Cəmiyyət

Regionlardakı hüquqi yardım

Aftandil Quliyev:

Tanış adam məsləhət gördü ki, orada ödənişsizdir, kömək edirlər, Babək müəllimin yanına getdim (ATƏT-in Gəncə ofisinin hüquqşünası) onlardan yardım aldım.

Gəncə şəhərində yaşayan müsahibizmiz Aftandil Quliyev hüquqi yardıma ehtiyacı olan vətəndaşlardandır. O deyir ki, problemi ilə bağlı hüquqi məsləhət almaq üçün kimə müraciət edəcəyini bilmədiyindən, dostunun tövsiyyəsi ilə ATƏT-in Gəncə şəhərində olan ofisinə müraciət edir, yalnız bundan sonra nə edəcəyi və məsələnin mahiyyəti haqqında onda təsəvvür yaranır.

“Pulsuz hüquqi yardımın təməlində dövlətin imkanı olmayan vətəndaşlara dövlət büdcəsinin hüsabına vəkil ayırması və onları  müdafiəsiz qoymaması durur”. Bu sözləri Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, vəkil İntiqam Əliyev deyir.

Vəkil onu da qeyd edir ki, QHT – lərin və xarici təşkilatların vətəndaşlara kömək etməsi yaxşı, amma anormal haldır, bu xidmət dövlət tərəfindən və daimi olmalıdır. O, keyfiyyətinin qalxması üçün hüquqi yardıma görə vəkillərə verilən xidmət haqqının artmalı olduğu fikrindədir.

İntiqam Əliyev:

İki manata keyfiyyətli hüquqi yardım göstərmək mümkün deyil, o hüququn keyfiyyətli olması üçün, səmərəli olması üçün onun arxasında digər təminatlar dayanmalıdır, pul dayanmalıdır, vəkilə yaxşı pul verməlisən, ən azı demirik ki, klientdən aldığı qədər pul, amma normal başqa ölkələrdəki qədər.

Konstitusiya Araşdırmalar Fondunun eksperti Zaur İbrahimlinin fikrincə isə Azərbaycan Respublikası Konstitusiyanın 61-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz dövlət hesabına göstərilir. Vətəndaşa qarşı iddia qaldırıldıqda, məhkəmə qarşısında cavab verməli olduqda onun vəkil tutmaq imkanı yoxdursa, ona dövlət tərəfindən vəkil təqdim olunur. Amma burada heç də hər zaman keyfiyyətli hüquqi yardımdan danışmaq olmur.

Zaur bəy onu da əlavə edir ki, bu prosesdə vəkillər əllərindən gələni etməyə çalışırlar, amma həm onların sayı azdır, həm də ki, zəhmətləri kifayət qədər qiymətləndirilmir.

Azərbaycanda beynəlxalq təşkilatların, eyni zamanda dövlət büdcəsindən verilən qrantların hesabına vətəndaş cəmiyyəti institutları, pulsuz yardım klinikaları ödənişsiz hüquqi yardım layihələri həyata keçirir, amma bunlar bir müddət davam edir, sonra dayanır, çünki həmin təşkilatların bununla bağlı resursu yoxdur və yaxud da ki, onlara çox məhdud vəsait verilir. Bununla da onlar  daha geniş auditoriyanı əhatə edə bilmirlər. Bu sözləri də “Konstititusiya” Araşdırmalar Mərkəzinin eksperti Zaur İbrahimli deyir. Eyni zamanda qeyd edir ki, əsas problemlerdən biri maarifləndirmə işlərinin aparılmamasıdır.

Zaur İbrahimli:

Bir çox ölkələrdə məsələn biz qonşu Rusiyanı göstərə bilərik ümumiyyətlə vətəndaşlar rahatdır. Azərbaycanda isə vətəndaşlarımız bununla bağlı çox ciddi problemlərlə üzləşdiyini müşahidə edirik. Vətəndaşlarımız dövlət orqanlarına müraciət edilməsindən tutmuş, müxtəlif hüquqların həyata keçirilməsinə qədər hansı prosedurlar mövcud olur, qanunvericilikdə hansı addımların nəzərdə tutulduğu ilə bağlı məlumatsızdırlar və onlar bu məlumatları hardan almaq barədə də məlumatsızdırlar.

