İqtisadiyyat, ZZ-Manşet

Quraqlıq bəzi məhsullara ziyan vurub

tarlaAzərbaycanda hökm sürən quraqlıq bəzi meyvə ağacların inkişafına və məhsuldarlığına da mənfi təsir edib.

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev bildirib ki, quraqlıq olduğu zaman suvarma sistemindən istifadə edilərsə, bu, meyvə-tərəvəzlərin inkişafına mənfi təsir etmir: “Ancaq həmin sahələr suvarma ilə təmin olunmadıqda bu, məhsuldarlığa mənfi təsir edir və artıq edib də. Mövcud quraqlıq bu il taxılın məhsuldarlığını azaldıb. Bu il dəmyə şəraitinin olduğu zonalarda – Şəki, Şamaxı, Qobustanda taxıl sahələri quraqlıqdan məhv olub”.

GSR.fm Trend-ə istnadən xəbər verir ki, A.Mehrəliyev deyib ki, quraqlığın olması dəmyə üzümcülüyü olan ərazilərdə məhsuldarlığa mənfi təsir edəcək. Dəmyə üzümçülüyü dağətəyi rayonlarda- Şəmkir, Daşkəsən, Gədəbəydə salınır. Ümumiyyətlə isə dəmyə şəraitində əkinçilik və meyvə-tərəvəz yetişdirmə əsasən, ölkənin dağlıq və dağətəyi ərazilərində tətbiq edilir.

Meyvəçilik təsərrüfatının sahibi olan fermer Həsən Həsənov bildirib ki, yay meyvələrinin məhsuldarlığına quraqlıq ya təsir etməyib, ya da çox az təsir edib: “Quraqlıq yay meyvələrinə təsir etsə də, az edib. Məsələn, gilas artıq yığılıb”.

Fermerin sözlərinə görə, yay meyvələri ilə müqayisədə quraqlıq payız və qış meyvələrinə daha çox təsir edir. Çünki hazırda ağaclarda payızda yığılan meyvələr formalaşır və ya formalaşmaq üzrədir. Artıq alma, armud və digər payız meyvələrinin dadı, rəngi formalaşma ərəfəsindədir. Ancaq quraqlıq üzündən bu ağacların meyvəsi böyümür: “Əslində, indi meyvə nisbətən formalaşmış olmalıdır. Ancaq görürsən ki, meyvə böyümür. Bunlar da susuzluğun təsirindəndir. Ağac lazım olan qədər su ilə qidalanmır, torpaqlarda çatlar əmələ gəlib. Çünki iki aydır ki, yağış yağmır, çaylarda da su azalıb. Torpaqda əmələ gələn çatlardan da olan su buxarlanıb gedir”.

Fermer bildirib ki, məhsul əlverişsiz, susuz şəraitdə yetişdikdə o, zahirən vaxtından əvvəl yetişmiş kimi görünür: “Əlverişsiz mühit, quraqlıq meyvəni vaxtından əvvəl yetişdirir. Məhsul susuz olduqda vaxtından əvvəl yarımçıq da olsa, yetişir, amma tam dolğunlaşmır, meyvə zahirən yetişmiş kimi görünür. Normal yetişdikdə məhsul böyüyüb rəng alır, amma əlverişsiz şəraitdə tam böyüməmiş rəng alır. Onun dadı, keyfiyyəti də o biri kimi olmur”.

H.Həsənov bildirib ki, ancaq sulanma imkanı olan, suya yaxın olan yerlərdəki ağacların meyvələrinin dadı və keyfiyyəti normal olacaq.

Fermerin sözlərinə görə, quraqlıq yalnız meyvələrin deyil, cavan, yeni əkilən, hələ meyvə verməyən ağacların da inkişafını ləngidir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.