P.S, Təmas Xətti, Z-Manset

“Qız məsələsində heç vaxt problem olmayıb” - Təmas Xətti

Şair üçün oxucu qəlbinə yol tapmaq elə də çətin deyil. Çünki şairlər ağ kağıza hər şeyi olduğu kimi yazmağı bacarırlar.

Onu da oxucularına sevdirən həyati şeirləridir. Yazdığı misraları bu gün həm dillərdə, həm də mahnılarda yaşayır.

“Təmas  xətti” rubrikamızın  budəfəki qonağı tanınmış şair, çoxsaylı sevilən mahnıların mətn müəllifi, əməkdar incəsənət xadimi Baba Vəziroğludur.

Qonağımız, 1954-cü il  yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində doğulub.  Elə onunlasöhbətə Mollaisaqlı kəndidə keçən uşaqlığından başlamaq istəyirəm, amma  Baba müəllim oillərdən xatirəm yoxdur deyir. Sonra zarafatyana:

 -Amma doğulduğum gün yaxşı yadımdadır. Qarlı bir yanvar günü idi. Yadımdadır ki, o gecə doğulmuşam.

Bütün kənd uşaqları kimi balaca uşaq olmuşam. Bir fərqim var idi ki, çox kitab oxuyurdum. Əvvəlcə bütün kənd məktəbinin kitabxanasını oxuyub bitirdim. Sonra qonşu kəndin, sonra İsmayıllının bütün kitablarını.

Bu kitablara maraq sizin gələcəkdə ədəbiyyata bağlı olacağına bir işarəydi ya necə? Ümumiyyətlə bu şairlik sevdasına necə yoluxdunuz?

-Bilirsiniz, hamı doğulanda şair doğulur. Müəyyən bir yaş mərhələsi olur ki, insan düşüncələrini, ürəyindən, qəlbindən,başından keçənləri şeirə bənzər bir formada demək istəyir. Yəni bu hamıda olur. Sonra kimsə bunun arxasınca gedir, sənətə, peşəyə çevirir, olur şair.

qiz_meselesinde_hec_vaxt_problem_olmayib_5

Siz də bu cür etdiniz. Bəs bu yazı-pozu işlərinə kənd yerində necə münasibət göstərdilər?

-Kənd yerində şairliyə ötəri həvəs kimi baxırlar  və ciddi qəbul etmirlər. Elə bilirlər ki, keçib gedəcək, oğlumuz, kəndçilərimizin diliylə desəm el oğlumuz, daha ciddi işlərlə məşğul olacaq. Ən azı alim olacaq.

Amma siz necə deyərlər kəndçilərinizin ümidlərini doğrultmadınız.

– Bəli, nə yazıq ki, deyim nə yaxşı ki, deyim ailəmin və kəndimizin ümidlərini doğrultmadım. Çox qeyri-ciddi bir işlə məşğul olmağa başladım-yazmağa başladım. (gülür)

Peşmansınız deyəsən.

-Mən ümumiyyətlə peşman olan adam deyiləm, çünki realistəm, praqmatikəm. Şair olmağıma baxmayın o qədər də pessimist, romantik deyiləm. Mən ancaq yazı masamın arxasında çox romantik, sentimental ola bilərəm. Bir mən, bir qələm və bir kağız olanda. 

Heç olmayıb ki, fikirləşəsiniz  o vaxt bu addımı atmasaydım yaxud filankəsi dinləsəydim daha yaxşı ola bilərdi?

