GSR fm, Podkastlar

 Sabun satmaqla ailəsini dolandıran şair

Ələkbər Zeynalabdin oğlu Tahirzadə yəni, Sabir 1862-ci il may ayının 30-da Şamaxı şəhərində dünyaya gəlir. Dindar ailədə doğulan Sabiri ailəsi bu ruhda tərbiyə edir. Şair gənc yaşlarından namaz qılıb, oruc tutmağa başlayır. Səkkiz yaşlı balaca ilk təhsilini mollaxanada alır. Öz istedadı ilə yaşıdlarından fərqlənən Ələkbər mollaxanada vaxtından əvvəl yazı yazdığı üçün molla tərəfindən cəzalandırılır.

Tutdum orucu irəmazanda,

Qaldı iki gözlərim qazanda.

Mollam da döyür yazı yazanda

Bu misralar şairin haqsızlıqlara qarşı ilk etirazının poetik ifadəsi olur.

mirze_elekber_sabirSabir 12 yaşında zəmanəsinin böyük şairi Seyid Əzim Şirvaninin məşhur «Üsuli-cədid» məktəbinə qəbul olur. Bu məktəbdə o, biliyini və şairlik istedadını inkişaf etdirir

Bir dəfə dərsdə İslamda təriqətin yerindən danışarkən Seyid Əzim gülə-gülə deyir ki, Ələkbərin atası sünni, anası isə şiədir. İndi o, bilməyəcək ki, hansı yolla getsə həqqə tez çatar. Tənəffüsdə Ələkbərin bununla bağlı “Babam sünni, nənəm şiə”  sözləri ilə başlanan şeir yazdığını bilən Seyid Əzim həmin şeiri oxuyub təhlil və redaktə edir….

Babam sünni, nənəm şiə, dürək mən,

Nə farsam mən, nə hindəm mən, türək mən.

Muğanda müğbeçə, məsciddə Əkbər,

Təfavütü yox, həqiqətdə zirək mən.

Bundan sonra Seyid Əzim balaca Ələkbərə daha çox diqqət yetirməyə başlayır. Beləliklə, gənc şairin oxumağa, yazıb- yaratmağa olan həvəsi daha da artır. Bunlara baxmayaraq atası Ələkbəri təhsildən ayırıb, öz baqqal dükanında köməkçi kimi işlətməyə başlayır. Bu da ata ilə oğul arasında mübahisələrin yaranmasına səbəb olur. Getdikcə dərinləşən mübahisələrdə Məşədi Zeynalabdin “sözə baxmayan” övladının üstünə əl qaldırır və onun şeir dəftərini cırır.

Satmaram öz əqlimi siz kimi laməzhəbə,oxutmuram
Razıyam oğlum gedə qəbrə, – nə ki məktəbə!
Məktəb adın çəkməyin, – mələbədir, mələbə!..
Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Sabir atasının verdiyi əziyyətdən xilas olmaq üçün 1884-cü ildə ziyarət etmək adı ilə İrana yollanır. Atasının ölüm xəbərini aldıqdan sonra səyahətini yarımçıq qoyub, Şamaxıya qayıdır.

1886-cı ildə şair Billurnisə xanımla evlənir. Onların səkkiz qızı, bir oğlu dünyaya gəlir. Lakin, uşaqlarından altısı kiçik yaşlarında dünyasını dəyişir. Ailəsini çətinliklə dolandıran şair məcbur olur ki, bir dükan açıb sabun bişirib, satmaqla məşğul olsun. Sabir uşaqlarının həm maddi, həm də mənəvi ehtiyaclarını təmin edir. Onları savadlı görmək istəyir, qızı və həyat yoldaşına əlifba öyrədir. Şairin qızı Səriyyə öz xatirələrində yazır ki: “Həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatcıl, səmimi idi”.

1902-ci ildə Şamaxıda böyük dağıntılara səbəb olan zəlzələ baş verir. Zəlzələdə şairin də evi xarabaya dönür. Bundan sonra şair böyük çətinliklə düzəltdiyi daxmada ailəsi ilə birlikdə yaşamağa məcbur olur.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuatda dərc edilir. 1903-cü ildə “Şərqi-Rus” qəzetində şairin ilk əsəri çap olunur.

