Reportaj, Sosial, ZZ-Manşet

Qalada keçən 36 il - Reportaj

  Azərbaycanın əksər bölgələrində özünəxas üslubu ilə seçilən müxtəlif qalalar mövcuddur.Bu qalalardan biri də Mərdəkan qəsəbəsində yerləşən və 12-ci əsrə aid “Böyük Mərdəkan Qəsri”-dir. Qalanı daha yaxından tanımaq məqsədi ilə, Mərdəkana üz tutduq.

Qalada mühafizəçi  kimi fəaliyyət göstərən Vidadi dayı ilə tanış olduq.

Artıq 36 ildir ki, Vidadi Əmrulla oğlu hər gün qalada onlarla turist qəbul edir. 70 yaşlı Vidadi dayı buranın yeganə işçisidir. O iki övlad atasıdır.

Həm də 2 nəvəm var. Onlar mənim dərmanımdır. Kiçik nəvəm rəqsə gedir. Böyüyü də kimyaçı olmaq istəyir”.

  Vidadi dayı işlərin çoxluğuna baxmayaraq, “dördkünc” qalaya nəzarət etməkdən zövq aldığını qeyd edir. Onun dediyinə görə, ona həyat yoldaşı və bəzən xalası oğlu da təmizlik işlərində kömək edir.

“Əslində öyrəşmişəm, bu işlərin öhdəsindən gəlmək o qədər də çətin deyil. Əsas tariximizdir, bura qonaqlar gəlir. Sadəcə havalar küləkli olduğu vaxtlar otları vurmaq çətin olur. Girişdə də ağaclar və güllər əkirəm. İnşallah, gələn aya artıq qalanın ətrafını səliqəyə salacağam. Bu tarixi abidələri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur”.

Onun sözlərinə görə, buraya təyin olunduğu ilk vaxtlarda, Sovet dövründə, qalaya o qədər də çox adam gəlmirdi.

“Qala elə o vaxtdan necə var elə də qalıb, heç nə dəyişməyib. Mən inanıram ki, qalanın layihəsi tezliklə həyata keçiriləcək, yeni ştatlar yaradılacaq. Düzdür, mən də ümidlə yaşıyıram və istəyirəm mənim də gözümün qabağında nəsə olsun, amma bunlara da maddiyyat lazımdır. Tələsməyə ehtiyac yoxdur”.

Vidadi dayı hər gün səhər saat 8-dən axşam 7-yə qədər işinin başında olur. O, ömrünün sonuna qədər burada çalışıb qalaya nəzarət etmək istədiyini vurğulayır.

O, buraya gələn ziyarətçilər haqda fikirlərini də bölüşür:

“Axır vaxtlar Rusiya tərəfdən və Şərqdən qonaqlarımız çox olur. Gündə ən azı 5-6 turist gəlir. 2 ildir diqqət verirəm, cavanların buraya marağı azalıb. Bilmirəm, bunun səbəbi nədir. Adicə gedib məktəblilərdən soruşsaq, heç qalanın adını deyə bilməzlər.

Hər gün burada tullantılar tapıram, hətta quyuya da zibil atıblar. Bunu həm bizimkilər, həm də xaricilər edirlər. Keçən il buradan iki kisə zibil yığmışam. Sakinlərə deyirəm gəlin gedək qalada “subbotnik” (iməcilik- m.) eliyək, heç kim razı olmur”.

Vidadi dayı turistlərin marağını daha çox cəlb etmək üçün qalanın qülləsində quşlar saxlayır.

“Bu quşları mən keçən ildən burada saxlayıram. Daha çox tovuz quşuna oxşar, dekorativ quşlardır. Qışda yığıram, havalar isti olanda buraxıram ki ,turistlər üçün daha da maraqlı olsun. İki gündən bir qalxıb yem verirəm”.

Bundan başqa, Vidadi dayı turistlərlə rus, ərəb, ingilis dillərində ünsiyyət qurmağa çalışır.

“Oğlum tərcüməçidir. O mənə bir az ingiliscə, ərəbcə öyrədib. İnsan nə qədər çox dil bilərsə, o qədər xoşbəxtdir. Xaricdən gələn ziyarətçiləri başa salmaq və düzgün anlaşmaqdan ötrü gərək bir dil biləsən. Mən demirəm ki, tam bilirəm. Öz işimə dair bəzi sözləri bilirəm”.

Vidadi dayı bizi öz evinə dəvət edərək kitablarını, “Böyük Mərdəkan Qəsri”nə aid fotoarxivi və  bəzi tarixi faktları bizimlə bölüşdü.

“Bura mənim atamın evi olub. Uşaqlıqdan burada yaşayıram. Elə burada yaşadığım və məsuliyyətli olduğum üçün məni qalanın mühafizəsi vəzifəsinə təyin etdilər”.

Vidadi dayıyla yenidən qalaya qayıtmadıq, elə evindəcə sağollaşıb ayrıldıq.

Öncəki xəbərNövbəti xəbər