P.S, Təmas Xətti, Z-Manset

“Şamaxının o qədər çatışmayan tərəfi var ki…” - Təmas Xətti

O səhnəyə ayaq basdığı gündən özü olmağa   çalışıb.  Bu cümlənin arxasında onun sənət ömrü, oynadığı saysız-hesabsız rollar dayanır.

Bu dəfə “Təmas xətti”ndə xalq artisti, çağdaş teatr sənətinin kifayət qədər görümlü-tanımlı nümayəndələrindən biri, professor İlham Namiq Kamal ilə həmsöhbət oldum.

Söhbətə onun “Facebook” sosial şəbəkəsində hər gün yazdığı “Şamaxıda əmin-amanlıqdır” fikrinə ehtiva edərək zarafatyana “Şamaxıda vəziyyət necədir? sualını verməklə başlayıram. Cavabında isə gülüb:

– Görürəm sizin də yumor hissiniz var.IMG_9450-1

 

Sonra isə davam edir:

-Biz  Şamaxının Sarıtorpaq məhəlləsindənik. Tarixi vərəqləsək görərik ki, ən böyük mütəfəkkirlər elə bu məhəllədəndir. Sonra hamı kimi biz də Bakıya köçdük. Bakıdakı evimdən əlavə, Mədrəsə qəsəbəsində bağım var.  Ora gedəndə nəinki mən, nəvələr də uşaqlar da sevinir.

O ki, qaldı əmin-amanlığa insan istəyər ki, həmişə əmin-amanlıq olsun. Hərdən mən əmin-amanlıq demirəm ki, birdən göz dəyər.  Əvəzində “o məsələ yenə də qüvvəsində qalır” deyirəm. (gülür)

Mənə suallar verirlər “o məsələ nədir axı?”. Əgər o insanın yumor hissi yoxdusa, mən bunu o adama necə başa salım?!

Bu bir az da insanların pozitiv olmaqlarını, ovqatlarının şən olmağını arzulamaqdır. Biri var insanlara nəciblik gətirən zarafat,  biri də var insanların əhvalını pozan zarafat.  Düzdü, indi Şamaxının da o qədər çatışmayan tərəfi var ki… Məsələn, gedərsən ki, mərkəzində yollar bərbaddı.  Amma bərbad da olsa əmin-amanlıqdır . (gülür)

Əvvəlcə 14 nömrəli səkkizillik məktəbdə oxuyur, sonra 31 nömrəli orta məktəbdə təhsilini davam etdirir. Özü deyir ki, dərslərini pis  oxumayıb. Amma nadinc uşaq olub. Və beləliklə, orta məktəbi bitirir, ürəyində Teatr İnstitutuna qəbul olmaq həvəsi ilə.

Vallah bizim ailədə heç sənət adamı olmayıb. Hamı arzulayırdı ki, mən filologiya fakültəsinə daxil olum. Hətta deyim ki, çox canfəşanlıq da etmişdilər.  O vaxt elə idi ki, imtahanlar avqust ayında idi. Mənsə o vaxt dərnəyə, xalq teatrına gedirdim. Mən özüm heç kimin xəbəri olmadan Mədəniyyət və İncəsənət İnstituna daxil oldum.

O vaxt belə deyildi. İmtahandan kəssinlər filan. Gedirdin  səni müəllimlər danışdırırdı, sonra yazılı imtahan yazırdın. Tarixdən şifahi imtahan verirdin sonra da daxil olurdun. Hətta onun müsbət tərəfi də o idi ki, tutaq ki, qabiliyyətdən beş almısansa, onda müəllimlər tapşırırdı ki, bu gəncə digər imtahanlardan kömək edin. Bu çox istedadlıdır.  Bu uşaq hökmən instituta daxil olsun. Bu bizə sabah lazımdır.

IMG_9428-1

Amma indi elə bir şans yoxdur.

– Hə, gələn gənclər gedir birinci testə. Testdən onlar kəsilir. Sonra məcbur oluruq ortabab uşaqlardan seçək.