-Realistlər heç vaxt “kaş ki” demir, çünki qeyri-real şeyləri arzulamırlar. Mümkünsüz şeyləri özlərinə dərd etmirlər. Məşhur bir mahnıda da deyildiyi kimi “ötən günə gün çatarmı, calasanda günü günə?!” Ümumiyyətlə həyat və tarix “kaş ki”ləri sevmir. Kaş ki nədir?! Bu günün var yaşayırsan və sabahını planlaşdırırsan. Heç sabahı da planlaşdırmaq mümkün deyil. Məşhur bir fraza var ki, adama deyirlər gələcək planlarından danış, deyir danışa bilmərəm, çünki Allahı güldürə bilmərəm. Gələcək planlarından danışsan, ancaq Allahı güldürə bilərsən. Ancaq bu gününlə yaşamalısan.

qiz_meselesinde_hec_vaxt_problem_olmayib_3

Baba Vəziroğlu 16 yaşında İsmayıllının ucqar kəndindən bu böyük dünyaya səfərə çıxıb həyatla mübarizəyə başlayıb. Bu gücü hardan, nələrdən yaxud kimlərdən aldığını soruşuram.

-Bəzən deyirlər ha, göydə Allah yerdə kimsə və yaxud da nə. Məndə göydə Allah yerdə özüm. Bir kimsə yox, heç bir nəsə yox. Və bir də yəqin ki, mənim düşdüyüm, mənə nəsib olan yaşadığım o mühit. O mühitdə insanın özünü göstərməsi nisbətən asan idi. Sanki elə bil qızıl dövrdə yaşayırdıq.

Mən bircə  ona görə qürurluyam ki, ona görə başımı dik tuturam ki, mən həyatla mücadələdə qalib gəlmişəm. O məni əzə bilməyib, sındıra bilməyib. Milyonlardan biri eləməyib. Bu qismət şans öz yerində əsas insanın özüdür. Çünki həyatla vuruşan sənsən. Gözəl qızlar üçün deyirlər: belə gözəl olunca gözəl bəxtin olsa yaxşıdır. Mütləq şans və bəxt rol oyanıyır. Yəni önəmli bir şeydir,amma əsas özünsən. Mən özümə güvənmişəm ancaq.

Bəs bu dönəmlərdə uğuru necə əldə etdiniz?

-Uğuru elə bil Allah özü çıxartdı qabağıma. İsmayıllıda “Zəhmətkeş” adlı bir qəzet çap olunurdu. İlk şeirlərim,məqalələrim orda çap olundu,rayon miqyasında tanındım. Bizim böyük şairimiz  Musa Yaqub o zaman rayon qəzetində, həm də poeziya dərnəyində rəhbər idi. Mən hələ orta məktəbdə oxuyarkən mənə çox köməyi dəydi.

Sonra artıq böyük ədəbiyyata yol başladı. Çox populyar bir qəzet vardı “Azərbaycan gəncləri” o qəzetdə şeirlərim çap  olundu və ordan tanınmağa başladım.  Məni daha çox tanıdan nəğmələrim oldu. 17 yaşımda təsadüfən bir neçə bəstəkarla tanış oldum. İlk bəstəkarlarım Oqtay Rəcəbov və Firəngiz Babayeva idi. Onlarla mənim ilk mahnılarım efirə çıxanda mənim 17 yaşım vardı. Və nə yaxşı ki, mən ilk mahnı yaradıcılığımı böyük sənətkarlarla başladım:  Şövkət Ələkbərova, Rəşid Behbudov, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva, Akif İslamzadə. Bəlkə də, elə bunların qədəminin uğurudur ki, mənim də mahnı yaradıcılığım belə uğurlu alınıb.

Müəyyən mərhələlərdən keçmisiniz. Bu mərhələlərdə bu artıq sondur dediyiniz anlar, kəskin məqamlarınız olub?

-Bəzən son deyirəm, bəzən hələ hər şey indi başlayır deyirəm. Mən bir hüceyrəli amöb deyiləm. İnsan ovqat adamıdır. Bu dəqiqə düşünür ki, dünya fanidir, hər şey boşdur. Birdən düşünür ki, yox, həyat əbədidir, mən əbədiyəm. Necə ki təbiətin fəsilləri dəyişir insan həyatının da fəsilləri bəzən gündə bir neçə dəfə dəyişir.

Sizdə bu həyat eşqi hardandı belə? Sizə stimul verən nədir?

