Bloq, P.S, ZZ-Manşet

Qədim yol bağlama mədəniyyəti - Bloq

1372068068_yollarVəlvələdəndir ya zəlzələdən onu dəqiq bilmirəm, amma bizdə, yəni Azərbaycanlı ruhu daşıyanlarda yol kəsmək mədəniyyəti var. Başqa millətlərdə yol özü mədəniyyət olsa da, bizdə mədəniyyət yol kəsməkdir.

Müxtəlif ictimai quruluşlardan keçmişik, eradan əvvəl Urmiya gölünün ətrafında yaranan ilk dövlətlərdən tut, gəl bu günə. Bunun quldarlığı, feodalizmi, sosializmi, kapitalizmi və başqa -izmləri var. Nəticədə gah qul olmuşuq, gah qaçaq, gah fəhlə, gah işçi. Yaşamaq mübarizədir, güclülər zəiflərə qalib gəlir və nəticədə biz də yoldan keçən kübarların yolunu kəsib xərac almışıq. Soyğunçuluq eləmişik desəm daha dəqiq olar, amma bəy ruhumuza sığışanı elə xərac almaqdır. Bu yol kəsib, xərac almaq o qədər adətimizə çevrilib ki, axırda yol kəsmək mədəniyyətimiz formalaşıb.

Mədəniyyəti yaşatmaq lazımdır. Nə olsun ki, normalara ziddir, amma özümüzünküdür, halal mədəniyyət. Buna görə, bu mədəniyyəti indi də yaşadırıq. Toyda gəlin maşınının yolunu kəsib şirinlik, xərac istəyirik, guya şirin bir iş görürük. Birgə həyat yoluna çıxan iki insanın yolunu heç bir kilometr irəliləməmiş kəsirik. Hələ toyda bəyi qaçırdıb, oğurlayıb xərac almağı demirəm. Bəli, mədəniyyətimiz yaşayır. Elə belə, lokal mədəniyyət kimi yox, özü də dövlət səviyyəsində mədəniyyətimizi yaşadırıq.

Nə olsun ki, bizdə Eurovision keçirilir, nə olsun ki, Avropa oyunlarına hazırlaşırıq, onlar yad elin, Avropa torpağının mədəniyyətidir, gəldi gedərdir, bir günlük, bir müddətlikdir. Əsas özümüzə, Qafqazlılara xas yol kəsmək mədəniyyətimizi yaşadaq. Bax elə bu prinsiplə də, məsələn, elə toy kimi dövlət tədbirləri olanda, ən xoş günlərimizdə  yol bağlayırıq. Kimsə qonaq gələndə, hansısa tədbir keçiriləndə, hansısa xeyir işin təməli qoyulanda yol bağlanır. 2014-cü il, yüksək texnologiyalar nazirliyinə sahib dövlətdə, sxem, naviqasiya, plan, süni intelektin inkişafının zirvəsində, peykimiz kosmosda üzən bir gündə çox sadə şəkildə, heç bir əlavə güc sərf etmədən, əlində qırmızı dubinkalı 50-60 polis vasitəsilə yollar bağlanır. Yolumuzu kəsirlər. Günəşin altında, isti dəmir avtobusun içində, sıxlıqda istiyə dözümümüz sınağa çəkilir. Hələ bunun oruc tutanı, körpəsi, qocası, hamiləsi, ürəyi zəif olanı, istiyə dözümsüzü, təcili tibbi yardımı, yanğın söndürəni var. Amma doğma mədəniyyət yaşamalıdır. O yol bağlanmalıdır. Başqa yollar, başqa standartlar bizə görə deyil. Yad mədəniyyətdir onlar. Biz ona alışa bilmərik. Öz mədəniyyətimiz ola –ola Avropanın mentalitetimizə zidd olan mədəniyyətini nəyə görə əxz etməliyik?!

Yol müqəddəsdir, yol inkişafdır, yol varsa həyat var, yol sivilizasiyadır, yol tarixdir, yol mədəniyyətdir, amma Azərbaycanda yol üstündə maşınlar hərəkət etsin deyə asvalt örtüyü çəkilmiş torpaq sahəsidir. Bəsit, sadə, bağlana bilən.

Müəllif: Nuranə Rəhimova


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.