GSR TV, Reportaj, ZZ-Manşet

“Sərgilər yaratdıqlarının üzə çıxmasında sənətkarlara köməkdir”

Oktyabr ayının 1 və 2-i tarixində “Azərbaycan Sənətkarlarının Qızıl Əlləri” adlı sərgi- yarmarka keçirilib.

Müxtəlif səpkidə əl işləri təqdim olunan sərginin təşkilatçısı Ella Bağırova sərginin təşkili üçün sənətkarları bir yerə toplamağın asan olduğunu, lakin alıcı qabiliyyətinin zəif olduğunu bildirir:

“Həmin sərgidə 73 nəfər sənətkar iştirak edir. İşlər müxtəlifdir. Taxtadan, parçadan, gildən, dəmirdən,  şüşədən hər bir materiala rast gələ bilərsiniz burada.  Hər dəfə bir sərgi təşkil edəndə təzə-təzə sənətkar bizə qoşulur, sərgimiz daha da populyarlaşır”.

Sərgilərdə tez-tez iştirak etdiyini qeyd edən xalçaçı Bədirə Əliyeva bildirir ki, Azərbaycanı xarici ölkələrdə də təmsil edir:

“3 gün bundan əvvəl Fransadan sərgidən gəlmişəm. Azərbaycan günləri idi. Əl işlərim əsasən mənim muncuqlardır, biserlə muncuqdan xalçalar edirəm, indi təəssüf ki, hələ əl işlərimiz Fransadan gəlməyib, ona görə xalçalarımı gətirməmişəm. Kiçik aksesuarlar da hazırlayıram, üstündə xalçalarımızın fraqmenti olan aksesuarlar. Həm xaricdə, həm burada çox maraq doğurur. Xalçalarımızı təmsil edirik”.

Könül Əzimova sərgidə yağlı boya işlərini təqdim edir. Rəssam və xalçaçı olan xanım qeyd edir ki, rəssamlıq onlarda ailədən gəlir. O, daha çox xovsuz xalçalar hazırlamağa üstünlük verdiyini, lakin bunun çox vaxt tələb etdiyini bildirir:

“Burada mən yağlı boya işimlə, bir də kilim-palaz işimlə, qarışıq-texnika işimlə iştirak edirəm. Bələ sərgilər yaradıcı insanların yaratdığı işlərin üzə çıxmasına kömək edir”.

Sahib Verdiyev sərgidə avtomobilin ehtiyat hissələrindən hazırladığı tamam başqa əşyaları nümayiş etdirir.  Sənətkar bildirir ki, bu işlə ilk dəfə maraq üçün məşğul olub. Onlar 5 nəfərlik kollektivlə əl işləri yaradıblar. İlk  sərgisində iştirak edən Sahib bəy onu da qeyd edir ki, hazırda sərgidə əl işlərini nümayişə çıxarıb, satış haqında düşünməyi isə sonraya saxlayıb:

“Özüm maşın emalatxanasında maşın mexaniki işləyirəm, sadəcə boş vaxtlarımda fikirləşdim ki, belə işlərlə, maraqlı işlərlə məşğul olum. İki ay yarımdır ki, başlamışam bu işlərlə məşğul olmağa. Yəni, boş vaxtımı asudə keçirtmək üçün sırf fikrimi yönəltmişəm buna. İşdən sonra qalıram gündə iki saat, üç saat bu işlərlə məşğul oluram”.

Sərgiyə gələn alıcılardan biri Cəmilə Şıxəliyeva, əsasən,  rəsm işlərinə diqqət yetirdiyini və bunu öz ixtisası ilə əlaqələndirdiyini bildirir:

“Açığı, məni əsasən yağlı boya, sulu boya belə əsərlər maraqlandırır. Amma dekorativ tətbiqi sənətdə olan əsərlər də mənim diqqətimi çəkdi”.

Qeyd edək ki, “Azərbaycan Sənətkarlarının Qızıl Əlləri”  adlı bu sərgi son 3 il ərzində təşkil olunan sayca  19-cu sərgidir.

 

Öncəki xəbərNövbəti xəbər