-Həyat özü, hər şey.  Öz içim.  Stimulu mən kənarda axtarmıram. Bəzən içimdə o stimul heç yoxdur, amma mən istəyirəm ki, onu öz içimdə yaradam. Stimul yaransın. Yaransın ki, mən nəsə iş görə bilim. Stimulsuz heç nə edə bilmirəm. Heç bir stəkan su da içə bilmərəm.

Sonra şair masaya dirsəklənir və:

-Bax dirsəklənmək kimi bir şeydi stimul. Dirsəklənirəm əlimi qoyuram. Bu masa olmasa mən qolumu necə bura qoya bilərəm? Mütləq stimul,təməl olmalıdır.

 

Onu  tanıyan hər kəs məhəbbət şairi adlandırır. Hər dəfə şeirlərini oxuyub, yazdığı şeirlərin sözlərinə bəstələnmiş mahnıları dinlədikcə düşünürsən ki, yəqin şairin bütün həyatı elə sevgi dastanlarından ibarətdir.

-Sevgi insanın nağıldan uydurduğu bir şeydir. İnsan uydurur və başlayır ona inanmağa. İlk sevgi deyəndə heç üzünü xatırlamadığın bir kənd məktəbi, bir darısqal sinif otağı yadına gəlir. O otaqda səndən qabaq partada oturmuş balaca bir qızın hörüklərini xatırlayırsan. Kimdi? Adını xatırlamırsan. Onun təkcə əllərini, şaxtadan çat-çat olan barmaqlarını görürsən. Ancaq o əlləri xatırlayırsan və o əllərin yazdığı şanlı məktub yada düşür.

Hansı konkret sevgidən söhbət gedə bilər ki? Bu ancaq nağıldır. Sonradan həmin o səhnəni ilahiləşdirirsən  və başlayırsan ona inanmağa. İnsanın həyatında bu cür nağıllar olmasa yaşamaq çox çətin olar. Bəlkə də mümkünsüz olar. Onda insan  digər varlıqlardan fərqlənməz. İnsanın insan olması üçün həyatında nağıllar mütləq olmalıdır və insan o nağıllara inanmalıdır.

baba veiroglu

Bəs şairə qız verirdilər?

-Bu dövr çoxdan keçib. Adətən belə olur ki, qız qapısında növbə düzülür. Bizim dövrümüzdə şairə o qədər hörmət vardı ki, kişi şairin qapısında elçiləri düzülürdü. Şairləri hokümət hər cür qayğıyla əhatə edirdi. Cəmiyyətin ən hörmətli şəxsləri şairlər sayılırdı. Ona görə də qız məsələsində heç vaxt problem olmayıb. (gülür)

Ailə həyatı quranda neçə yaşınız vardı?

-Mən xalq hikmətlərindən bəhrələnirəm: “Səhər tez duranla, tez evlənən uduzmaz”. Gördüm ki, tez durmaq lap çətin işdir onu bacarmıram, dedim heç olmasa ikisindən birini edim. Evlənim. Cavanıydım, 22 yaşım vardı.

Seçimi qapıdakı elçilərdən etdiniz?

-Əvvəl hamı elçi gələnlərin sırasındaydı, sonra mən onlardan birini seçdim qapılarına elçiliyə getdim. Sonra sıranı dağıtdım. (gülür)

Baba Vəziroğlu sosial şəbəkələrdən aktiv istifadə edir və gənc şairlərlə, onların şeirləriylə sosialar şəbəkələr vasitəsilə tanış olur. Şairdən gənc şairlərin şeirlərini bəyənib bəyənmədiyini soruşuram.

-Məndə bəyənib bəyənməmək yoxdur. Hamısını oxuyuram. Sevdiklərimi qəbul edirəm qalanları yadımdan çıxıb gedir. Oxuduğum imzalar yadımda qalır deyirəm ki, bu mənim şairim, bu mənim şeirimdi. Çalışıram ki, bəyəndiyim yazarlarla həm də, həyatda tanış olum, görüm onların bir insan kimi düşüncələri nədir? Görüm inkişafı necədir, bunun arxası gələcəkmi?

