Reportaj, ZZ-Manşet

“Soyuq əllər isti ürək” yarmarkası davam edir - Reportaj

soyuq2Dekabrın 1-də “Nərgiz” fondunun təşkilatçılığı ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası işə başladı. Artıq 3 ildir ki, təşkil olunan yarmarkadan əldə edilən xeyir müxtəlif uşaq evlərində olan uşaqların müaciləsi, əməliyyatı və maddi ehtiyaclarına sərf edilir.

Builki yarmarkada təşkil olunan sürpriz və əyləncələr Yeni il əhvalı yaradır. Həmçinin burada endirimlə satılan müxtəlif qış aksesuarları, kitablar, toxunma şərflər və  bijuteriyalardan  dostlarınız və yaxınlarınız üçün də hədiyyələr ala bilərsiniz. Yarmarka “Biz Mələyik” şüarı altında fəaliyyət göstərir.

GSR.fm olaraq yarmarka haqqında iştirakçıların və satıcıların fikirlərini öyrənmək üçün Fəvvarələr meydanına yollandıq. Satıcı Aytac Tahir bildirdi ki, yarmarka insanlar tərəfindən müsbət qarşılanır və alıcıların da sayı kifayət qədərdir:

“Biz əsasən qış aksesuarları və bijuteriyalar satırıq, amma Yeni il ilə əlaqədar olaraq aksesuarlara maraq daha çoxdur. Gün ərzində 20-30 nəfər yaxınlaşır, onlardan isə təxmini 10 nəfəri alış-veriş edir. Hər şey normal gedir. Yarmarka ayın sonuna kimi davam edəcək” .

soyuq

Digər satıcı Günel Məhərrəmova isə fəvvarələr meydanından yolu düşən insanların əksəriyyətinin yarmarkaya da baş çəkdiyini dedi:

“Yarmarka demək olar ki, alıcıların yarısının diqqətini çəkir. Çünki alıcılar fərqlidir. Satılan əşyaların bahalı və ya ucuz olması onlar üçün fərq etmir. Yaxınlaşdıqları zaman məlumatı olmayanlara xeyriyyə aksiyası olduğunu da qeyd edirəm. Demək olar ki, gün ərzində buradan keçənlərin 90%-i  yaxınlaşır. Boş-boşuna da olsa, alan da olsa, gəlirlər, o qədər də güclü satış olmur” .

Yarmarkaya gələn şəhər sakini Bəsti Allahverdiyeva qeyd etdi ki,  yarmarkadan  yararlanmaqla həm öz ehtiyaclarımızı ödəyə, həm də ehtiyacı olan uşaqlara xoşbəxtlik bəxş edə bilərik:

“Düşünürəm ki,  bu cür xeyriyyə yarmarkalarının keçirilməsi hər kəs üçün yaxşıdır. Həm alan şəxslər faydalanacaq, həm də pul vəsaitinin bəxş ediləcəyi kimsəsiz uşaqlar. Qiymətlər də  çox sərfəlidir. Elə bu dəqiqə dostumla bərabər eyni qolbağı alıb, sərgidən yararlandıq. Keçən il də eyni yarmarka keçirilişmişdi, onda da iştirak etmişdik. Hər şey çox yaxşıdır” .

Digər alıcı Raminə Nəsirova da öz fikirlərini bizimlə bölüşdü:

“Sevinirəm ki, belə bir yarmarka təşkil olunub və ən azından kimsəsiz uşaqlara bir vasitə ilə köməyimiz toxuna bilər. Mən özüm də yarmarkadan yararlanıram. Ümid edirəm ki, bu yolla biz onları az da olsa sevindirə bilərik”.

Yarmarkaya müxtəlif yaş qruplarından olan alıcılar gəlir. Gənclərdən fərqli olaraq yaşlı nəslin nümayəndəsi Həsənov Rafiq keçənilki yarmarka ilə müqayisədə bu il daha da müsbət dəyişiklər olduğunu vurğuladı:

“Yarmarkaya ailəmiz ilə bir yerdə təzə qoşulmuşuq. İlk baxışdan hər şey əladır. Keçənilki yarmarka ilə müqayisədə çox dəyişiklər var. Keçən il sadəcə bazar təsiri bağışlayırdısa, builki yarmarkada əyləncəyə də üstünlük verilib. Bu halda yarmarkaya gələnlər tək alış-verişlə kifayətlənmirlər. Həmçinin onların oturub, istirahət etmələri üçün məkanlar da təşkil edilib” .

Qeyd edək ki, “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası dekabr ayının 31-nə qədər davam edəcək.


Hazırladı : Xatirə İsmayılova

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generic ventolin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.