Mən gənclərə irad tuturam ki, sizin bir balaca istedadınız, səsiniz, gözəl görkəminiz varsa biraz da oxuyun da!

Bir tərəfdən də düşünürəm ki, dörd il ərzində bu uşaqlar universitetdə də maariflənirlər axı. Amma səsi, o görkəmi  mən ona haradan bəxş edəcəm? Ona görə də görürsən ki, universitetə balaca-balaca xalalar, əmilər gəlirlər. Səhnədə isə tamaşaçılar görkəmi olan adamlar görmək istəyirlər.  Səhnə çox genişdi, səhnə insanları udur. İtir adam səhnədə.

Bəs çıxış yolu yoxdur?

Çıxış yolu… mən sizə deyim ki, bir çox ölkələrdə test yoxdur. Məncə gələcəkdə bu məsələ haqqında düşünmək lazımdır.

Siz özünüz bir müəllim, aktyor kimi bu barədə harasa müraciət etmisiniz?

-Müraciətlər olunub, bəli. Məncə, gələcəkdə bu məsələyə baxıla bilər. Mən Məleykə xanıma da müraciət etmişəm. Özü də bu məsələni bilir.  Yəni bilənlər var. Sadəcə bunu həll etmək məsələsi qalıb.

Bu istedadlı gənclərdə də təqsir var. Axı zaman dəyişib. İndi artıq savadlı insanlar tələb olunur. Gərək bir çıxış yolunu tapaq da. Necə deyərlər, nə şiş yansın, nə kabab!

İstedad demişkən, sizcə, aktyor/aktrisa olmaq üçün istedad kifayətdir?

– Gərək insana həyatda geniş bir meydan açılsın. Amma gəncin özündən də çox şey asılıdır. Sənətini bitiribsə, gərək peşəkar olsun.  Əgər gənc istedadlıdırsa,  o həmişə tələb olunur.  Əlbəttə, tənbəl, işinə biganə olarsa arada itib-batacaq. Hər sahədə belədir, tək incəsənət sahəsində yox.

Bir müəllim kimi öz tələbələriniz haqqında nə düşünürsünüz?

-Əvvəla qeyd edim ki, müəllim o demək deyil ki, sən dərs deyirsən, sən nəsə öyrədirsən. Sən də o tələbədən nəsə öyrənirsən. Gərək müəllimlə şagird dost, ata-bala kimi olsunlar. Mənim  tələbələrim bir çox teatrlarda işləyirlər.  Çox maraqlı, istedadlı tələbələrim var.  Yaxşıdı, yəni. Biz optimistik.  Çünki biz bilirik ki, hər şey əmin-amanlıq vəziyyətindədir. (gülür)IMG_9457-1

Əksər gənclər ideyaları olduğunu, lakin onları həyata keçirmək üçün maddi imkanlarının olmadığından şikayətlənirlər.

-Bu maddiyyat məsələsinə yaxşı toxundunuz. İncəsənətə gələn adam 150 manat maaş alır. Bu maaşla hansı qız ya oğlan ailə qura bilər?! Bu məsələ dönə-dönə müzakirə olunur.

Onu da deyim ki, teatrlara qarşı qayğı çoxdur. Mənə elə gəlir ki, gənclərin maddiyyat məsələsi də həll olunmalıdır. Başqa cür ola da bilməz. Bu insan həm də yaşamalıdır axı. Bu ailə qurmalıdır.

Həm də gərək sənətdə olan insan ehtiyac hiss eləməsin. Axı o çıxır səhnədə padşah rolu oynayır, böyük bir məmur obrazı oynayır. Bax bu ehtiyac içində çuğlanırsa (red: boğulursa) bu rolu nətər oynaya bilər?

Bəs sizin dövrünüzdə necə idi?