Bəzən insan fişəng kimi işıq salır səmada sonra qayıdır qaranlıq torpağa. İstedadlı insanların çoxu belədir. Ya onlarda istedadın əsas dayağı zəhmət və mütaliə çatmır ya da bəxtsizlik, şanssızlıq olur. Bilirsiniz nə qədər istedadlılarım var mənim? Bizdən, indinin xalq şairlərindən qat-qat istedadlı adamlar məhv olub gedir! Bəxt gülmür, elə içirlər, siqaret çəkirlər, şəraitləri yoxdur. Belə məhv olurlar!

qiz_meselesinde_hec_vaxt_problem_olmayib_4

Bəs dəstək necə, olursunuz?

-Bu estafetdir! Bu  elə-belə yaranmayıb. Mən gecə yatanda yuxumda görməmişəm ki, gənclərə dəstək lazımdır. Biz öz dövrümüzdə belə görmüşdük, bizə çox böyük, şöhrətli insanlar dəstək olub. Və bu gün o gənclərə kömək elədikcə mən elə bilirəm ki, o böyük insanların Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Mirzə İbrahimovun, Rəsul Rzanın borcunu qaytarıram. Mən sadəcə estafeti davam etdirirəm. Sabah ustad olacaq bugünkü gənclərə bunu davam etdirməyi tövsiyə edirəm.

Məsləhət verməyin çox da tərəfdarı olmayan Baba müəllim gənclərə öz arzularını bu cür ifadə edir:

-İnsan əvvəl düşünür ki, mən necə edim ki, öz yaşıdlarımdan fərqlənim. Sonra düşünür ki, yox mən elə olmalıyam ki, valideynlərim mənimlə fəxr etsinlər. Sonra düşünür ki, bir az da böyük adam olum kəndim mənlə fəxr eləsin. Sonra düşünürsən ki, bütün Azərbaycan mənlə fəxr etsin. Və bu stimul getdikcə pillə-pillə artır.  Mən gənclərə onu arzu edirəm ki, bu stimul onları heç vaxt tərk eləməsin. Belə halda onlar cəmiyyətdə öz layiqli yerlərini tapacaqlar.

Necə düşünürsünüz yaradıcılığınızda hansı mövzu sizin üçün düyünlənmiş boxça kimi qalıb? Hansı ki, düşünürsünüz ki, bu mövzulara heç vaxt toxuna bilmərsiniz?

Valideyn mövzularıdır, Vətəndir, mənə əziz olan ilk müəllimlərim, məktəb illərimdir. Mən onlara bir pir kimi baxıram. Qorxuram ki, o mövzuları vəsf eləməyə mənim sözümün qüdrəti çatmaz.  Müəyyən bir məqamlarda hətta bunu yoxlayıram,amma görürəm ki, istədiyim kimi alınmır. Qatlayıram qoyuram bir qırağa. Pifaqorun bir sözü var: “Ya sus, ya da susmaqdan qiymətli bir söz de”.  Əgər sükutdan qiymətli bir söz deyə bilmirsənsə onda elə susmaq yaxşıdır. Mən anamı, atamı necə şeirə gətirim?! Kəndimə, məmləkətimə sevgimi necə ifadə edim?

Bəs hazırda hansı layihələr üzərində işləyirsiniz?

-Türklər demiş biz “qosqocaman” şairlər layihə üzərində işləmirik, bu bizm gündəlik işimizdir. Bütün 24 saat beyin işləyir. Heç bir layihəyə, plana baxmadan işləyirik.

– Kitabımı hazırlayıram. Çoxlu mahnılar yaranır. Yazıçının işi nədir ki? Bizim əsas işimiz yazı masası arxasında bir kağız, bir də qələm. Qələm də çox ucuz olmalıdır.

Mənim əlimdəki qələmi göstərib:

-Sənin qələmin kimi.

Bax belə, hal-hazırda bu işlərlə məşğulam.  Və planlardan mümkün qədər qaçıram ki, göydəki kişini güldürməyim. 

Hazırladı: Əsli Axundova
Foto: Cavid Mehdiyev

Öncəki xəbərNövbəti xəbər