Tiflisdə 1906-cı ilin aprel ayında “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması Sabirin yaradıcılıq həyatında yeni bir səhifə açır. “Millət necə tarac olsur olsun, nə işim var?!” şeirinin  jurnalda çap olunması şairin şöhrətini daha da artırır ;

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,sabir

Yatmışları razı deyiləm kimsə oyatsın, 
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Dostlarının təkidindən sonra Sabir, bu qərara gəlir ki, sabun bişirməyi birdəfəlik atsın. Özünün də böyük həvəs göstərdiyi müəllimlik sənəti ilə məşğul olsun. Beləliklə, şair 1908-ci ilin aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verir. Mayın 7-si Tiflisə gedib Qafqaz ruhani idrəsinin verdiyi 944 nömrəli attestat ilə Ana dili və şəriət müəllimi hüququ alır. Tiflisdə Qori müəllimlər seminariyasında müəllimlik etmək istəyir. Lakin, Qoridən aldığı məktubdan sonra o, seminariyada müəllim işləmək ümidini itirir. Məktubda seminariyada boş yerin olmadığı bildirilir. Bunun əsas səbəblərindən biri kimi seminariyanın dünyəvi məktəb olması, şairin isə ruhani diplomu alması göstərilir. Bir müddət Şamaxıda Əbdülxalıq əfəndinin məktəbində köməkçi müəllim kimi dərs deyir. Həmin günlərdə Sabir “Cümə” başlıqlı məqaləsini qələmə alır. Məqalədə maarifçiliyin önəmini vurğulayır.

Məktəblər açıb eyləyin ehsanı, — deyirlər,

Məktəbdə qoyun ustulu, daskanı, — deyirlər,

Рәrpuç eləyin çubü fələqqanı, — deyirlər,

Dişrə çıxarın həzrəti-mollanı, — deyirlər,

Molla qovula, yəni müəllim gələ, vah-vah!

Lahövlə vəla qüvvətə illa və billah!

Sabir xalçaçı dostu Hacı Ağaəlinin köməyi ilə 1908-ci ilin yayında Şamaxıda karvansaranın iki otağını təmir etdirib, həmyerlisi Hacıbala Zamanovla birlikdə “Ümmid” məktəbini açır. Məktəbdə 60-a qədər şagird təhsil alır. Məktəb yeni üsulda təşkil olunur, burada şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edirdilər. Lakin Sabirin getdikcə genişlənən ictimai fəaliyyətindən narazı qalanlar bunun qarşısını almaq üçün çalışır. Yaranmış vəziyyətə görə “Ümmid” məktəbi bir il sonra bağlanır.

Sabir 1910-cu ildə Bakıya gəlir. Balaxanı məktəbində Azərbaycan dili və şəriət müəllimliyi edir. Axşamlar isə şəhərdə qəzetlərin mətbəəsində korrektor kimi çalışır, öz şeirlərini də Bakı mətbuatında nəşr etdirir. Ağır iş rejimində olan şairin səhhətində problemlər yaranır və o, Şamaxıya qayıtmağa məcbur olur. Getdikcə vəziyyəti daha da ağırlaşan şair müalicə üçün Tiflisə yollanır. Burada onu “Molla Nəsrəddin” jurnalının redaktoru  Cəlil Məmmədquluzadə və həyat yoldaşı Həmidə xanım qarşılayır, öz evlərində qonaq edir. Sabirin müalicəsini xaricdə davam etdirmək üçün şairin dostu C.Məmmədquluzadə 1911-ci ildə “Molla Nəsrəddin” jurnalının 14-cü nömrəsində elan dərc edir. Qısa müddət ərzində redaksiyaya 600 manata yaxın pul daxil olur. Yığılan pul Sabirin yaxın dostu, şair Abbas Səhhət vasitəsilə ona çatdırılısa da artıq gec olur. Mirzə Ələkbər Sabir 1911-ci il, iyul ayının 12-də vəfat edir. Şairin nəşi Şamaxıda “Yeddikünbəz” qəbiristanlığında torpağa verilir.

Əfsus qocaldım, ağacım düşdü əlimdən,
Səd heyf cavanlıq!
Zəf eylədi aciz məni, qaldım əməlimdən,
Çəkdim nə ziyanlıq!
Saldıqca cavanlıqda keçən günləri yadə
Dərdim olur on qat!
Ya rəb, yetərəm birdəmi dünyada muradə?
Heyhat və heyhat!hophopname

1911-ci ildə həyat yoldaşı və dostları şairin şeirlərini toplayıb,  “Hophopnamə” adı ilə kitab şəklində çap etdirirlər, 2 il sonra isə xalqın ianəsi ilə “Hophopnamə”nin yeni, daha mükəmməl forması işıq üzü görür.

2010-cu ilin 1 iyun tarixində  isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi təntənə ilə qeyd olunur.


 Hazırladı: Zəkiyyə Məmmədova

Öncəki xəbərNövbəti xəbər