul bayramı da keçirilir. İvanovkadakı digər bayramların hamısı dini xarakterlidir.

 

Öncəki xəbərNövbəti xəbər