Bizim dövrümüzdə həm radio, həm televiziya ödənişli idi. Yayımlanan tamaşalar hamısı müqavilə əsasında ödənilirdi. Onda bir televiziya var idi,  Azərbaycan Televiziyası. Bu gün də yenə həmin televiziyada bütün tamaşalar ödənişlidir, amma başqa telekanallarda yox.  Niyə?! Çox maraqlı məsələdir. Görmüsünüz ki, bir kanal bir tamaşa hazırlasın? Ancaq qeybət, nəbilim vaxt keçirsinlər. Mənə elə gəlir ki, bu vaxt keçirmək də biləvasitə tamaşaçıların zövqünü zəhərləməkdir. İşi, gücü olmayan ahıl nənələr, bibilər, babalar televiziyaya çıxıb özlərini göstərmək istəyirlər. Hərdən düşünürəm ki, bunların övladları, nəvələri yoxdur görən, bunlar özlərini ekrana çıxardıb gülünc vəziyyətə qoyurlar?

Sonra aktyor özü davam edir, mənim sual ünvanlamağıma ehtiyac qalmadan:

Amma bu bir dövrdür.  Prezident də fərman verdi ki, seriallar, kinolar çəkilsin. Düzdür, indi teleserialların maddi ödəməsi bir o qədər olmasa da, amma yenə də yaxşıdır.

Qabaqlar hər bir məktəbdə dram dərnəkləri var idi. Ən ucqar kəndlər belə dram dərnəkləri fəaliyyət göstərirdi.  Nə idi bu dram dərnəkləri? Sənətə həvəs yaratmaq, uşağa şeir demək qabiliyyətini ona aşılamaq, səhnəciyin ona nə olduğunu başa salmaq üçün. Bu bir növ teatra, sənətə həvəs yaratmaq idi.  İndi heç bir məktəbdə dram dərnəyi yoxdur. Dram dərnəklərinə gənclər rəhbərlik edirdi.  Bu isə həm gənclərdə həvəs yaradır,  həm də maddi baxımdan yararı olur. Bunlar hamısı zəncirvari bir-birinə bağlıdır. Zəncirlər qırılıb.  Bax bunlar bu cür olmalıdır. Gedib bazarda alma satası deyilki bu?! Ayıbdı axı.

Bu dərnəklər teatra, sənətə həvəs yaratmaqdan əlavə, onun inkişafı üçün də lazımdır.

İnkişaf  teatrın sabahı üçün lazımdır. Mən bəzi bölgələrdə görmüşəm xalq teatrları var. O xalq teatrlarını yenidən inkişaf etdirmək lazımdır. Mədəniyyət sarayları demək olar ki, boşdur, çoxu bağlanıb. Bilirsiniz, bir gül ilə bahar olmaz. Gərək güllər çox olsun ki, buket səviyyəsini alsın. O buketi sonra götürüb xanımına da hədiyyə edə biləsən. (gülür)

IMG_9427-1

Aktyor olaraq həm bədii filmlərdə, həm də müxtəlif tamaşalarda oynamısınız. Hansını oynamaq daha rahatdır?  Səhnədə tamaşaçıların önündə, yoxsa kameraların arxasında?

-Bilirsiniz, teatr elə bil palıd ağacının gövdəsidir. Onun bir budağı kinodur, bir budağı televiziya, bir budağı estradadır. Əsas özəyi, amma teatrdır, teatr.  Ən çətini, ən ağırı, ən şərəflisi də.

“Teatr nağıllar aləmidir”.

Bundan əlavə aktyor yaşından aslı olmayaraq, əgər o uşaq məsumluğunu özündə saxlayarsa o aktyordur. O əgər uşaq məsumluğunu özündə saxlaya bilməsə, məncə, o aktor deyil.  Əgər sən hər dəfə necə deyərlər, o kağızdan düzəldilmiş qızıl gülü əsl qızıl gül kimi qəbul edirsənsə, tamaşaçı da onu elə qəbul edir.

Hansı sahə, hansı peşə olursa-olsun hər bir peşəkar öz tərbiyəsini öz sahəsinə gətirir. Bu kənardan baxanda da hiss olunur.