Azərbaycan Hüquqçular Assosasiyasının prezidenti  Ənnağı Hacıbəyli də  pulsuz hüquqi yardımla bağlı ölkədəki vəziyyət o qədər də ürək açan olmadığı fikrindədir. Hüquqşünas deyir ki,  Qeryi-hökumət təşkilatlarının daha çox Bakıda toplanması da regionlarda vətəndaşlara hüquqi xidmət göstərilməsinə mənfi təsir göstərir.

Ənnağı Hacıbəyli:

Vəkillərin əksəriyyəti Bakı şəhərində toplaşıb, hətta rayon hüquq məsləhətxanalarında qeydiyyata alınmış vəkillərin əksər hissəsi Bakıda fəaliyyət göstərir, onlar sadəcə formal olaraq, hansısa rayon məsləhətxanalarında qeydiyyatdadırlar. Vəkillər kollegiyasındakı vəkillərin sayı kəskin şəkildə artmalıdır ki, insanların seçim imkanı olsun və bu xidməti göstərən şəxslərin də sayı çox olsun.

Hüquqşünas Rəşid Hacılı isə bir sıra xarici ölkələrdə pulsuz hüquqi yardım və məsləhətlərlə bağlı hazırlanan proqamlardan və görülən işlərdən müqayisəli şəkildə danışır. Azərbaycanda bu sahədə bir sıra ciddi problemlərin olduğunu, Azərbaycan hökumətindən pulsuz hüquq yardım ilə bağlı çox ciddi proqramlar hazırlamasını və həyata keçirməsini gözlədiyini deyir.

Rəşid Hacılı:

Türkiyədə dövlət büdcəsindən ildə böyük məbləğdə vəsait, pulsuz hüquq yardımı görtərilməsi üçün… onlar da nə qədər adama pulsuz hüquqi yardım edirlər və s. bununla bağlı dövlətə hesabatını hər il hökümətə verirlər və yaxud məsələn deyək Amerika Bir şt. təcrübəsini götürsək orada dövlət hesabına məsləhətxanalar belə xidmət göstərirlər.  Dövlət hesabına həm cinayət işlərində həm mülki işlərdə çoxlu insanlar fəaliyyət göstərir və normal da maaş alırlar. Müstəqil vəkillərin aldığı maaşa yaxın maaş alırlar və ancaq bu işlə məşğul olurlar.

Ədliyyə Nazirliyi İnformasiya şöbəsinin rəisi Aydın Ağazadə isə fəqli fikirdədir. O, deyir ki,  2011-2015-ci illər üçün nəzərdə tutulmuş Yoxsulluğun azaldılması və davamlı inkişafı dövlər proqramı çərçivəsində  20 hüquqi məsləhət xidməti mərkəzləri yaradılması planlaşdırılıb, onlardan 9-u artıq tam hazırdır və fəaliyyət göstərir.

Pulsuz hüquqi məsləhətin keyfiyyətinin aşağı olması ilə razılaşmayan Şöbə rəisi bildirir ki, həm vətəndaşlar  həm də hüquqşüsanlar üçün tam şərait yaradılıb. Hüquqi məsləhət xidmətinin olmadığı regionlarda isə vətəndaşlar Ədliyyə Nazirliyinin regional şöbələrindən faydalana bilərlər.

Aydın Ağazadə:

Hardakı hüquqi məsləhət xidməti yaradılıb onlar oraya müraciət edə bilərlər, bunlar hamısı pulsuz xidmətlərdir olmayanlar da bizim həmin bu 10 dənə regional ədliyyə şöbələrinə müraciət edirlər vətəndaş kimi edirlər onlara hansı yaxındırsa, orada yenə də onlara pulsuz hüquqi yardım göstərirlər. Bu proqramda Ədliyyə nazirliyinə aidiyyatı olan işi budur ki, vətəndaşları pulsuz hüquqi yardımla əhatə eləsin. 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.