Cəmiyyət

Qızlara evə gec getmək olmaz?!

“Evə gec gəlmək olmaz…” Bu ifadəni daha çox qızlara ünvanlandığının şahidiyik. XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün Azərbaycan kimi demokratik, qadın və kişi hüquqlarının bərabər olduğu bir ölkədə, maraqlıdır, qızların evə gec gəlməsi cəmiyyət tərəfindən niyə ikimənalı qarşılanır? Bu barədə Bakı sakinləri arasında keçirdiyimiz sorğunu dinləyək:

Zaur :

–  Cəmiyyətə inanmırıq, çünki bizim cəmiyyətimiz özü problemlidir, yəni ki, mentalitetə uyğun hərəkət etmək lazımdır. Ona görə də qızların evə bir az gec gəlməyi problem yarada bilər…

Arif :

–   Gec deyəndə ki vaxtı var da. Saat 8-də, uzağı 9-da evdə olmalıdır.

İradə :

–   Evdəkilər problem eləmir, ancaq dəyib dolaşan çox olur, qaranlıq düşəndə.

Azərbaycan cəmiyyətindəki bu cür problemlərin səbəbini öyrənmək üçün Psixoloq Kənan Rəhimovla söhbətləşdik. Psixoloq kişilərin küçədə qadınlara “söz atmasından”danışdı. Dedi, ki “Niyə kameralar qırmızı işıqda keçən avtomobilləri görür, amma qadına sataşan xuliqanları isə görmür?”.

Kənan Rəhimov:

–   İndi əgər qadın gec evə qayıdırsa, Azərbaycanda ona niyəsə pis baxırlar. Amma kişi isə evdən gecə gedəndə buna normal baxırlar. Əgər xanım gec çıxmağa qorxursa, bu, birbaşa nəyin ismarıcını verir? Bu ölkədə qanun yoxdur.

Qız anası olan Elmira Məmmədova isə problemə öz münasibətini belə açıqladı.

Elmira Məmmədova :

–   Hava qaralıbsa, demək, qızlar evə gəlməlidir. Olar nişanlısı ilə, məsəl üçün, belə olar, ama tək yox. Əxlaq … Əsas məsələ əxlaqdır. Əxlaq olarsa, gecə saat 12-də də buraxmaq olar. Amma təəsüflər olsun ki, indi hamıya şamil eləmirəm. Əlbəttə, görürsən ki, çox qızlar özlərini yaxşı aparmır.

Elmira xanımdan fərqli olaraq Məryəm xanım isə qızının evə gec gəlməsini problem etmir.

Məryəm xanım:

–   Mən pis baxmıram. Belə olur ki, iş saat 11-də qurtarır, yaydı da onsuz da. Əgər qız evə gec gəlirsə, bu, o demək deyil ki, o özünü pis apardı, yaxud, üzr istəyirəm, harasa getdi.

Azərbaycanda qızların həyatına valideynlərin müdaxiləsinin də çox olduğunu bildirən psixoloq Rəhimov küçədə davranış pozğunluğunun aradan qaldırlması üçün Ədliyyə Nazirliyinin müəyyən işlər görməli olduğunu qeyd etdi.

Kənan Rəhimov :

–   Kənar şəxslərin şəxsi həyata müdaxiləsi ilə tez-tez rastlaşırıq. Azərbaycan reallığıdır və insanlardakı bu davranış pozğunluğu deyək də.  O hardan irəli gəlir? Bizdə hələ ki, bir insanın digər insanı yolda, küçədə təhqir etməsinə Ədliyyə Nazirliyi tərəfindən nəzarət yoxdur və buna görə cəzalanma tədbiq olunmur.

Mehribanın 26 yaşı var, amma bu yaşında belə qardaşı ona nəinki evə gec gəlməyinə, hətta evdən tək çıxmasına da icazə vermir. Mehribandan bunun səbəbini soruşduq:

Mehriban Əliyeva :

–  Məncə, bizim kişilər qızlara nəzarət etməyi çox sevirlər. Ona görə evə gec gələndə problem yaradırlar. Mən yolda elə böyük problemlə rastlaşmamışam, amma bir çox adam elə fikirəşir ki, yolda hamıya söz atırlar. Amma, məncə, elə deyil, insanın özünü aparmasından çox şey asılıdır.

Gənc müsahibimiz Ülvi Dəmirli isə axşam vaxtı küçədə “söz atanların” çox olduğunu və bunu üçün də bacısını tək buraxmadığını deyir. Amma sonradan bəlli olur ki, elə Ülvinin özü də hərdən qızlara “söz atır”.

Ülvi Dəmirli :

–  Evdə bacınıza qadağa qoyursuz?

–  Demək olar ki, tək qoymuram çıxsın. Amma belə maksimum saat 9-da evdə olmalıdır.Tək yox. Çünki zəmanə pisdir. Hamı dəyib-dolaşır.

–  Siz heç dəyib dolaşırsınız?

–  Hərdən olur, baxır da necə qıza… Saat 10-dursa qız niyə çöldədir? Çöldə olmalı deyil.

Müsahiblərimin də fikirlərindən aydın oldu ki, bu cür problemin aradan qaldırılması bir insanın istəyi ilə baş tutmur. Burda cəmiyyətin hər bir üzvünün dəyişməsi, mədəni inkişafı önəmlidir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.