İqtisadiyyat

“Sahibkarlara iki istiqamətdə birbaşa dəstək göstərilir”

Azərbaycanda dekabrın 14-dən 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Sərt karantin dövründə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.

Yenidən sərtləşdirilmiş karantin müddətində sahibkarlara göstəriləcək yardımlar barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov AVTO 107.7 FM-də yayımlanan “Tam Vaxtı” verilişində məlumat verib.

Vüqar Bayramov bildirib ki, pandemiya dövründə iqtisadi, sosial və digər sahələrə dəstək məqsədilə 2,5 milyard dollarlıq paket təsdiq olunub. İqtisadi paketə əsasən Sahibkarlığın inkişafı Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başlanılıb:

“Güzəştli kreditlər üçün500 milyon manatlıq kredit portfeli təklif olunub. Həmin kreditlər yeni mexanizmlə verilir. Belə ki, artıq elektron kredit portalı yaradılıb. Orada sahibkarlar bankları seçib kreditə müraciət etmək imkanı qazanıb. Pandemiya dövründə və xüsusən karantin rejimində onlayn formada müraciət imkanı sayəsində banka və ya hansısa dövlət qurumuna getməyə ehtiyac qalmır. Elektron portal həm də şəffaflığı təmin edir.

Burada mühüm addımlardan biri də o oldu ki,2020-ci il martın 10-na qədər götürülən kreditlərə dövlət tərəfindən subsidiyalar tətbiq edildi. Bu, o deməkdir ki, biznes kreditlərinin 10%-i dövlət tərəfindən ödənilir. Məsələn, sahibkar 14%-lə kredit götürübsə, onun 10%-ni dövlət subsidiya edir. Hazırda təxminən 1 milyard manatlıq kredit portfelinə 10%-lik subsidiya tətbiq edilir”.

İqtisadçı onu da əlavə edib ki, pandemiya dövründə sahibkarlar üçün girov mexanizmi də təkmilləşdirilib:

“Bölgələrdə fəaliyyət göstərən sahibkarlarımız kreditə müraciət edərkən onlardan çox vaxt paytaxtda girov tələb olunurdu. Etiraf etmək lazımdır ki, rayonda və ya kənd yerlərində fəaliyyət göstərən sahibkarların, xüsusən kiçik və orta sahibkarların Bakıda əmlakları yoxdur. Sahibkarlığın İnkişafı Fondu tərəfindən təklif olunan kreditlərdə bu sistem dəyişdirilib. Nəzərə alınıb ki, kreditlər əsasən innovativ texnologiyanın alınması üçün götürülür, elə həmin məhsul artıq özü girov kimi çıxış edə bilir. Kredit götürənin aldığı məhsul girov olaraq rəsmiləşir və başqa yerdə əmlaka sahib olub onu girov kimi təqdim etməyə ehtiyac qalmır. Artıq bu sahədə də 700 milyon manatlıq sifariş verilib. Sahibkarların böyük marağını müşahidə edirik”.

Son olaraq millət vəkili bildirib ki, yenidən sərtləşdirilmiş karantin dövründə İqtisadi Paket çərçivəsində sahibkarlara dəstəyin artılırması gözlənilir:

“İqtisadi paket sahibkarlara iki istiqamətdə birbaşa dəstək göstərir. Bunlardan biri fərdi və mikro sahibkarlara maliyyə yardımının həyata keçirilməsidir. Yardım çərçivəsində fərdi və mikro sahibkarlara 250 manatdan 5000 manatadək yardım göstərildi. Eyni zamanda, muzdlu əmək haqqı müqaviləsi olan özəl sektor sahibkarları üçün də işçilərin əmək haqlarının tam və ya qismən kompensasiyası həyata keçirildi. Sərt karantin tətbiq olunduğuna görə hazırda yenidən eyni dəstək müzakirə olunur. İqtisadi paket çərçivəsində dəstəyin artırılması və gücləndirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Vüqar Bayramov növbəti ildə də pandemiyanın təsirlərinin qalacağının güman olunduğunu və belə olan halda eyni tədbirlərin növbəti ildə də nəzərdə tutulacağını bildirib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.