GSR TV, Z-Manset, ZZ-Manşet

“Sağlam cəmiyyət sağlam ailə əsasında formalaşır”

Evlilik öncəsi tibbi müayinə mədəniyyətinin təbliği məqsədilə 19 fevral 2015-ci ildə “Sağlam Ailə” tibb mərkəzində Milli Şuranın üzv təşkilatlarından olan gənclər üçün pulsuz müayinə aksiyası keçirilib. Bu aksiyanın davamı olaraq 20 fevral tarixində isə “Hilton”otelində  “Sağlam ailə – sağlam cəmiyyət – güclü dövlət” adlı konfransı baş tutub.

Konfrans Ailə, Qadın və Uşaq problemləri  üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Aktlarının Reyestr xidməti, “Sağlam Ailə” Tibb Mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə baş tutub. Tədbir “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2014-cü il 17 oktyabr tarixli Azərbaycan fərmanın təbliği məqsədilə keçirilib.

Kofransda millət vəkilləri, təşkilatçı qurumların rəhbərləri, gənclər təşkilatlarının üzvləri və səlahiyyətli nümayəndələri iştirak edib.

Əvvəlcə Ailə, Qadın və Uşaq problemləri  üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva həyata keçirilən layihələr haqqında  məlumat verib.

 – Yaşadığımız bu mürəkkəb və gərginliklərlə dolu dünyada bəşəriyyətin qarşılaşdığı problemlər ailə insitutunu bir daha önə çıxarır, əhəmiyyətini göstərir. Cəmiyyətin saflığını təmin edən dəyərlər, ənənələr ailədə formalaşır, ailədə gələcək nəsillərə ötürülür. Bu baxımdan ailələrin sağlamlığı dövlətin güclü olması və inkişafıdır. Bu məsələlərə görə, dövlətimiziin siyasətində ailə məsələləri prioritet istiqamətdir.

Daha sonra Millət vəkili Kamilə Əliyeva konfrans haqqında fikirlərini bildirib, konfransın aktuallığından söhbət açıb.

 – Bu günkü konfransda səslənən fikirlər öz aktuallığına görə böyük əhəmiyyət kəsb edir. Sağlam ailə, sağlam cəmiyyət güclü dövlət. Azərbaycan bu gün güclü dövlətdir. Güclü dövlət yalnız sağlam cəmiyyət əsasında yaradıla bilər. Sağlam cəmiyyət isə, sağlam ailə əsasında formalaşır.

Tədbirdə iştirak edən Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə əlaqlər şöbəsinin rəhbəri Nigar Rüstəmli isə nigahdan əvvəl müayinənin vacibliyini vurğulayıb. O gənclərin müayinədən yayınma səbəbləri, bu problemin aradan qaldırılması üçün atılan addımlardan danışıb.

 – Fikir versəniz, bizdə həmişə həkimdən, müayinədən yayınıblar. Bir də polis görəndə reaksiya verirlər ki, polis gəlir. Biz araşdırmışıq ki, bu nədən ola bilər. Sonra gedib çıxırıq ta başa ki, uşaq vaxtı uşaq ağlayanda nə deyirlər? Sakit dur həkim gəlib iynə vurar, sakit dur polis gəlib aparar. Amma normalda biri bizim sağlamlığımızı, biri də təhlükəsizliyimizi təmin edən bir qurumdur. Çox təəssüflər olsun ki, uşaqlıqdan bizim psixologiyamıza bu yeridilib ki, polisdən həkimdən qorxmaq lazımdır.

Konfransın sonunda Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qanuna edilən dəyişiklər haqqında söhbət açıb. Millət vəkili qeyd edib ki, əlavə və dəyişikliklər qüvvəyə mindikdən sonra, evliliyə hazırlaşan vətəndaşlar icbari tibbi müayinədən keçdikləri haqqında arayışı müvafiq orqana təqdim etməsələr, onların rəsmi nigahı qeydə alınmayacaq.

 – Bu əlavə və dəyişikliyə görə, gənclər nigah öncəsi icbari tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin qaydası, şərtləri, tibbi müayiədə hansı xəstəliklər üzrə keçiriləcək o xəstəliklərin siyahısı prezidentin tapşırığı ilə, Nazirlər Kabineti tərəfindən hazırlanır. İyun ayının 1-nə qədər, bu məslələr hazırlanandan sonra, bu ilin ikinci yarısından deyilən əlavə və dəyişikliklər qüvvəyə minəcək .

Öncəki xəbərNövbəti xəbər