Magazine, ZZ-Manşet

“Şur” filminin 50 illik yubileyi qeyd olunub

İyulun 4-də Milli Muğam Mərkəzində “Şur” filminin 50 illiyinə həsr olunan tədbir keçirilib. Azərbaycan televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə keçirilən gecədə filmin rejissoru Arif Qazıyev, Xalq artisti Əlibaba Məmmədov və Əməkdar İncəsənət Xadimi Fazil Hadıyev filmin çəkilişi ilə bağlı xatirələrini tamaşaçılarla bölüşüb. Daha sonra “Şur” televiziya filmi təqdim olunub.

Filmin  nümayişindən sonra “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiəti ilə Əməkdar artistlər- Nuriyyə Hüseynova, Azad Şükürov, Səbuhi İbayev, Fehruz Səxavət, xanəndələr Ayşən Mehdiyeva, Aytən Məhərrəmova, Abgül Mirzəliyev və başqalarının ifasında muğam, xalq və bəstəkar mahnıları səsləndirilib.

Gecənin sonunda təəssüratlarını “Kişi Maqazin”ə danışan filmin rejisoru Arif Qazıyev belə tədbirlərin muğamın inkişafı və dünyaya yayılmasında böyük rolunun olduğunu vurğulayır:

“O dövrdə film çəkmək asan deyildi. Biz bir ilkə imza ataraq “Şur” muğamı haqqında film çəkdik. Bizim üçün fəxrdir ki, 70-ci illərdə bu film dünyanın bir çox ölkəsində yayımlandı. Muğamla bağlı film çəkmək üçün gərək muğamı biləsən. Mən muğamı uşaqlıqdan bilirəm. Çox istərdim ki, digər muğamlarımıza da belə film çəkilsin. Təəssüf ki, gənc rejissorların belə filmlərin çəkilməsinə marağı yoxdur. Azərbaycan Respublikasının vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkür edirəm ki, onun təşəbbüsü ilə tez-tez muğam müsabiqələri keçirilir. Artıq harda bayram varsa, orda “Şur” var”.

“Şur”un azərbaycan musiqi ictimaiyyətinə, musiqi mədəniyyətinə böyük töhfə verdiyini deyən “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov filmi azərbaycan film arxivinin qızıl fondu adlandırıb:

“Şur”televiziya filmi ekranlarda  canlanarkən neçə-neçə muğam ifaçısı bu filmi izləyərək muğam sənətinə qədəm qoyublar. Bu filmdə biz milli-mənəvi dəyərlərimizi, azərbaycançılğımızı görürük. “Şur”u seyr edən hər azərbaycanlı iftixar hissi duyur. O hiss ki, bizi keçmişimizə qaytarır”.

Gecədə “Gəl inad etmə” “Şur” təsnifini  ifa edən Əməkdar artist Nuriyyə Hüseynova tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib:

“Belə muğam gecələrinin olması milli-mənəvi sərvətimizin qorunub saxlanılmasıdır. Belə tədbirlər insanlara xalq musiqisini aşılayır, onlarda xalq musiqisinə maraq oyadır. Mən həmçinin, “Şur”un “Bərdaş” və “Mayə” şöbələrini ifa etdim”.

Digər tədbir iştirakçısı Sankt-Peterburqdakı Azərbaycan Gənclər Təşkilatının prezidenti Zakir Nəbizadə isə görkəmli muğam ifaçıları ilə tanış olduğu üçün şad olduğunu dilə gətirib:

“Tədbir çox xoşuma gəldi. Mədəniyyətin və incəsənətin dəyərli hissəsi kimi muğam dünya musiqiləri arasında mühim yer tutur. Çox şadam ki, bugünkü tədbirdə muğama geniş yer verildi. Həqiqətən də, muğam dinləmək adama zövq verir. Daha öncə bu filmə baxmamışdım. Qısa zamanda təkrar izləməyi düşünürəm”.

Qeyd edək ki, 1967-ci ildə səhnələşdirilən “Şur” filmində Əhməd Bakıxanovun başçılıq etdiyi Xalq Çalğı Alətləri Ansamblında Əlibaba Məmmədov, Arif Babayev, İslam Rzayev, Əbülfət Əliyev iştirak ediblər.

Öncəki xəbərNövbəti xəbər