Reportaj, ZZ-Manşet

“Sevgi rəssamların gözü ilə” adlı sərgi-müsabiqə keçirilib

Bir çox rəssamın fəaliyyətini sevgi və məhəbbətdən doğan yaradıcılıq nümunələri təşkil edir.  Sevgi dünyanı daha da gözəlləşdirən sənət əsərlərinin ərsəyə gəlməsində müstəsna rol oynayır.

GSR.fm xəbər verir ki, iyunun 30-da Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin dəstəyi ilə “Sevgi rəssamların gözü ilə” adlı sərgi-müsabiqə keçirilib. Müsabiqədə rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət əsərləri sərgi iştirakçılarına nümayiş edilib. Tədbirə müxtəlif yaş qruplarından rəssamlar və dekorativ sənət ustaları öz əsərlərini təqdim ediblər. Hər janr üzrə 1, 2 və 3-cü yerlər diplom və hədiyyələrlə mükafatlandırılıb. Sərgidə 160 rəssam 180 əsərlə çıxış edib. Layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçı isə Aygün İsgəndərovadır.

Tədbirin həmin tarixdə baş tutması heç də təsadüfi deyil. Hər il iyun ayının son günü Azərbaycanda “Sevgililər günü” kimi qeyd edilir. Bu tarix Azərbaycanın bütövlüyü uğrunda, 20 Yanvar faciəsində şəhid olmuş İlham Allahverdiyev və onun yoxluğuna tab gətirməyib canına qəsd edən həyat yoldaşı Fərizənin xatirəsinə həsr olunur. Sərgidən öncə tədbir iştirakçıları Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarını ziyarət edərək xatirələrini yad ediblər.

Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Əməkdar artist Naina İbrahimova, bəstəkar Vüqar Camalzadə, televiziya aparıcısı Saleh Bağırov və digər incəsənət nümayəndələri çıxış ediblər. Tədbirə, həmçinin İlham və Fərizənin ailə üzvləri də qatılıb.

Xalq rəssamı Ağaəli İbrahimov bu cür sərgilərin gənc və ustad rəssamlar arasında əlaqələrin genişləndirilməsində vacib faktor olduğunu söyləyib. Rəssam bu amilin sənətə məhəbbəti daha da artırdığını vurğulayıb:

“Sərgidə məktəbli, gənc və tanınmış rəssamlar iştirak edir. Burada rəngkarlıq, qrafika, sulu boya, xalq sənət əsərləri sərgilənir. Bu cür tədbirlər, təbii ki, incəsənətin inkişafında böyük rol oynayır. Sərginin keçirilməsində əməyi olan hər kəsi təbrik edir, uğurlar arzulayıram”.

Azərbaycan Rəssamlar İttifaqının üzvü və layihə rəhbəri Elnurə İsgəndərova tədbirə təşrif buyuran qonaqlara minnətdarlığını bildirib. O qeyd edir ki, müxtəlif yaş təbəqələrindən olan rəssamlar öz əsərlərini sevə-sevə sərgi üçün təqdim ediblər:

“Bizim dastanlardan oxuduğumuz Leyli və Məcnun, Əsli və Kərəm obrazları sevgi simvolu olub. Bu gün isə, biz Fərizə və İlhamın timsalında bu sevgini yaşatmağa çalışırıq. Torpağı, vətəni və bir-biriləri üçün istər yaşamağı, istərsə də ölməyi bacardılar. Sərgi onların daim yaşayacaq ruhuna həsr olunur”.

Xətai Sənət mərkəzinin direktoru Zahid Əvəzov sərgi-müsabiqə zamanı fərqli mühitin olduğunu qeyd edib. Onun fikrincə, sevgi və rəssamlıq ayrılmaz mövhumlardır:

“Sevgi rəssamın gözü ilə əslində çox böyük mövzudur. Fərqli yanaşma, fərqli mövzular, fərqli əsərlər insanların sevgiyə münasibəti məni çox sevindirdi. Fərizə xanımın anasının burada olması bizə qürur verdi”.

Sərgi-müsabiqənin qaliblərindən, rəssam-modelyer Xuraman Novruzova tədbirin təşkilatçılıq baxımından yüksək səviyyədə hazırlandığını deyir və layihə rəhbərlərinə minnətdarlığını bildirib.

Hazırladı: Nicat Məmmədov

Öncəki xəbərNövbəti xəbər