GSR TV, ZZ-Manşet

Respublikada zənginliyinə görə seçilən kitabxana

Dünyanın məşhur kitabxanalarından biri olan Mirzə Fətəli Axundov adına “Azərbaycan Milli Kitabxana”sının rəsmi açılışı 1923-cü ildə olub. Kitabxana yaranarkən fondun tərkibində 5000-ə yaxın  kitab olsa da, hazırda kitabların sayı 5 milyona yaxınlaşır.

Bu gün Azərbaycan Milli Kitabxanasında oxucuların mütaliəsi üçün tələbə gənclər, humanitar, dəqiq və texniki elmlər, xarici ədəbiyyat adlarında və digər istiqamətlərdə 16 zal fəaliyyət göstərir. Burada seçim oxucunun özünündür. O, istərsə kitabın özünü ənənəvi formada oxu zallarında mütaliə edə, istərsə də elektron formatda oxuya bilər.

Həmçinin kitabxananın  “Tələbə Gənclər” zalında  dərs vəsaitləri yerləşdirilib və açıq “WI FI ” şəbəkəsi quraşdırılıb.

IMG_1970pKitabxananın əməkdaşı Ədibə İsmayılova bildirir ki, Azərbaycan Milli Kitabxanasının oxucuları təsadüfü tələbatçılar deyil. Oxucularının əksəriyyətini gənclər təşkil edən kitabxanaya gələnlər arasında alimlər, müəllimlər də üstünlük təşkil edir:

“Azərbaycan Milli Kitabxanasının Fondu Respublikada zənginliyinə görə seçilən kitabxana fondudur. Demək ola ki, bütün elm sahələrinə aid Milli Kitabxananın Fondunda kitablar toplanmışdır. Biz əsasən fondumuzu komplektləşdirərkən oxucu sorğularını nəzərə alırıq. Fondumuzum əsas hissəsini oxucu sorğusu əsasında komplektləşdiririk. Təbii ki, başqa mənbələrdən də Azərbaycan Milli Kitabxanasının fondu komplektləşdirilir”.

Milli kitabxananın qədimliyini özündə əks etdirən “Nadir Kitabxana” şöbəsi də istifadədədir. Bura həm də muzey kimi fəaliyyət göstərir. Muzeydə kitabxananın tarixini özündə əks etdirən sənədlər, eksponatlar nümayiş etdirilir. Şöbə müdiri Səidə  Abdullayeva bildirir ki, şöbəyə turist marağı da olduqca çoxdur. Şöbənin ən qədim eksponatı isə 1573-cü ildə latın dilində nəşr edilən kitabdır:

“Nadir kitablar şöbəsi 1962-ci ildən fəaliyyət göstərir.  Bu şöbənin yaranmasında əsas məqsəd kitabxana fondlarında olan ən qədim nəşr nüsxələrinin bir yerə toplanmasından ibarət olub. Bu nəşr nüsxələri içərisində dünya xalqlarının 16 dilində nəşr olunmuş 5 minə yaxın ədəbiyyat fonda toplanılmışdır”.

IMG_19559p2012-ci ilin dekabr ayından başlayaraq Azərbaycan Milli kitabxanasında elektron qeydiyyata başlanılıb. Buraya gələn oxucular təkcə şəxsiyyət vəsiqəsini təqdim etməklə kart əldə edir. Bu kart vasitəsilə elektron kataloqdan kitab sifariş edirlər.

Oxuculardan biri Rəbiyyə Namazova, kitabxanada yaradılan şəraitdən danışır:

“Daha çox həftə sonları gəlirəm, burada dünya ədəbiyyatından, öz ədəbiyyatlarımızdan istifadə edirəm və daha çox dil resurslaı istifadə olunur.”

IMG_1999pI kurs tələbəsi Leyli Məmmədli isə daha çox dərs kitabları ilə maraqlandığını bildirir:

“Şərqşünaslıq fakultəsinin türk dili üzrə filologiyasını oxuyuram. Fakltəmizdə dünya ədəbiyyatı keçirilir. Ona görə də orada keçirilən dərslərlə bağlı  kitablar, əsərlər oxuyuruq. Halhazırda da yunan ədəbiyyatı keçirik. Ona görə də Axundov kitabxanasına gəlirəm. Dərslərdən sonra təxminən 2-3 saat oxuyuram ”.

Milli kitabxananın həyətində oxucular üçün açıq kitabxana da yaradılıb. Ədibə xanım bildirir ki, açıq kitabxana günün 24 saatı fəaliyyət göstərir. Açıq kitabxana özünə  “mən oxudum, sən də oxu” devizi seçib. Oxucular burada öz kitablarını başqa kitablarla dəyişə bilir:

“Açıq kitabxana layihəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsidir. İyul ayının 15-də açıq kitabxananın təntənəli surətdə açılış mərasimi olmuşdur. Çox gözəl bir layihədir. Açıq kitabxananın açılışı  geniş oxucu marağına səbəb olmuşdur. Bakı şəhərinə gələn turistlərin, qonaqların böyük marağına səbəb olmuşdur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə  2004-ci ildən Mirzə Fətəli Axundov adına Kitabxanaya  “Milli Kitabxana” statusu verilib.

 

Öncəki xəbərNövbəti xəbər