Aktual

Şamaxıda Eurovision həyəcanı

Kərimovlar ailəsi  7 nəfərdən ibarətdir. Ailənin dörd qızı, bir oğlu var. Evin sahibəsi Almaz xanım üç qızını gəlin köçürüb,  kiçik qızı İlahə isə hazırda nişanlıdır. Oğlu Kamran idmanla məşğul olur. Ailənin xanımı deyir ki, Avroviziya haqqında məlumatlıdır. Hesab edir ki, bu müsabiqə Azərbaycanı bütün dünyaya tanıtdıracaq. Təmsilçilərdən isə yalnız Səbinə Babayevanı tanıyır. Düşünür ki, onun müsabiqədə Azərbaycanı  təmsil etməsi doğru seçimdir.

Almaz Kərimova:

– Yəni bütün dünya görəcək ki, Azərbaycan Respublikamız kimi böyük bir dövlətimiz var. Bu gün xaricdən gələnləri göstərirlər. Nə qədər millət axışıb Azərbaycana gəlib. Bu da bizi bütün dünyaya tanıtmaq deməkdir. .

Şamaxıda "Cümə" məscidi

Bu məqamda ev sahibi İlham Kərimov gəlib çıxır. Söhbətə qoşulan İlham dayının fikrincə, Eurovision Azərbaycana yalnız xeyir verəcək.

İlham Kərimov:

– Elə bir şeydir ki, xalqımızı tanıtdırır da dünyaya. Yaxşı xeyrimizədir ki, ziyanımıza deyil. Dövlətimizi bir mədəni dövlət kimi dünyaya tanıtdırır.

Ailənin başçısından bu gün ailə saxlamağın çətinlikləri haqqında soruşuruq.  Dindar ailə olduqlarından İlham dayı əllərindəkinə şükür edib, qane olduqlarını deyir. O məktəblərin birində gözətçi işləyir.

İlham Kərimov:

– Məktəbdə işləyirəm, oğlum da stipendiya alır ( təqaüd-red) alır, güləşdə görürsən udur, dövlət hörmət edir, bələ də dolanırıq.

İlham Kərimov 16 yaşından zəhmətə qatlaşıb.  Sovet dövründə Şamaxıda fəaliyyət göstərmiş kəlağayı fabrikində 20 il toxucu işləyib.  SSRİ dağıldıqdan sonra həmin fabrikin bağlanması İlham dayının işsiz qalmasına səbəb olur.

İlham Kərimov:

– Orda 500 adam işləyirdi, indi ilan gəzir. Əlbəttə istərdim işləsin, indi balalarım işləyərdi orda, qonşularım işləyərdi, özüm işləyərdim.

İlham dayı öz əli ilə toxuduğu kəlağayını göstərir

Ailə şam yeməyinə hazırlaşır.  Yemək əsnasında Kamran bizə söyləyir ki, müsabiqəni qeyd etmək üçün Şamaxının Heydər Parkında böyük monitor quraşdırılıb. Axşam şamaxılılar müsabiqəni orda bayram edəcəklər.  Onları bizimlə müsabiqəni izləməyə dəvət etsək də, yalnız ailənin oğlu bizimlə parka yollanır.

Parkın ortasında böyük meydança var.     Həmin meydançada quraşdırılmış monitorda Eurovision müsabiqəsinin finalına hazırlıqların son mərhələsi göstərilir. Bir neçə dəqiqədən sonra bir ildir ki, gözlənilən final nəhayət baş tutacaq.

Parkda yüz nəfərə yaxın adam toplaşıb. Və bu toplumun içində bir nəfər də olsun qadın yoxdur. Bunun səbəbilə maraqlandıqda, Kamran Kərimov bizə belə cavab verir:

Kamran Kərimov:

– Gətirirlər amma baxır kimi? Bacısını gətirən görmürəm. Nəbilim tək-tək adam pis baxırlar baxmağına. Kiminsə baxmağına görə yox, özləri gətirmirlər.

Şamaxıda "Heydər" parkı

Evə qayıdırıq.. Final həyəcanını qonağı olduğumuz ailə ilə birgə yaşamaq istəyirik.  İkinci çıxış edən iştirakçının ifası ilə final mərhələsini izləməyə başlayırıq. Təxminən yarım saat sonra Almaz xala özünü pis hiss etdiyi üçün üzrxahlıq edib, yatmağa gedir. İlham Kərimov isə gecələr gözətçi işlədiyi üçün bizimlə sağollaşıb, işə yollanır. Finalı ailənin gənc üzvləri ilə birlikdə izləyirik.

Müsabiqə bitir, qalib müəyyən olunur.  İsveç təmsilçisi Loren artıq qalibdir.

Təşkilatçılar Bakının  Eurovisionun öhdəsindən  uğurla gəldiyini deyirlər. Amma Kərimovların qonşuları…

Qonşular:

– Dolanmağa pul istəyirəm. O Eurovisiona mənim pulum yoxdur gedəm baxam ora. Allah işlərini avand eləsin o bizə aid deyil. O lazımlı  adamlara aiddir, bizə aid deyil.

– Toxun acdan xəbəri yoxdur. Kimin pulu var onun üçün qanedir. Təki udsun yaxşı yaşayaq, yaşamaqdan da ötrü mənə su lazımdır.


Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.