Sosial, Xəbərlər, ZZ-Manşet

Stənfordlu professor ADA Universitetində seminarlar keçirəcək

poster-big-data-01-poster

Azərbaycan ACM Bölməsi və ADA Universiteti tələbə və mütəxəssisləri 15-17 aprel “Big Data Weekend” seminarlarına dəvət edir. İnformatika sahəsinsində məşhur alim, bir qədər əvvəl Stənford Mühəndislik Fakültəsinin dekanı seçilmiş Professor Cennifer Uidom (Jennifer Widom) ADA Universitetində böyük ölçülü verilənlər (“big data”) barəsinə təqdimat edəcək, daha sonra üç gün ərzində tələbə və mütəxəssislər üçün seminarlar keçirəcək.

GSR.fm-in verdiyi məlumata görə, “Böyük ölçülü verilənlər: perspektivlər və problemlər” mövzusunda ümumi təqdimat 15 aprel, saat 10.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. ADA Universitetindən kənar qonaqların iştirak etmək üçün 13 aprel, saat 12.00-a qədər “Təqdimat iştirakçısı” kimi qeydiyyatdan keçməyi xahiş olunur: https://big-data- 2017.eventbrite.com/ Təqdimat ingilis dilində diləcək və hər kəsə açıq olacaq.

Əgər ingilis dilini yaxşı bilməklə yanaşı məntiq və sadə riyaziyyatdan xəbərdarsınızsa, təməl proqramlaşdırma bacarıqlarınız varsa, üç gününüzü tamamən laptopunuzla sinif otağında keçirməyə hazırsınızsa, “Seminar iştirakçısı” kimi qeydiyyatdan keçə bilərsiniz. Seminarda iştirak üçün ərizələrin qəbulu 10 aprel, saat 18.00-a qədər davam edəcək, seçilmiş iştirakçılara e-poçtla məlumat veriləcək. 15 aprel ümumi təqdimatdan sonra seminarlar 16-17 aprel, saat 9.30-dan 18.00-a qədər ADA Universitetinin B Binasında davam edəcək. Təlim ingilis dilində aparılacaq.

“Big Data Weekend” (“biq deyta uikend”), yəni “Böyük Ölçülü Verilənlərlə Həftə Sonu” adlanan bu qısa kurs çərçivəsində Prof. Uidomun təqdim etdiyi seminarlar verilənlərin analizi və vizualizasiyası, maşın öyrənməsinin əsasları kimi mövzuları əhatə edəcək. Azərbaycan ACM Bölməsi icraçı şurasının üzvü, ADA Universitetinin baş müəllimi Dr.Araz Yusubov izah edir: “Bu, çox maraqlı və intensiv bir kursdur. Təqdimatlar tələbələrlə sual-cavab, birgə tapşırıqların həlli, Piton proqramlaşdırma dilində praktik məşğələlərlə müşayiət olunacaq”.

Prof. Uidomun Azərbaycana səfəri onun 2016-17- ci tədris ili ərzində 4 qitədə yerləşən 15-dən çox ölkədə verdiyi açıq seminarlardan ibarət Tədris Odisseyasının bir hissəsidir. Bu barədə daha geniş məlumatı https://www.professorwidom.org/ ünvanından almaq olar.

Öncəki xəbərNövbəti xəbər