Podkastlar, ZZ-Manşet

“Sərçə” ləqəbli xalq artisti

İfası ilə bizi uşaqlığımıza aparan və nostalji hisslər yaşadan Azərbaycanın xalq artisti Oqtay Ağayev…
1934-cü ildə Bakıda anadan olan Oqtay Ağayevin uşaqlığı böyük Vətən müharibəsi illərinə təsadüf edir. Yaşadığı çətinliklərə baxmayaraq kiçik yaşlarından Oqtay bəyin musiqiyə böyük həvəsi olur.

O, 1953-cü ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Vokalın sirlərini o dövrün tanınmış müğənnisi Sofya İvanovna Xalfendan öyrənən Oqtay Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini Bülbülün tələbəsi Firudin Mehdiyevin sinifində davam etdirir.

O, 60-cı illərdə “Qaya” qrupunda solist kimi fəaliyyətə başlayıb. Orkestrin terkibində “Bakı”, “Tez gəl, yar”, “Trevojnaya molodost” mahnılarını ifa ediblər. Qrup üzvləri tez-tez xarici səfərlərdə olur, dünyanın dörd bir yanında möhtəşəm konsert proqramı ilə çıxış edirdi. O vaxtlar orkestrin tərkibində futbol komandası var idi. Hansı şəhərə yollanırdılarsa, məşqdən sonra yataqxananın yaxınlığındakı stadionda futbol oynayırdılar. Bir qayda olaraq, hər dəfə də Oqtay bəy qapıçı təyin olunurdu. Hərdən getdikləri şəhərin komandaları ilə də futbol oynayırdılar.

Kremil sarayında 11 konsert verən Oqtay Ağayev SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olur. Səfərlərinin birində bəstəkar Tofiq Əhmədovdan Bülbülün gəlib-gəlmədiyini soruşanda o, Oqtay Ağayevi göstərərək “Bülbül yoxdu amma Sərçə burdadır” deyə bir zarafat edir. Elə o vaxtdan da gənc müğənninin ləqəbi “Sərçə” qalır.
Oqtay bəy Ağayev Tacikistana səfəri zamanı əslən Leninqrad şəhərindən olan Nadejda adlı bir xanımla tanış olur. Konsertdən sonra onu özü ilə Bakıya gətirir və ailə qurur. Bu evlilikdən onların bir oğlu olur. Müğənni xalq artisti Rəşid Behbudovun şərəfinə oğlunun adını Rəşid qoyur.

Oqtay Ağayev 1968-ci il Moskva səfərində “Camayka” mahnısını ifa etdikdən sonra dinləyicilər onu səhnədən buraxmırlar. Bundan sonra gənc müğənniyə bu mahnını ifa etmək konsert təşkilatçıları tərəfindən qadağan edilir. Sonrakı günlərdə konsertlərin birinə gələn mədəniyyət naziri xanım Furtsova Oqtay bəyin nə üçün “Camayka” mahnısını ifa etməməsi ilə maraqlanır. O, məsələdən xəbərdar olandan sonra qadağa aradan qaldırılır. Hətta gənc müğənni bu ifaya görə nazir tərəfindən “Şərəf” nişanı ilə də təltif olunur. Xanım Furtsova Ağayevlə görüşü zamanı ona Moskvada qalmağı və yaradıcılığını burada davam etdirməyi təklif edir. Lakin o Bakıdan və ailəsindən ayrı qala bilməyəcəyini deyib ölkəsinə geri dönür.

oqtay-agayev

O, Azərbaycandakı iki ən böyük estrada orkestrinin solisti olub. 1970-ci ilə qədər bəstəkar Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti kimi fəaliyyət göstərib. Onun “Qaytar mənim eşqimi”, “Azərbaycanım mənim”, “Yadındamı ötən günlər”, “Eşqimin bəxti”, “Kimsən sən”, “Sən ey uşaqlıq” ifaları bu gün də sevilərək dinlənilir.

Özünü bir müddət kino sahəsində də sınayan Oqtay bəy Ağayev rejissor Arif Qazıyevin 1970-ci ildə çəkdiyi “Toyda görüş” filmində müğənni rolunu ifa edir. 20 ildən sonra isə Vaqif Mustafayevin “Yapon və Yaponiyalı” filmində milis rəisi obrazını canlandırır.

O, həmçinin bir çox məşhur Azərbaycan filmlərinin musiqilərini ifa edib. Bunlara “Şərikli çörək”, “O qızı tapın”, “Dağlarda döyüş” və başqalarını misal çəkmək olar.

Sənətkar 90-cı illərdə təqaüdə çıxır. Həmin dövrdə yaşayış çətin olduğundan ailəsini dolandıra bilmək üçün Oqtay bəy Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gözətçi kimi çalışır. Bir müddət sonra yenidən səhnəyə qayıdan Ağayevə 2000-ci ildə “Xalq artisti” adı verilir. O, “Əməkdar artist” adı almadan birbaşa “Xalq artisti” adına layiq görülən üç nəfərdən biridir.

2005-ci ildə yeganə övladı Rəşidi itirən Oqtay bəy Ağayev oğlundan sonra cəmi bir il yaşayır. 2006-cı ilin 14 noyabr tarixində 72 yaşında dünyaya gözlərini əbədi yumur. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçirildikdən sonra xalq artisti Yasamal qəbristanlığında dəfn edilir.

Hazırladı: Gülnar Xıdırova

Öncəki xəbərNövbəti xəbər