Sonra aktyor teatrın incəliklərindən, sirlərindən danışaraq söhbətə  davam edir:

Biz insanların simasına baxanda onların nəylə nəfəs aldıqlarını duya bilirik. Gərək səhnədə də insanları əks etdirəsən. Ola bilər insanın siması heç dəyişməsin. Amma daxilən insanın o sağlam beynini, zehnini özünə həkk edirsənsə, o insan kimi sən danışmağa başlayırsan özündən aslı olmadan. Bu da sənətin xırdalıqlarıdır, sirləridir.

IMG_9403-1

Müəyyən bir dövrdə də İlham Miniatür Teatrının həm bədii rəhbəri, həm də direktoru  olaraq çalışmısınız. Bu teatr haqqında bir az məlumat verərdiniz, zəhmət olmasa.

Sovetlər dövründə heç bir ikinci teatr açmaq mümkün deyildi. Biz də bu teatrı müstəqillik qazandıqdan sonra açdıq. Həvəsim yaranmışdı. Yer verdilər. Əsas yerdən asılı idi. Sabiq mədəniyyət naziri Polad Bülbüloğlu mənə Gənc Tamaşaçılar Teatrında çox gözəl şərait yaratdı. Bu teatr elə bil ki, universitetlə teatr arasında bir körpü oldu. Tələbələr gəlib özlərini sınayırdılar. Sonra müəyyən dövr keçdi teatr təmirə bağlandı. Sonra elə oldu ki, Gənc Tamaşaçılar Teatrına üç teatr birləşdi.  Və mən özüm geri çəkildim.

Müsahibələrinizin birində kitab yazacağınız barədə məlumat vermişdiniz.

Hələ də qeydlərim gedir. Mənim biləvasitə tərəf müqabili olduğum, böyük sənətkarlarla həyatda olan maraqlı hadisələri qeyd edirəm.

Aktyor həmin bu məzəli söhbətlərdən birini danışır:

-Ağasadıq Gəraybəyli  Sabit Rəhmanın  “Əliqulu evlənir” tamaşasında Əliqulu rolunu ikinci dəfə idi ifa edirdi. Artıq 84-85 yaşı var idi onda. Biz də onu təbrik eləmək üçün getmişdik.  Getdim gülü təqdim elədim, təbrikimi dedim. Gördüm kişi çox kövrəldi, gözündən yaş gəldi. Qayıtdı ki, “çox sağ ol oğlum, çox sağ ol, mən çox razıyam səndən. Mən amma bircə şeydən heyfslənirəm ki, kaş ki atam sağ olaydı, mənim bu günümü görəydi”. (gülür)

Uşaq. Bayaq da dedim. 84-85 yaşında deyir ki, kaş atam sağ olaydı,məni səhnədə görəydi. Danışanda adamın tükləri biz-biz olur.  Nə qədər təmiz, məsum. Bax budur aktyorluq, budur aktyor sənəti.

İlham müəllim, kifayət qədər həyat təcrübəsi olan bir insan kimi sonda gənclərə nə kimi tövsiyələrinizi verə bilərsiniz?

-Tövsiyə  deyəndə ki.. Mən də İnterneti çox sevirəm, İnternetdən yaxşı mənada məlumat toplamağı sevirəm. Amma kitab oxumağı yaddan çıxartmasınlar.  Heç olmasa gənc yaşda Deyl Karnegi oxusunlar – “Necə dostları qazanmalı və insanlara təsir etməli”. Biz o dövrdə Karneginin üç cilddə rus dilində olan kitabını ayrı-ayrılıqda tapıb oxuyurduq. Amma indi Azərbaycan dilində o kitab tərcümə olunub. Heç olmasa ona müraciət eləsinlər.

Bilirsiniz, kitab oxumaq saflaşmaq deməkdir. Kitab oxumaq insanın təmizlənməsi deməkdir. Kitab oxumaq insanın təfəkkürünün dəyişməsi deməkdir. Ona görə də kitaba qayıtmaq  lazımdır. Bu vacib, vacib, ən vacib məsələdir.

Hazırladı:
Əsli Axundova
Cavid Mehdiyev

Öncəki xəbərNövbəti xəbər