Bloq, P.S, ZZ-Manşet

Qıraqdan baxanlar, “xalxın” uşaqları və s. - Bloq

faridAzərbaycan cəmiyyətində böyük əksəriyyətin uşaqlıqdan bəri üzərinə yüklənmiş olan məsələlər var. Uşaqlıqdan bu cəmiyyətdə insana, “qıraqdan baxanlar var, bunu etmə”, “qonşu nə deyər, bunu geyinmə”, “filankəsin oğluna bax, gözünə su ver” və s. tipli məsəllər gətirilib. Beləcə, cəmiyyətin gələcək yetişkin fərdi olacaq insanı, uşaqlıqdan hərəkətlərinə, fikirlərinə, etdiklərinə, bir sözlə öz həyatına başqası üçün sərhədlər qoymaq öyrədilir.

Həmçinin niyəsə, hər zaman sənin etdiyin hərəkət “qonşunun oğlunun etdiyindən” aşağıda olurdu. O qonşunun oğlu, səndən üstün olurdu həmişə. Həmin o uşağa nifrət edirdin ki, sən mənim həyatımı qaraltmısan a kişi, sən niyə məndən üstünsən axı?

Sonra biraz böyüyəndən sonra başa düşdüm ki, əslində “filankəsin oğlu” məsələsi bir insan üçün deyil. Hər fərd üçün mütləq bir “filankəsin oğlu” vardır və hər kəs bir digəri üçün “filankəsin oğlu” rolunda ola bilər. Bir neçə qohum-qonşu öz uşaqlarına məni nümunə göstərirdilər. Oturub düşünürdüm ki, məni niyə nümunə göstərsinlər ki? Elə də nümunəvi nəsə etməmişəm, xüsusi bacarığım da yoxdur, həm də mən özümə bəzən heç yaxşı insan deyiləm və s. Biraz vaxt keçdi, biraz da böyüdüm, onda başa düşdüm ki, əslində “filankəsin oğlu”  olmaq üçün xüsusi heçnə etməsən də olar. Sənin ailən üçün xoş olan bir iki önəmsiz şeyi etsə, o nümunəvi “filankəsin oğlu” olacaqmış. Məsələn “Əhməd dayının oğlu saçını qısa saxlayır. Bax ona, gözünə su ver”, “Gülbadamın oğluna bax, səliqəli qara şalvar geyinib, geyinirsən bu cinsləri əyninə”, “Qızım, Gülbabadam xalanın qızına bax, klassik mahnılara qulaq asır, dinləmə bu repləri” və s. Düzdü gətirdiyim məsəllər primitiv görünə bilər sizin üçün, amma cəmiyyətimizdə təxminən bu tipdə sərhədlər yaradılır, uşaqları bu tipli məsəllərlə sıxırlar, yükləyirlər.

Dostlar, çalışın öz həyatınızla bağlı, kənardan baxanın nə deyəcəyini, filankəsin oğlunun sizdən fərqli olaraq nə etdiyini və s. Düşünməyin. Həyat sizindirsə, özünüz yaşayın, imkan verməyin cəmiyyətiniz sizin həyatınızı idarə etsin, həyatınızı müəyyən etsin…

Müəllif: Fərid Hacıyev


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər