Bloq, P.S, Z-Manset

Qarlı gündə itirdiyim anam - Bloq

rufane gunesQarlı fevral gününü xatırlayıram. Donmuşdum. Yox, yox donmağıma səbəb soyuq deyildi.
Səhərə yaxın yuxudan oyandım, atamı da oyatdım. Qapının ağzında dursun ki, həyətə düşəndə qorxmayım. Evə geri qayıdanda anamın yatdığı yerə baxdım. Axşamdan necə uzanmışda, heç yerindən tərpənməmişdi:
– Ata, anam qolunu altında qoyub. Niyə axşamdan elə yatıb?
Atamın cavabında yalnız susqunluq var idi. Yenə də anlamadım. Bir saat keçmişdi, kəndin mollası gəldi, əmimin həyat yoldaşı, əmim. Gəldilər, gəldilər. Yerə xalçaları sərməyə başladılar. Əmimin yoldaşı məni evlərinə göndərdi. İndi anlamışdım. Anam…
Əmimgillə evimizin arasındakı məsafə çox az idi. Onlara getdim. Ağlamaq istəyirdim, ağlaya bilmirdim. Amma ağlamalıyam axı. Bizə doğulandan deyiblər ki, biri öləndə ağlamalısan. Bəs niyə gözümdən yaş gəlmir?
Getdim, məndən balaca, həmişə bir yerdə böyüdüyüm əmimoğlu orta evdə (kənddə evlərin otaqlarına da ad qoyurlar) yatmışdı. Onun qarşısındakı çarpayıda oturdum. O yatmışdı, mən də boş gözlərlə ona baxırdım. Oyandı və mənə baxdı.
– Qaqi (uşaqlıqdan onu belə çağırırdıq) anam öldü.
Elə qəribə səslə dedim ki, heç nə hiss etmirdim.
Bundan sonrasını necə xatırlayırsan?,- desələr, cavabımda, otağın divarına söykənib, donuq baxışlarla bir nöqtəyə baxdığımı və qışqırıb, gülmək istədiyimi deyərəm. Bəli, bəlkə də məni qınayanlar olacaq ki, gülmək?
Anam ağ kəfəndə bir gecə qonağımız oldu. Qəribə idi, mənim anam otaqda uzadılıb və ağ. Getdim, kəfəninin açdım və ünüzndən öpdüm. Son dəfə. Bir gecə qonaq saxladılar evimizdə, evindən doysunlar dedilər. Necə qəribə düşünürdülər, hər daşında zəhməti olduğu evində bir gecədə doyacaqdı?
Səhəri apardılar anamı. Atamın bacımın yanında dəfn edərsiniz demişdi. Sözünü əməl edirdilər. Aparırdılar. O an ayıldım. Fəryad qopardım. Bunun başqa adı olmazdı yəqin, ancaq və ancaq fəryad. Sonra eşitdim deyirlər:
– Zenfiranın qızına halaldır, necə ağlayırdı anasını aparanda.
Necə düşüncədir, ya Rəbbim? Bir insana, 11 yaşında bir uşağa bunun üçün də halaldır deyərlərmi? Deyirlərmiş.
İllər keçirdi, böyüyürdüm. Bir gün anama 8 martda hazırladığım hədiyyəni tapdım. Dəftərin üzündən kəsilmiş gül, bir də özümün ona yazdığım şeir. Sonra… Bütün şeirlərimi cırdım. Anam yox idisə, şeirlərimdə olmamalı idi. Olmasın.
Anasız qız olmaq çox çətindir. Hamı səndə nəsə səhv axtarır, hamı səhvini üzünə vurmaq üçün sıraya girir. Toyda göz-gözə dururlar ki, anası ölüb, görək oynayacaq? Oynasan, demək ki, ananı sevmirsən, o sənin vecinə deyil deməkdir.
Hələ sənə yazığı gəldiklərini göstərmək üçün adam yönələn baxışlarını demirəm. Bir-birinə “yazıq, yetim” tipli sözlərini pıçıldayanlar.
O an deyirəm, keşkə, anam burda olaydı. Hamısının cavabını verərdi. Bir 4 alıb tez yanına qaçıb, ağlayanda ki, müəllimə qiyməti kəsdi. Tez durub müəllimin yanına qaçıb haqqımı tələb edən anam, indi də hamısının qarşısına keçib:
– Mənim Günəşimlə işiniz olmasın,- deyərdi.
Bəzən səsi gəlir qulağıma. Qaçıb evə girirəm. Amma orda olmur. Orda olmasa da, qəlbimdə, ruhumda, beynimdə, düşüncəmdədir. O mənimlədir.
İndi bir qız oturub, əlində bir şəkil. Anasının vəfatından 10 il ötür. Klaviaturaya hər toxunduğunda gözündən bir damla yaş düşür. Dua edir:
– Allahım, nə olar heç kimin valideynini əlindən alma.
P.S. Anamın əziz xatirəsinə həsr edirəm.

Müəllif: Rüfanə Günəş

Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

 

 

Öncəki xəbərNövbəti xəbər