İdman, ZZ-Manşet

“Qarabağ” səfərdən qalibiyyətlə gələcək”

 

uefa

24 noyabrda Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. “Qarabağ” səfərdə nın “Slovan” komandası ilə qarşılaşacaq. CBC Sport kanalının baş redaktoru Rövşən Binnətli oyunla bağlı fikirlərini  GSR.fm-ə bildirib. “Qarabağ”ın bu cür turnirlərdə həmişə startda yaxşı oyun nümayiş etdirə bilmədiyini deyən Rövşən Binnətli daha sonra vurğulayıb ki, zaman keçdikcə komanda güclənir:

“Son illərin statistikasına fikir versək, görərik ki, komanda oktyabr ayının sonu, noyabr ayında ən yüksək hazırlıq səviyyəsində olur. İndi də həmin hazırlığın demək olar ki, ən yüksək nöqtəsindədirlər. Bakıdakı oyunda rəqib son dəqiqələrdə vurduğu qol ilə məğlubiyyətdən qurtulsa da, düşünürəm ki, “Slovan”la oyunda “Qarabağ” qalib gələcək. “Slovan”ın çempionatda zəif nəticə göstərməyi, Avropa liqasında da tək xalı “Qarabağ”dan alması deyil, “Qarabağ”ın oyun səviyyəsinin yüksəkliyi belə deməyə əsas verir. Mən, düşünürəm ki, bugünkü görüşdə “Qarabağ” nəinki uduzmayacaq, səfər oyunundan qalibiyyətlə dönəcək”.

Rövşən Binnətli, həmçinin hər iki komandanın kapitanının oyunda olmamasına  fikir bildirib. Rəşad Sadıqovun yoxluğunun bir problem yaratmayacağını deyən Rövşən Binnətli əlavə olaraq vurğulayıb ki, “Qarabağ”da artıq bir müddətdir ki, Sadıqov oynamır və komanda buna öyrəşib:

“İstənilən halda aparıcı oyunçuların oyunda iştirak etməməsi komandanın oyun tərzinə bu və ya digər şəkildə təsir göstərir. “Qarabağ”da Rəşad Sadıqovun çıxış etməməsi bu günün söhbəti deyil. Yəni, müəyyən müddətdir ki, Rəşad Sadıqov oynamır. Bu boşluğu doldurmaq üçün Qurban Qurbanov müxtəlif variantlardan istifadə edir. Əgər bu gün Rəşad Sadıqov meydanda yoxdursa, müdafiənin mərkəzində kimin oynayacağı ilə bağlı bir neçə variant var. Hansı varianta üstünlük veriləcəyini dəqiq demək olmur. Yəni, müdafiənin mərkəzində Elvin Yunuszadə ilə Bədavinin oynayacağı, yoxsa Maksimin müdafiənin mərkəzinə çəkiləcəyi ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Çünki variantlar müxtəlifdir. Rəşad Sadıqovun oyunda olmaması, təbii ki, müəyyən qədər öz təsirini göstərəcək. Çünki onun oyunda olması komanda üçün böyük mənəvi dəstəkdir. Düşünürəm ki, Rəşad Sadıqovun oynamamasına adət etmiş “Qarabağ” o boşluğu layiqincə doldura biləcək”.

 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Öncəki xəbərNövbəti xəbər