İdman, Müsahibə, ZZ-Manşet

“Qəbələ” üstün cəhətlərindən istifadə edə bilmir”

qebele

24 noyabrda Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarında “Qəbələ” Bakcell Arenada Belçikanın “Anderlext” komandası ilə qarşılaşacaq.  Oyun barədə fikirlərini GSR.fm-ə bildirən idman şərhçisi Rövşən Binnətli bildirib ki, “Qəbələ” dörd oyunun dördündə də məğlub olub, amma oyunların hamısında məğlub olmamağa layiq oyun nümayiş etdirib:

“Bunu mən tam cəsarətlə deyirəm. “Qəbələ” “Anderlext” ilə səfər oyununda çox yaxşı təsir bağışlamışdı. Hesabda geridə olandan sonra hesabı bərabərləşdirmişdi. Qəbələ çox yaxşı müqavimət göstərirdi. Amma fasilə ərəfəsindəki avtoqol komandanın xeyli dərəcədə inamını azaltdı. İkinci hissədə də təcrübə hesabına “Anderlext” qalib gəldi. “Sent-Etyen”lə olan oyunu xatırlasa görərik ki, səfər oyununda rəqib “Qəbələ”nin müdafiəsini qıra bilmirdi. Yenə də avtoqolun hesabına “Qəbələ” məğlub oldu. Halbuki, “Qəbələ” çox yaxşı oyun nümayiş etdirirdi. Almaniya təmsilçisi ilə oyunda hesabda geri düşdü, amma özündə güc tapdı və ardıcıl iki qol ilə önə keçdi. Almaniya çempionatı kimi güclü çempionatda iştirak edən komanda ilə qarşılaşan Qəbələ hesabda önə çıxsa da hesabı qoruya bilmədi”.

 Rövşən Binnətli həmçininn bildirib ki, “Qəbələ” oyun zamanı üstün cəhətlərindən istifadə edə bilmir:

“Play-off və təsnifat mərhələlərində bunu etmək olur, amma qrup mərhələsində “Qəbələ” nə 2015-ci il, nə də ki, bu il bunu eləyə bilir. Bu ilki nəticələri 2015-ci ildən  də aşağıdır. “Qəbələ” 2015-ci il qrup mərhələsində 2 xal toplamışdısa, indi heç xalı yoxdur. Yəni, komanda qrup sonuncusu olmaqdan qurtula bilmir. Amma qrup mərhələsini 0 xal ilə sonlandırmaq komandanın nə adına, nə də ki, oyununa  uyğun gəlir. Yəni, reallığı əks etdirmir. Düşünürəm ki, komandanın baş məşqçisi, oyunçular bunu çox yaxşı anlayırlar və o xal siyahısındakı 0 rəqəmini öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Mən, arzu edirəm ki, “Qəbələ” bu turnirdə xal qazansın və turniri 0 xal ilə bitirməsin. Sonuncu oyun Almaniyadadır və oradan xal ilə dönmək çətin məsələdir. Amma Bakıda hər halda “Anderlext” ilə oyunda xal hesabını açmaq olar”.

Əlavə olaraq qeyd edək ki, “Qəbələ” – “Anderlext” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Öncəki xəbərNövbəti xəbər