Bloq, P.S, ZZ-Manşet

Səssiz ölün, əziz intiharçılar - Bloq

korpuİntihar cəsarət işidir. Amma romanlarda, kinolarda, ən yaxşı halda şairlərdə. Digər bütün hallarda həyatın dözülməzliyi intihar edib, başqalarına əzab vermək haqqı qazandırmır sənə. Bu nə eqoistlikdir axı, canından bezən insan tipi yaradıb intihar eliyirsiniz, amma özünüzü o qədər çox istəyirsiniz ki, ölümünüzlə başqalarına təsir etmək, əzab vermək eşqinə düşürsünüz. Məncə, ölməyə qərar vermisinizsə, olayı dramatikləşdirməyə və əlavə qayğıları düşünməyə ehtiyac yoxdur. Ölürsənsə, şəxsi qərarın, seçimindir, hörmətlə yanaşıram, sənə canı mən verməmişəm ki, ölmə, öldürmə deyim. Amma, lütfən, öləndə mənim yolumun üstündə ölmə.

Elə bilirsiz, mənə həyat güldür-çiçəhdir. Hər kəsin qayğıları, çətinlikləri var. Hər kəs mübarizədədir. Bax, diqqətlə oxu və inan ki, hər kəsə çətindir. Nə isə sözüm onda deyil, dərdim odur ki, intihar eliyəndə şou göstərməyin. Məsələn, Əzizbəyov metrosunun yaxınlığında olan körpünün üstünə çıxıb özünüzü atmayın. Hər gün o körpünün altından minlərlə insan keçir. Sizin intihardan ən azı 1-2 ay keçənə qədər o insanlar sizi düşünür. Qəlbləri ağrayır, pis emossiyalarla yüklənirlər, əhvalları korlanır, hələ ürəyi zəif olanlar əzab da çəkirlər, bəziləri qorxur. Ölüb canınızı qurtarırsınızsa, niyə başqalarına mənfi enerji yükləyirsiniz? Cəhənnəmə gedən özünə yoldaş axtarar deyimi, sizə həsr olunub? Yox, bu məcazi mənada idi, niyə realda tətbiq edirsiniz ki?

Mütləq bu intihar işini təbliğ etməlisiniz? Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı deyəndə, ta deməyiblər ki, get vətənin hər yerində, xüsusən də ictimai yerdə canına qəsd et, başqalarının da qanını qaralt. Mən yaşamağı seçmişəm, niyə gözümün qabağında ölürsən? Məqsədin təkcə ölməkdirsə, məndən məsləhət, get qəbirstanlığa, elə məhz ölümün yeridir, get qəbirstanlıqda intihar elə. Özündən sonra məktub yazma, lütfən, facebook statusu da, mediada işıqlandırılımasına da şərait yaratma. Belə səssiz get, xəbərim olmasın. Mən hələ ən azı 60 il də yaşamağa iddialıyam. Günümü-güzəranımı qaraltmayın. Öz şəxsi həyatınızı və şəxsi seçiminizi ictimailəşdirməyin. Mənim kədərlənməyimin sizə bir faydası yoxdur. Yox, ictimai yerdə intihar etməkdə məqsədiniz – camaat çox olan yer olsun, bəlkə kimsə sizi xilas eləyə – dirsə, dedim axı, millətin işi-gücü, problemi çoxdur, kimdir sizin qayğınızı çəkən, gedin öz həyatınızı yaşayın. Yaşamırsınızsa səssiz ölün.

Ümumiyyətlə intihar yaxşı əməl deyil. Yəni türklər demiş, “tripin kime?” Gedib orada “Mənə çox əzab verdin, bir gün yaşatmadın”, deyəcəksən, “Sınaq idi, ardından gözəl həyat var idi” deyəcək, sonra “Cəhənnəmə xoş gəldiniz”. Ən qorxulusu isə sonranın olmamaq ehtimalıdır, intihar, xırp və səssizlik. Daha ardı yoxdur. Nə cənnəti, nə cəhənnəmi, sadəcə yox olursunuz. Torpaq, su vəssalam.

Yaşayın, gözəl insanlar ! Yağışı, günəşi, küləyi hiss etmək, nəfəs almaq gözəldir.

Müəllif: Nuranə Rəhimova


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər